“Serj Sarkisyan hətta Vladimir Putini minnətçi salıb”
Ermənistan Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunu raket atəşinə tuta bilər.
Boyukmillet.com-ın İstipress-a istinadla məlumatına görə, bu barədə erməni şərhçi Akop Badalyan Ermənistanın “Lragir” portalında BTQ-nin açılışı ilə bağlı yazdığı təhlil məqaləsində bildirib.
Akop Badalyan öz məqaləsində BTQ-nin açılış mərasimi günlərində Ermənistan prezidenti Serj Sarkisyanın Rusiyanın “RİA Novosti” agentilyinə verdiyi müsahibəsidə Rusiyadan alınan silaşlardan danışmasına toxunub: “Diqqətə layiqdir ki, Sarkisyan silah alınmasından danışır, bununla da sərt işarə vurur ki, Bakı-Qars yolu Ermənistan üçün hədəfə çevrilə bilər, eləcə də Bakı-Ceyhan neft kəməri”.
Akop Badalyanın bu ifadəsi həm Azərbaycanda, həm də Gürcüstanda birmənalı qarşılanmayıb. Yerli mətbuat bunu ciddi təhlükə sayıb və bunun da səbəbi var. İstər Akop Badalyan, istərsə də bəzi ermənipərəst Rusiya şərhçiləri BTQ-nin Ermənistandan çox, Rusiyanın əleyhinə layihə olduğunu iddia etməyə başlayıblar. Xüsusilə də BTQ-nin ermənilərin yaşadığı Cavaxetiya regionundan keçməsi Rusiya və Ermənistanın bölgəyə birgə müdaxiləsini ehtimal etməyə imkan verir.
Lakin Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli İstiPress-ə müsahibəsində bunu mümkünsüz sayır:
“Ermənistan BTQ-ni vura bilməz, çünki dəmir yolu beynəlxalq hüquq əsasında qorunur, bu, məsələ, təkcə Türkiyə və Azərbaycanın əleyhinə deyil, ABŞ və Avropa Birliyinin əleyhinə də getmək deməkdir. Əksinə İrəvan hətta BTQ-yə qoşulmaq istəyir. Serj Sarkisyan bunun üçün hətta Rusiya prezidenti Vladimir Putini minnətçi salıb”.
Qabil Hüseynlinin fikrincə, Ermənistan hətta tam ağılsızlıq edərək BTQ-ni vurarsa, Türkiyənin dəmir yolu dəhlizinə ordu yeritməsinə əsas vermiş olacaq:
“Yalnız Türkiyə deyil, Azərbaycan və Gürcüstan da Ermənistana qarşı sərt addımlar ata bilər. Bu həm də BMT səviyyəsində Ermənistana qarşı sərt sanksiyalara səbəb ola bilər”.
Deyilənlərdən belə çıxır ki, Ermənistan BTQ-ni vura bilməsə də, ondan yararlana bilər. Amma bir şərtlə – Ermənistan ordusu işğal edilmiş Azərbaycan ərazilərini könüllü şəkildə tərk etməlidir.
İndi top Ermənistan tərəfdədir – İrəvan ya işğal etdiyi əraziləri tərk edərək regional layihələrdən istifadə etməklə sonsuza qədər inkişaf yolu seçə bilər. Ya da bu ölkənin regional layihələrdən kənarda qalmış boş əraziyə çevrilməsinə çox qalmayıb. Onda Ermənistan dövlətçiliyini elə ermənilərin özləri məhv edəcək – yoxsul və yiyəsiz ölkədən çıxıb gedə bilməyən sonuncu ahıllar da öləcək və bununla da Ermənistan dövləti tarixə qovuşacaq. Vəssalam.