Cümə , 19 Aprel 2024
Drone Cameras

Qarabağa görə bütün türk dünyası ayağa qalxmalıdır” – Jandarma generalı…

“Hələ 1974-cü ildən türkləri ayrı salmağın ssenarisi yazılıb”

“Fətullah kimdir ki? 19 yaşında orta məktəbi bitirmiş bir şəxsdir. Amma onu Vatikanda Papa ilə görüşdürdülər. Bu, sistemli hadisədir, bəsit ssenari deyil”

Boyukmillet.com Azərbaycan əsilli türk, ehtiyatda olan jandarma generalı Vəli Küçük Paşanın “Şərq”ə müsahibəsini təqdim edir: 

Məşhur general müsahibədə Türkiyənin hazırkı durumu, türk dünyasının birliyi, Dağlıq Qarabağ problemi və diaspora fəaliyyəti ilə bağlı maraqlı fikirlər səsləndirib. Müsahiblə söhbətə keçməzdən əvvəl tanınmış generalın həyat və fəaliyyətinə qısaca nəzər salaq. Vəli Küçük 1944-cü ilin 9 may tarixində Biləcik qəsəbəsinin Türkmən kəndində anadan olub.

1963-cü ildə Kuleli Hərbi Liseyini bitirib və 1965-ci ildə Quru Qoşunları Məktəbindən məzun olub. Edirnə, Van, Eskişşehir, Ağrı, Kocaeli və Hatay şəhərlərində Jandarma Alay Komutanlığında çalışıb. 1996-cı ildə general rütbəsinə yüksəlib və 1998-ci ilə qədər Giresunda fəaliyyət göstərib. 2000-ci ildə ehtiyata buraxılıb. 2008-ci ildə “Ərgənəkon” əməliyyatlarında saxlanılıb və ömürlük həbs cəzasına məhkum edilib. Lakin general haqqında verilən qərar daha yuxarı instansiya tərəfindən ləğv edilib və qısa zaman sonra azadlığa buraxılıb.
Azərbaycan ictimaiyyətinin, ümumiyyətlə, bütün türk dünyasının yaxından tanıdığı türk sevdalısı Vəli Küçük Paşa sözlərinə 18 oktyabr Müstəqillik Günü münasibəti ilə bağlı xalqımızı təbrik etməklə başlayıb. General vurğulayıb ki, Azərbaycan türk dünyasının mərkəzidir: “Müstəqillik ildönümü ilə bağlı bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Azərbaycanın varlığı bütün türk dünyasının varlığı deməkdir. Bu varlığı zəiflətmək, yox etmək istəyənlər çoxdur. Qarabağdakı vəziyyət ortadadır. Onların məqsədi türklərin bir araya gəlməsinə mane olmaqdır. 300 milyonluq türk dünyasının birləşməsini özləri üçün təhlükə görürlər. 300 milyonluq türk birləşərsə, Avropa deyə bir şey qalmaz, tarixi yazılmaz. Ona görə də dünyanın heç bir dövləti türklərin bir araya gəlməsini istəmir və bu istiqamətdə əllərindən gələni edirlər. Zəngəzuru əlimizdən aldılar, ölkəni böldülər, Xocalıda soyqırım törətdilər, Dağlıq Qarabağ münaqişəsi yaratdılar. Lakin heç kim “bunları niyə edirsiz?” deyə soruşmadı. Görünür, hələ üstümüzə çox gələcəklər. Qoy, gəlsinlər, biz türk milləti olaraq bildiyimiz yolla gedəcəyik, hədəfimizi dəyişməyəcəyik.

– Paşam, dediyiniz yola çoxmu var? 300 milyonluq türkün bir araya gəlməsini nə zaman görəcəyik?

– Uzun illərdir müdafiə etdiyim bir fikir var. Hər zaman hər yerdə deyirəm ki, mən türk milliyətçisiyim. Amma Ankarada və ya İstanbulda “türk milliyətçisiyəm” deməklə iş bitmir. Türk milliyətçiliyi Tanrı Dağından, Hakkaridən, Diyarbəkirdən, Vandan, Ağrıdan başlayır. Türk birliyinin zərurətindən danışdığım üçün başıma gəlməyən qalmayıb. Amma heç vaxt öz düşüncəmdən vaz keçməmişəm.

– Məlumdur ki, türk birliyini əngəlləyən beynəlxalq güclər var. İndiki şəraitdə Türkiyənin, Azərbaycanın, Qazaxıstanın, Özbəkistanın və Qırğızıstanın bir yerdə olmasına mane olan nədir? Türk dövlətlərinə rəhbərlik edən liderlərin qafa fərqliliyimi?

– Türk birliyinin əngəllənməsi bəzi dairələr üçün çox önəmlidir. Çünki ən yaxşı yeraltı təbii sərvətlər, bor, toriyum və başqa dəyərli sərvətlərin hamısı türk coğrafiyasında cəmləşib. Əgər türk birliyi yaranarsa, müəyyən güclər həmin sərvətlərdən istifadə edə bilməyəcək. Təbii sərvətlərimizə sahib olmaq üçün türk birliyini 20-30 il əngəlləmək lazımdır. Bütün səyləri və cəhdləri buna görədir.

– Digər türk cümhuriyyətlərindən fərqli olaraq Türkiyənin dövlətçilik tarixi daha qədimdir. Atatürkün rəhbərliyi ilə qurulan müstəqil Türkiyə Cümhuriyyətindən yüz ilə yaxın zaman keçib. Sizcə, Türkiyə dövləti türk birliyi məsələsində üzərinə düşən missiyanı yerinə yetirə bilirmi?

– Deyə bilmərəm ki, Türkiyə üzərinə düşən missiyanı tam yerinə yetirir. Ancaq məsələ ondadır ki, türk birliyinin əngəllənməsi 5-10 ilin işi deyil. 1974-cü ildən türkləri ayrı salmağın ssenarisi yazılıb. Mən o ssenariyə baxmışam. Ən bəsit bir nümunəni deyim. Bir müddət əvvəl ortaya “kürd məsələsi” deyilən bir şey atdılar. Mən Azəri kökənliyəm, məgər türk deyiləmmi? Mən necə türkəmsə, kürd də o qədər türkdür. O da mənim bir qolumdur. Bir xatırlatma edim. Milli şairimiz Ziya Göyalpın bir şeiri var. 
Deyir ki:

Sorma mənə oymağımı, boyumu!
Türkəm, bu ad hər ünvandan üstündür.
Demə mənə, qırğız, qazan, noyanlı,
Türk milləti bir bölünməz bütündür.

Bu şeiri yazan Ziya Göyalp Diyarbəkir kürdüdür. Mənim qardaşımdır. Türkiyənin şərqində “kürd məsələsi” deyə bir şey yoxdur. Unutmayaq ki, türk dünyasının birləşməsi üçün öncə Türkiyənin daxili birliyi olmalıdır. Ölkənin şərqində 60 min qoruyucumuz (PKK-ya qarşı döyüşən könüllü kürd dəstələri) var. Onların yarısından çoxu maaş almır. Sadəcə dövlətdən silah alaraq “biz Türkiyəni parçalatmarıq” deyərək terrorçulara qarşı mübarizə aparırlar. Hamısı milliyətcə kürddür. Hər gün televizorda görürük, PKK ilə mübarizə apararkən canlarını fəda edirlər. Belə durumda hansı “kürd problemi”ndən danışılır?! Mənim problemim “kürd problemi” deyil. Əsas problemim erməni məsələsidir. İndi buna İsrail problemi də qatılıb.

– Erməni məsələsindən ən çox əziyyət çəkən Azərbaycandır. Siz Qarabağ probleminin həllini necə görürsüz?

– Reallıq ortadadır. Bəhs edilən ərazinin adı Qarabağdır. Qarabağda kimlər yaşayıb, hansı dildə danışıblar? Təbii ki, Azərbaycan türkləri yaşayıblar və türk dilində danışıblar. Qarabağ türk yurdudur. Burada münaqişəyə, mübahisəyə səbəb ola biləcək məqam yoxdur. Qarabağa görə bütün türk dünyası ayağa qalxmalıdır. Məsələni sadəcə Azərbaycanın üzərinə buraxmaq olmaz. Biz Qarabağı verə bilmərik, verməməliyik. Naxçıvan Azərbaycan ərazisidir. Amma Naxçıvandan Bakıya avtomobillə gedə bilmirik, təyyarə ilə gedirik. Belə şey olarmı?

– Paşam, Türkiyə-Azərbaycan hərbi birliyi məsələsi tez-tez müzakirə edilir. Necə düşünürsüz, varmı belə birlik? Əgər varsa, nəticəsini niyə görmürük?

– Məsələ ondadır ki, xarici dairələr Türkiyə-Azərbaycan hərbi birliyinin yaradılmasına əngəl olurlar. Məncə, bunu zamana buraxmaq lazımdır. Lakin daim gündəmdə saxlamalıyıq, müdafiə etməliyik. Sadəcə onu deyim ki, hazırda gedən proseslər lehimizə deyil.

– Qarabağın işğaldan azad olunmasının bir tarixi var. 1918-ci ildə Nuri Paşa türk və Azərbaycan hərbi birlikləri ilə birgə Qarabağı cəmi bir həftə ərzində azad etdilər, ermənilər darmadağın oldu. İndiki zamanda bunu təkrarlamağa beynəlxalq güclərmi imkan vermir, yoxsa başqa səbəbləri də var?

– Əgər türk toplumu birlik halında Qarabağın işğalı məsələsini dünya ictimaiyyəti qarşısında qaldırarsa, müəyyən ölkələr dərhal bundan narahat olacaq. O zaman bu işdə mənfəəti olmayan dairələr, yəni imperialistlər özlərini büruzə verəcəklər. Türk dünyasını işğal etmək istəyən həmin imperialist qüvvələr Türkiyə-Azərbaycan yaxınlaşmasını qısqanclıqla qarşılayırlar. Bu vəhdəti pozmaq üçün əllərindən gələni edirlər. Yenə təkrar edirəm, bu məsələni zamana buraxmaq lazımdır.

– 15 iyul hərbi çevriliş cəhdindən sonra türk ordusuna qarşı birmənalı olmayan fikirlər səsləndirildi, müəyyən addımlar atıldı. Türk ordusunun nüfuzunun xeyli zəifləməsinin şahidi olduq. Bəs indiki vəziyyət necədir?

– Türk ordusu 700 min nəfərlik ordu idi. Daha çox təcrübə sahibi və peşəkar idi. Dünyanın ən güclü ordusu ünvanını daşıyırdı. Amma belə bir ordunun varlığı imperialistlərə Yaxın Şərqdə istədikləri kimi “at oynatmaq” imkanı vermirdi. Ona görə də türk ordusunun zəiflədilməsini lazımlı bildilər. Bunu da etdilər. Ordunu dağıtmaq üçün illər boyu mənim üzərimdən oyun oynadılar. Dedim ki, bir günahımı tapıb ortaya qoyun. Verdiyim bir konfransda “Türk birliyi Tanrı Dağından, Ərgənəkondan, Ankaradan keçir” demişəm. Bu sözləri mənə qarşı istifadə edirdilər. Dedim ki, həmin ifadəni hər yerdə təkrarlayıram, burada suç hardadır? Şükürlər olsun ki, türk milləti ordumuzu zəiflətmək istəyənlərin olduğunun fərqindədir. İnşallah, onların niyyəti baş tutmayacaq və biz daha da güclənəcəyik.

– Türkiyənin indiki siyasi durumunu necə dəyərləndirirsiz? Qardaş ölkənin hərtərəfli güclü olması digər türk dövlətlərinin ayaqda durması üçün çox vacibdir…

– Türkiyənin bugünü və gələcəyi haqqında heç kim konkret nəsə deyə bilməz. Ortada qeyri-müəyyən bir durum var. Sabah nə olacağını bilmirik. Elə imperialistlərin də istədiyi budur. Mən uca türk millətinin gücünə, qüdrətinə inanıram. Biz 1918-19-cu illərdə bütün dünya ilə mübarizə aparmışıq. Çanaqqalada 250 min şəhid vermişik, amma təslim olmamışıq. Türk toplumunun yenidən dirçələcəyinə əminəm. Ola bilsin, siyasi olaraq bunu qəbul etmək mümkün deyil.

– Türkiyənin NATO-dan çıxması, İncirlik hərbi bazasının bağlanmsı məsələləri də gündəmdədir. Belə təklifləri necə dəyərləndirirsiz?

– İndiyə qədər NATO-nun nə faydasını görmüşük? Qarabağ işğal ediləndə NATO-nun bizə xeyri olubmu? Hərbi alyansın türk toplumuna hansısa faydasını görməmişik. Ona görə də NATO-dan çıxıb-qalmağımızın fərqi yoxdur. Söz-söhbətlərin hamısı siyasi polemikalardır. Mən o məsələlərlə maraqlanmıram.

– Keçmiş xatirələrinizlə bağlı memuar yazmaq fikriniz varmı? Kitab yazdığınızla bağlı məlumat yayılmışdı.

– Yazılarım var, işləyirəm, amma hələlik yekunlaşmayıb. Öz memuarımdan öncə türkün taleyini yazmağı düşünürəm. Ancaq hələlik kitab halına salınacaq vəziyyətdə deyil. Xeyirlisi olsun, görək nə olur.

– “Ərgənəkon” olayları ilə bağlı kitab yazmağı düşünürsüzmü?

– Yox, düşünmürəm. Çünki mənim yazacağım kitabı Türkiyədə çap edən adam tapılmaz.

– Paşam, sizi niyə həbs etmişdilər?

– Hər kəs qorxu içində yaşadığı üçün.

– Yəni ən cəsarətli kimlər idisə, onları həbs edirdilər?

– Demək olar ki, vəziyyət elə idi.

– FETÖ-nün generalların həbs edilməsində əli var idimi?

– Fətullah Gülənin kim olduğunu, nə iş gördüyünü bilmirdilərmi? Hər kəs yaxşı bilirdi. Çünki hər şey ortadadır. Türkiyənin təslim edilməsi lazım idi. Fətullah olmasın, başqası olsun. Onlar özlərinə xidmət edən bir adamı mütləq tapacaqdılar. Fətullah kimdir ki? 19 yaşında orta məktəbi bitirmiş bir şəxsdir. Amma onu Vatikanda Papa ilə görüşdürdülər. Bu, sistemli hadisədir, bəsit ssenari deyil.

– Diaspora ilə bağlı fəaliyyətinizi davam etdirirsizmi? Azərbaycan diasporasının durumunu necə dəyərləndirirsiz?

– Mövcud durumu qənaətbəxş hesab etmək olar. Amma ümid edirik ki, daha da güclənəcək. Hər birimiz bu işə dəstək verməliyik.

– Paşam, Azərbaycana gəlmək fikriniz varmı?

– Azərbaycana gəlməyi, orada dost-tanışla görüşməyi çox istəyirəm. Təəssüflər olsun ki, həyat yoldaşımın səhhətində problemlər var. Ona görə çox uzağa gedə bilmirəm. Lakin mütləq gələcəm, mənə bir az zaman verin.

– Azərbaycanla bağlı məlumatları kimdən alırsız?

– Mümkün qədər mətbuatdan oxuyuram. Amma hər şeydən xəbərim olmur.

– Azərbaycan əsilli türk olaraq xalqımıza, oxucularımıza sözünüz varmı?

– Yalnız Azərbaycana deyil, bütün türk dünyasına “tək ürək, tək yumruq” olmağı arzulayıram. Azərbaycan mərkəz olaraq yumruğunu öncə sıxmalıdır. Hər kəsə salamlar, sayğılar olsun.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir