Türkiyənin İdlib əməliyyatından sonra PYD-nin işğal etdiyi Afrinə yönələcəyi bildirilir.
Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, sərhəd boyunda yerləşən 10 mindən çox əsgər İdlibə qarşı geniş miqyaslı əməliyyat üçün əmr gözləyir.
Türkiyə Silahlı Qüvvələri əməliyyat öncəsi müəyyən edilən 3 strateji nöqtəni prioritet hədəf kimi müəyyənləşdirib. Cümədən şənbəyə keçən gecə Azad Suriya Ordusunun girdiyi İdlib şəhərinə dəstək üçün Türkiyə ordusu top atəşinə başlayıb. Digər tərəfdən İdlibdə bəzi divarlara “Türk qardaşlarımız xoş gəldiniz” yazılıb.
Türkiyənin İdlibdən sonra, PKK/PYD-nin işğal etdiyi Afrinə hücum edəcəyi qeyd olunur. “Yeni Şafak” qəzetinin yazdığına görə, İdlibə müdaxilə ilə TSK Hatay vilayətinin şərqində, İdlibin isə şimalında qalan Afrini hər nöqtədən mühasirəyə alıb. Çünki, Afrinin şimalı və qərbi Türkiyə ilə sərhəddir. Şərq hissəsi isə “Fərat Qalxanı” regionu ilə əhatə olunmuş vəziyyətdədir.
Türk əsgəri və ASO Afrində olan PKK/PYD-nin önündə qalın bir sədd yaradıb. Xəbərə görə bu regiondan kənar çıxmaq istəyən terrorçular məhv ediləcək. İdlibdə təhlükəsizlik tam təmin olunduqdan sonra, Afrin PKK/PYD-dən alınacaq.