Şənbə , 27 İyul 2024
Drone Cameras

“Qarabağ həqiqətlərinin təbliği Stavropol vilayətindəki diasporumuzun diqqət mərkəzindədir”

Fəxrəddin Yarıyev:
“S tavropol vilayətində ermənilərin sayı çox olsa da, bizim gördüyümüz işlər üstünlük təşkil edir”
Bu gün Qarabağ həqiqətlərinin təbliği diasporumuz üçün də prioritetdir. Xaricdə ermənilərin çoxluq təşkil etdiyi ölkələrdə bu işi aparmaq nə qədər çətin olsa da, diaspor üzvləri bunun öhdəsindən layiqincə gəlirlər. Bu baxımdan, Rusiya Federasiyasının Stavropol vilayətindəki milli diaspor üzvləri də təqdirəlayiq tədbirlər keçirirlər. 400 minə yaxın erməninin yaşadığı bu ərazidə Azərbaycan diasporu öz sözünü deyə bilir. Bu baxımdan, Ümumrusiya Azərbaycanlıları Konqresinin Stavropol vilayəti üzrə regional sədri, “Odlar yurdu” Azərbaycan Cəmiyyətinin prezidenti Fəxrəddin Yarıyevin rəhbərliyi ilə təbliğat günü-gündən güclənir. 
Qeyd edək ki, Fəxrəddin Yarıyev 1956-cı il 26 iyun tarixində Cəlilabad rayonunun Üçtəpə kəndində anadan olub. Ailədə 7 qardaş, 3 bacı olublar. F.Yarıyevin əsgəri xidməti 1974-76-cı illərdə Almaniyada keçib. Hərbi xidmətdən Azərbaycana qayıtdıqdan sonra 5 il o zamankı milis strukturunda çalışıb. İdman dərəcəsi var. Daha sonra təhsilini davam etdirmək üçün Kooperativ Texnikumuna daxil olub. Milisdə işləyə-işləyə təhsil almağı mümkünsüz olduğundan öz ərizəsilə milisdən çıxıb. Daha sonra Stavropol vilayətinə gedib və babasının, atasının bitirdiyi Kənd Təsərrüfatı İnstitutuna daxil olub. Həmin institutda 14 il təsərrüfat üzrə prorektor işləyib. 2000-ci ildə Stavropolda “Odlar yurdu” Cəmiyyətini yaradıb. 2001-ci ildən ÜAK-ın Stavropol üzrə regional sədridir. 
-Bilirik ki, sizin yaşadığınız ərazidə ermənilər çoxluq təşkil edir. 
– Ümumiyyətlə, burada 168 millətin nümayəndəsi yaşayır. Rusiya Federasiyasının Stavropoldan çox ermənisi olan yeri yoxdur. Demək olar ki, Stavropol vilayətində bu gün 385.000 erməni yaşayır. Bunun müqabilində azərbaycanlılar azlıq təşkil edir. Azərbaycanlılar 65.000 nəfərdir. Buna baxmayaraq, bizim gördüyümüz işlər üstünlük təşkil edir. Azərbaycanın Stavropol vilayətində təbliği ilə bağlı böyük işlər görürük. 
– Qarabağ həqiqətlərini Stavropolda necə təbliğ edirsiz?
-Qarabağ məsələsi Azərbaycanın ən yaralı yeridir. Ölkəmizin 20 faiz torpağı erməni separatçıları tərəfindən işğal olunub. Bu məsələ bütün dünya ölkələrinin diqqət mərkəzindədir. Eyni zamanda Rusiya Federasiyasının Stavropol vilayətindəki diasporumuzun diqqətindən də yayınmır. Biz bu təbliğatı yüksək səviyyədə burada həyata keçiririk. Eyni zamanda biz hər il burada anım tədbirləri keçiririk. Ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımlarını burdakı rəsmilərə və yerli xalqa çatdırırıq. 
-Maraqlıdır, yerli xalqın bu məsələyə münasibəti necədir?
-Onlar bu gün, həqiqətən, ermənilərin bu haqsız əməllərini qınayırlar, Azərbaycanın bu faciələrinə biganə yanaşmırlar. Ermənilərin bu separatçı əməlləri onları da təşvişə salır. Hətta Stavropolda ruslar deyirlər ki, ermənilərdən yaxşı nəticə gözləmirlər. Nə zamansa ermənilərin onlara qarşı da belə çirkin əməlləri törətməsi qorxusu ilə yaşayırlar. 
-Yerli hökumət tərəfindən diasporumuza necə münasibət göstərilir? 
-Bu gün Stavropol vilayəti rəsmilərinin Azərbaycan diasporuna olan münasibəti aydın görünür. Cünki Stavropoldan nümayəndə heyətinin dəfələrlə Azərbaycana gəlişi yerli administrasiya rəhbərlərinin bizə olan münasibətinin müsbət cəhətidir. Bu, bizə olan isti münasibətin təzahürüdür. Eyni zamanda diaspor rəhbəri olaraq mən özüm də Stavropolun bütün tədbirlərində yaxından iştirak edirəm. Qubernatorla bərabər, hər bir təşəbbüsə bizim də qatqımız olur. Mən özüm Qubernatorun Şura Tərkibinin üzvüyəm. Həmçinin Şəhər Administrasiyasında Şura üzvüyəm. Bununla yanaşı, Qubernatorun səlahiyyətli nümayəndəsiyəm. Yəni bir sıra, hələ qeyd etmədiyim statuslarımızın olması bir daha göstərir ki, dövlətlə sıx əlaqədə işləyirik. Hər bir dövlət tədbirində rəsmilərlə bərabər, biz də hər hansı məsələni müzakirə edirik. Cənab Prezidentin Dünya Azərbaycanlılarının IV Qurultayında irəli sürdüyü təşəbbüsləri biz artıq çoxdan burada həyata keçiririk. Bu gün də çalışırıq ki, Azərbaycan Respublikasına dəstək olub bayrağımızın yüksək zirvələrdə dalğalanmasına kömək olaq. 
-Ötən ay yerli qubernatorun ölkəmizə səfərini təşkil etmişdiniz. Bu səfərin məqsədi nə idi? 
-Öncə qeyd edim ki, Sovet İttifaqı dağılandan sonra Azərbaycana Rusiyadan ilk dəfə nümayəndə heyəti bizim təşəbbüsümüzlə gəlib. Nümayəndə heyətinə Aleksandr Çernoqorov başçılıq edirdi. Mən Stavropolun bütün qubernatorlarını Azərbaycana səfərə gətirmişəm. Qubernatorlara ölkəmizin zənginliklərini, məcburi köçkünlərin həyatını da göstərmişik. Onlar erməni vəhşiliyinin nəticələrini öz gözləri ilə görüblər. 
Son zamanlar bizim təşəbbüsümüzlə Rusiya Federasiyasının Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirov 3 dəfə Azərbaycana səfər edib. Hər səfərin də əhəmiyyətli səbəbləri olub. Aprelin 5-8-dəki səfər böyük sensasiya doğurdu. Vladimir Vladimirov Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşdü. Mən də o görüşlərdə iştirak etmişəm. Bu görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğu bildirildi. 
Aprelin 6-da Bakıda “AITF-2017” XVI Azərbaycan Beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus-2017” XI Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi keçirildi. Bu sərgidə Stavropoldan 40 nümayəndə iştirak edirdi. 
Rusiyanın Stavropol vilayəti də sərgidə geniş təmsil olunurdu. Burada 50-yə yaxın şirkət, 30-dək sanatoriya öz xidmətlərini təklif edirdi. 
-Bu səfərin nəticəsi olaraq hansı işlərin görülməsi planlaşdırılır?
-Bu səfər zamanı əhəmiyyətli müqavilələr bağlandı. Stavropolda çıxarılan mineral sular, turizmlə bağlı müqavilələr imzalandı. Stavropolda Azərbaycan tərəfindən böyük müalicəvi mərkəzin tikilməsi üçün 4 hektarlıq yer verilib. O mərkəzin tikintisilə bağlı müqavilələr də bağlandı. Bu gün Azərbaycanla Stavropol arasında böyük işlər gedir; mədəni və ticarət əlaqələri yüksək sürətlə inkişaf edir. Stavropol vilayətində ildə 10 milyon tondan çox taxıl istehsal olunur. Azərbaycanın taxıl ehtiyacı Stavropol vilayəti tərəfindən təmin olunacaq. 
-Qubernatorun Azərbaycanla bağlı təəssüratları necədir?
– Respublika rəhbəri İlham Əliyevin gördüyü işlər göz qabağındadır. Bu, xaricdən daha yaxşı izlənilir. Ölkədə inkişaf, abadlıq işləri hər bir qonağı valeh edir. Stavropoldan gələn nümayəndə heyəti Azərbaycandan çox xoş təəssüratla qayıdıb. Onların bu səfəri televiziya vasitəsilə də işıqlandırılıb. Eyni zamanda nümayəndə heyətinin hər bir üzvü özlünün başçılıq etdiyi regionda yerli xalqa təəssüratlarını çatdırıb. 
Qubernator özü şahid oldu ki, Azərbaycan torpaqlarına Ermənistan tərəfindən təcavüz olunub. Bu təcavüz də birmənalı qarşılanmır. O, Stavropolda, ermənilərin çox olduğu vilayətdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu deyib. 
Bizim buradakı diaspor da məsələni daim gündəmdə saxlayır. Bu gün qubernatorların diaspor təşkilatlarının təşəbbüsü ilə Azərbaycana gəlməsi bir daha milli diasporun nüfuzunun Rusiyada yüksək səviyyədə olduğunu göstərir. Biz çox sevinirik ki, Azərbaycana gələrkən rəsmilərə göstərilən diqqət bizim buradakı fəaliyyətimizə də öz müsbət təsirini göstərir. Onların belə səfərlərdən sonra bizə olan ehtiram və mənəvi dayaqları daha da yüksəlir. 
Fuad Hüseynzadə

Check Also

AQC sədri Türkiyə səfiri ilə görüşüb

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının Prezidenti Vüqar Oruc Türkiyə Respublikasının Azərbaycan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir