Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Hollandiya hökumətinin Türkiyə ilə düşmənçiliyinin pərdəarxası

3 gün sonra seçkilərə gedən Hollandiya siyasilərinin irqçi çağırışlarının arxasında yatan səbəblər

Gündəmin əsas hadisəsi Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun olduğu təyyarənin Hollandiyaya enməsinə izn verilməməsi və bundan sonra baş verən hadisələrdir. Bilindiyi kimi, Hollandiya hökuməti, parlamentdəki siyasi qrupların təşəbbüsü ilə Türkiyə hökumət rəsmilərinin ölkə ərazisində referendum təbliğatını qadağan edən qərar verib. ardınca isə Hollandiyaya gəlib referendum təbliğatı çıxışı etmək istəyən Çavuşoğlunun təyyarəsinə eniş icazəsi verilməyib.

Baş nazirin adından verilən açıqlamada Çavuşoğlunun Hollandiyaya buraxılmama səbəbi kimi “ictimai sabitlik” və “təhlükəsizlik” qeyd olunub.

Image result for hollandiya Türkiyə

Ancaq hər şey bundan sonra başladı. Quru yolu ilə Hollandiyaya gələn Türkiyə ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya Türkiyənin Rotterdam baş konsulluğuna buraxılmayıb. Nazirin konsulluq binasına girişini əngəlləyən Hollandiya polisi bir neçə saat davam edən mübahisə və müzakirələrdən sonra onu Almaniya sərhədinə qədər müşayiət edərək ölkədən çıxarıb.

Image result for hollandiya Türkiyə

Xatırladaq ki, oxşar münasibəti Almaniya və Avstriya hökumətləri də göstərib. Ötən həftə Berlin Türkiyə xarici işlər nazirinin ölkədə referendum çıxışını “təhlükəsizlik” səbəbindən qadağan edib. Avstriya hökuməti isə ümumiyyətlə, Avropa Birliyinin analoji qərar qəbul etməyə çağırıb. Bu hadisə Türkiyədə hökumət və müxalifət düşərgəsindən kəskin reaksiya doğurub. Məlumdur ki, Avropada, ən çox da Almaniyada (3 milyondan artıq – K.R) Türkiyə əsilli insan yaşayır. Onların böyük bir qismi seçicidir, referendumda iştirak edəcək. Bu mənada həm müxalifət, həm də iqtidar Avropanın bu addımını kəskin şəkildə tənqid edib, Türkiyə dövlətinə, demokratiyaya qarşı hərəkət olaraq qiymətləndiriblər. Əlbəttə, referendumda nazirin hökumət rəsmisinin təbliğat aparması və ya bu referendumun nəticələrinin Türkiyədə demokratiyaya hansı təsiri göstrərəcəyi ilə bağlı mülahizələr ola bilər. Bu, uzun müddətdir davam edir. Ancaq bir dövlətin başqa bir dövlətin rəsmi şəxsini, heç bir ciddi səbəb olmadan geri qaytarması, təyyarə enişinə icazə verməməsi və ya dövlətin qanuni ərazisi sayılan konsulluğa buraxmaması demokratiya tələbləri ilə uyğun gəlmir. Çünki söhbət bir siyasi partiyaya deyil, dövlətə qarşı münasibətdən gedir. Və ya qanunsuz olan məsələ ilə bağlı elə Hollandiyada yerləşən Haaqa Beynəlxalq Məhkəməsinə də müraciət etmək olardı. Ancaq hollandlar daha sərt addımı seçdilər.
Məsələ ondadır ki, hazırda Türkiyə dövləti və ya xalqı ilə adları qeyd olunan dövlətlər və xalqlar arasında düşmənçilik və ya anlaşmazlıq yoxdur. Yeri gəlmişkən, bir neçə gün əvvəl Türkiyənin ən böyük pərakəndə yanacaq satışı şirkətlərindən biri olan “Petrol Ofisi” Hollandiya şirkətinə satılıb. Eləcə də Almaniya və ya Avstriya arasında hansısa ciddi dövlətlərarası gərginlik yoxdur.

Bu problemin daha da böyüməsinin əsas səbəbləri siyasətçilərdə axtarılmalıdır. İldən-ilə Avropanın bir sıra ölkələri ilə Türkiyə arasında münasibətlərin soyuqlaşması müşahidə olunurdu. Bunu qarşılıqlı tənqidlər, verilən açıqlamalr və qərarlar da göstərirdi. Ancaq konkret olaraq son Hollandiya hadisəsinin “demokratiya müdafiəsi” adı qoyub hollandlara qahmar durmaq, yumşaq desək, ədalətsizlik olardı. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, məsələni hökumətlərarası siyasi anlaşmazlıq və ya demokratikləşmədən yayınma problemi narahatlığından dövlətlərarası gərginliyə çatdıran ilk əvvəl Hollandiya hökuməti oldu. Bu məsələnin Almaniyadan daha qabarıq şəkildə Hollandiyada üzə çıxması isə ordakı siyasi vəziyyət, daha dəqiqi, seçkilərlə bağlıdır.

Image result for hollandiya Türkiyə

Bir neçə həftə əvvəl də bu mövzuya toxunmuşduq. Hollandiyada 3 gün sonra, yən i martın 15-də parlament seçkiləri keçiriləcək. Məlum olduğu kimi, bütövlükdə Avropada genişlənən irqçilik çağırışları bu mövzuda daha həssas olan Hollandiyada özünü daha qabarıq göstərir. Ölkənin ənənəvi İslam və miqrant əleyhdarı çıxışları ilə tanınan siyasətçisi Gert Vilders bu seçkilərin favorit siyasətçilərindən biridir. Hətta o qədər ki, onun qalib gələcəyi, ya da ilk üçlükdə olacağı ehtimalları haqda danışılır. Ən maraqlısı isə odur ki, məhz ölkədəki irqçi və miqrant əleyhinə çağırışların populyarlaşması nəticəsində hazırkı hökumət başçısı Mark Rutte də seçki kampaniyasında miqrantlar əleyhinə şüarların sayını artırıb. Məsələn, baş nazirin bu ilin yanvar ayında yayınlanan seçki kampaniyası şüarında “Hollandiyanı bəyənmirsən, çıx get öz ölkənə” deyə yazılırdı. Hətta buna görə, onun ən yaxın rəqibi Ruttenin irqçi şüarları ondan oğurlamasına işarə edərək “orijinal hər zaman daha yaxşıdır” deyə kollajlı seçki plakatı yaymışdı.

Hollandiya hökumətinin bu qərarının daha çox seçkilərə hesablandığı, Türkiyəyə qarşı sərt mövqe qoymaqla hökumətin sürətlə sağa meyillənən seçicilərin dəstəyini almağı düşündüyünü söyləmək olar. Çünki bu addım mahiyyət etibarı ilə avropalıların Türkiyəni özlərindən daha da uzaqlaşdırmasıdır. Maraqlıdır ki, bu hadisə Türkiyədə də əks reaksiya doğuracaq, hökumətə dəstəyi daha da artıracaq. Artıq bunun nişanələri də var. Bu addımın Türkiyədə demokratiyanı dəstəkləmək olduğunu düşünmək yanlış olardı. İstənilən halda bu qərar siyasətçilərin cari maraqlarına hesablanmış, nəticə etibarı ilə irqçiliyi daha da tətikləyən bir addımdır. Bu isə ənənəvi Avropa dəyərlərinə də ziddir.

musavat.com

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir