Cümə , 18 İyun 2021
Home » Dünya » İstanbulda 28 May – Respublika Günü münasibəti ilə təntənəli mərasim keçirilib

İstanbulda 28 May – Respublika Günü münasibəti ilə təntənəli mərasim keçirilib

Türkiyənin İstanbul şəhərində 28 May – Respublika Günü münasibəti ilə təntənəli mərasim keçirilib. 

“Report”un Türkiyə bürosunun verdiyi məlumata görə, tədbir Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə baş tutub. 

Mərasimdə baş konsul Məsim Hacıyev və rəhbərlik etdiyi diplomatik korpusun əməkdaşları, İstanbul şəhərinin valisinin müavini, bələdiyyə sədrləri, hərbi attaşelər, diplomatlar, Türkiyədə fəaliyyət göstərən Azərbaycan nümayəndəliklərinin, şirkətlərinin və dərnəklərinin təmsilçiləri, rektorlar, elm adamları, tələbələr iştirak ediblər.

Tədbir Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Mərasimi M.Hacıyev açaraq Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixçəsindən danışıb. O, tarixin çətin və keşməkeşli illərində, min bir əziyyətlə yaradılan cümhuriyyətin 23 aylıq müddətdə bu gün qüdrətli ölkəyə çevrilmiş Azərbaycanın bünövrəsinin təməl daşlarını qoyduğunu deyib. Azərbaycan və Türkiyə qardaşlığının ölkəmizin müstəqillik tarixinə də qızıl hərflərlə yazıldığını deyən M.Hacıyev tarixi faktlara nəzər salıb: “Təsadüfi deyil ki, cümhuriyyət qurulduqdan sonra – 1918-ci ilin sentyabrında Bakı Nuri Paşanın komandanlığı altındakı Qafqaz-İslam Ordusu tərəfindən erməni daşnaklarından təmizlənib, respublikanın paytaxtı elan edilib. Həmçinin, Azərbaycan Xalq Cümhuriyyətini rəsmi olaraq Osmanlı dövləti ilk dəfə tanıyıb. Azərbaycan və Türkiyə tarixin bütün dövrlərində möhkəm bağlarla bir-birinə bağlı olub”. Baş konsul son illərdə iki qardaş ölkə arasında reallaşan TANAP, TAP, Bakı-Ceyhan-Qars kimi nəhəng enerji layihələrindən də söz açıb, Azərbaycanın uğurunun tarixin bütün dövrlərində həm də qardaş Türkiyənin, türk xalqının uğuru olduğunu deyib. M.Hacıyev ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən strategiyanın Azərbaycanın üçrəngli bayrağını dünya səmalarına qaldırdığını vurğulayıb. 

Tədbir daha sonra bədii hissə ilə davam etdirilib, Azərbaycan müsiqisi səslənib, rəqqasların ifasında milli rəsqlər nümayiş olunub, tar, kaman, ud kimi milli musiqi alətlərinin müşayiəti ilə sənətçilərin ifaları dinlənilib. Azərbaycanın əsrarəngiz təbiəti, zəngin təbii sərvətləri, mədəniyyəti haqqında sənədli filmlər nümayiş olunub. Eyni zamanda, mərasim iştirakçıları Azərbaycanın milli mətbəx nümunələrindən dadıb.

Bundan əlavə, Azərbaycanın İstanbuldakı Baş Konsulluğu tərəfindən tədbir iştirakçılarına Azərbaycan tarixindən bəhs edən və Türkiyə türkcəsinə çevrilmiş kitablar hədiyyə edilib.

Check Also

ABŞ Səfirliyi Ermənistandakı amerikalılara XƏBƏRDARLIQ ETDİ

ABŞ-ın Ermənistandakı Səfirliyi Birləşmiş Ştatlar vətəndaşlarını qarşıdakı 2 həftə ərzində ehtiyatlı olmağa, ayıq-sayıqlı nümayiş etdirməyə …