Bazar ertəsi , 4 Noyabr 2024
Drone Cameras

Prezident İlham Əliyevin ünvanına Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir

Pakistan Prezidenti Məmnun Hüseyn Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: “Zati-aliləri. Milli bayramınız – Respublika Günü münasibətilə Azərbaycan Hökumətinə və xalqına səmimi təbriklərimi çatdırmaqdan məmnunluğumu ifadə edirəm.

Pakistan Azərbaycan ilə ortaq etiqada əsaslanan münasibətlərə yüksək qiymət verir.

Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, enerji və müdafiə sahələri də daxil olmaqla güclü və çoxtərəfli əməkdaşlıq hökumətlərimiz və xalqlarımız arasında möhkəm əlaqələrin təzahürüdür. Səmimi qəlbdən ümid edirəm ki, ikitərəfli münasibətlərimiz qardaş ölkələrimizin mənafeyi naminə daha da güclənəcək.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

XXX

Bolqarıstan Prezidenti Rumen Radevdən:

“Zati-aliləri. “Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Azərbaycan Respublikasının və onun xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar və möhkəm cansağlığı diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında bütün sahələrdə qarşılıqlı maraq doğuran əməkdaşlığın və tərəfdaşlığın inkişafının davam etdirilməsi işinə Bolqarıstan Respublikasının sadiq olduğunu bir daha vurğulamaq istərdim.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin”.

XXX

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə bildirilir: “Hörmətli İlham Heydər oğlu. Milli bayramınız – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Əminəm ki, ümumi mədəniyyət və ənənələrə malik olan Qazaxıstan ilə Azərbaycan ölkələrimizin qardaş xalqlarının maraqlarına uyğun qarşılıqlı faydalı əməkdaşlığı möhkəmləndirmək və inkişaf etdirməklə dostluq və mehriban qonşuluq əlaqələrinə həmişə sadiq qalacaqlar.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm”.

XXX

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovdan:

“Hörmətli İlham Heydər oğlu. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin şəxsinizdə ölkənizin bütün qardaş xalqına ən səmimi təbriklərimi bildirməkdən çox məmnunam.

Əminəm ki, ölkələrimiz arasında bərqərar olmuş əməkdaşlıq və qarşılıqlı anlaşmanın yüksək səviyyəsi xalqlarımızın rifahı naminə dövlətlərimiz arasında qarşılıqlı faydalı münasibətlərin bundan sonra da daim inkişaf etməsi və möhkəmlənməsi üçün etibarlı zəmin olacaq.

Bu xoş fürsətdən istifadə edərək Sizə səmimi qəlbdən möhkəm cansağlığı, şəxsi səadət və rifah, qardaş Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzu edirəm”.

XXX

Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevdən:

“Hörmətli İlham Heydər oğlu. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Bu xoş fürsətdən istifadə edib ümidvar olduğumu bildirirəm ki, Qırğızıstan-Azərbaycan münasibətləri bundan sonra da qarşılıqlı faydalı əməkdaşlıq və dəstək prinsiplərinə əsaslanaraq möhkəmlənəcək və dərinləşəcək.

Zati-alinizə möhkəm cansağlığı və uğurlar, Azərbaycan Respublikasının qardaş xalqına sülh və firavanlıq diləyirəm”.

XXX

Hindistan Prezidenti Pranab Mukherci Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb:

“Zati-aliləri. Milli bayramınız – Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını Hindistan Hökuməti və xalqı adından təbrik edirəm.

Hindistan ilə Azərbaycan arasında müxtəlif sahələri əhatə edən uzunmüddətli dostluq münasibətlərinin möhkəmlənməsi və dərinləşməsi həqiqətən bizi məmnun edir. Əminəm ki, ikitərəfli əlaqələrimizi daha da genişləndirməyə yönəlmiş birgə səylərimiz ümumi maraq doğuran yeni sahələrdə daha yaxından əməkdaşlıq etməyimizə zəmin yaradacaq.

Zati-ailələri, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və uğurlar, dost Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzulayıram.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

XXX

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: “Hörmətli İlham Heydər oğlu. Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Belarus Respublikasının xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi qəbul edin.

Sizin ölkənizin müxtəlif sahələrdə qazandığı yüksək nailiyyətlər dünya birliyi tərəfindən etiraf edilib və bir çox dövlətlər üçün örnəkdir. Əminəm ki, ikitərəfli fəal dialoqun inkişaf etdirilməsi üçün bizim birgə səylərimiz bundan sonra da qarşılıqlı faydalı Belarus-Azərbaycan əməkdaşlığının dərinləşməsinə və genişlənməsinə kömək edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik, yeni quruculuq uğurları, qardaş Azərbaycan xalqına isə sülh, firavanlıq və əmin-amanlıq arzu edirəm”.

XXX

İraq Prezidenti Fuad Məsumdan: “Möhtərəm cənab Prezident. Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi İraq Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan təbrik edirəm.

Bu xoş fürsətdən istifadə edərək dost xalqlarımızın ali mənafeyi naminə ölkələrimiz arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafına və möhkəmlənməsinə İraq Respublikasının sadiqliyini bir daha təsdiq edirəm.

Cənab Prezident, Sizə davamlı müvəffəqiyyətlər və möhkəm cansağlığı, dost Azərbaycan xalqına inkişaf və rifah arzulayıram”.

XXX

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymindən:

“Zati-aliləri. Milli bayramınız – Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Qadir Allahdan Zati-alinizə möhkəm cansağlığı, Azərbaycan xalqına tərəqqi və rifah diləyirəm.

İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan Respublikası ilə sıx əlaqələri, ölkənizin İƏT-ə dəstəyini, təşkilatın yaradılmasının məqsədi olan İslam həmrəyliyinin təbliğində rolunu yüksək qiymətləndirir. Əmin ola bilərsiniz ki, İƏT üzv ölkələr arasında birgə dəyərləri təbliğ etmək, qarşılıqlı əməkdaşlığı gücləndirmək üçün səylərini davam etdirəcək.

Mən ümidvaram ki, Zati-aliniz üzv ölkələrin xalqları arasında əməkdaşlığın və İslam həmrəyliyinin möhkəmləndirilməsinə dəstəyini və töhfələrini bundan sonra da əsirgəməyəcəkdir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Check Also

Səfirimizin 3 milyonluq korrupsiya əməli – Bakıya təhlükə

Azərbaycan Respublikasının İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir