Şənbə , 13 İyul 2024
Drone Cameras

Sərdar Cəlaloğlu Molla Pənah Vaqif və Səməd Vurğunu hədəfə götürdü, sərt cavablar aldı

“Onlar bizim Azərbaycanın işğal edilməsi siyasətində iştirak etmiş adamlardır”

 

İsmayıl Umudlu: “Elmlər Akademiyasında onun dediklərini ciddi qəbul etmirik”

 

Səməd Vəkilov: “Sərdar Cəlaloğlu siyasi cəhətdən ölü olduğuna görə…”

 

ADP sədri Sərdar Cəlaloğlunun məşhur azərbaycanlı şairlər Molla Pənah Vaqif və Səməd Vurğun haqqında ittihamlar səsləndirib. Partiya sədri avqustun 2-də kulis.az saytına verdiyi geniş müsahibədə hər iki şairi hədəf alıb: “Səməd Vurğun texnika baxımından, qafiyə düzmək, sözlərin nizamı baxımından Azərbaycanda bənzərsiz şairdir. Amma ədəbiyyat elə qafiyə tutmaq deyil ki. “Vaqif” dramında Səməd Vurğun Qacarı fars kimi, qaniçən işğalçı kimi təqdim edir, Vaqifi isə xalqın böyük bir şairi, xilaskarı kimi. Halbuki, Vaqif Qarabağın Azərbaycandan qoparılması məsələsində vasitəçilik edib. Yekaterina ona görə ona qızıl əsa da bağışlayıb”.

 

Bu fikirləri gündəmdən düşər-düşməz ADP sədri avqustun 11-də hurriyyet.org saytına növbəti qalmaqala səbəb olacaq geniş müsahibə verib. Həmin müsahibə əvvəlkindən daha sərtdir. S.Cəlaloğlu Səməd Vurğun ailəsindən olan polkovnik İbrahim Ağa Vəkilovun hazırladığı və ruslara təqdim etdiyi Azərbaycanın xəritəsi əsasında torpaqlarımızın işğal olunduğu iddiasını irəli sürüb: “Hamıya məlumdur ki, Səməd Vurğun ailəsindən olan polkovnik Vəkilov Rusiyanın Azərbaycanı işğal etməsi üçün zəruri olan topoqrafik xəritənin müəllifidir. Yəni Şimali Azərbaycanın topoqrafiyasını hazırlayıb, rus ordusuna təqdim edib, onlar da həmin xəritə əsasında Azərbaycanı işğal edib. Hansı ki, sovet hökumətinin vaxtında həmin Vəkilov sovet dövləti üçün böyük xidməti olan bir insan kimi təbliğ olunub. Amma biz bu gün müstəqilik və əgər məsələyə Azərbaycanın işğalı konteksindən yanaşırıqsa, onda aydın olacaq ki, Rusiyanın orden verdiyi, təbliğ etdiyi, yüksəltdiyi, qaldırdığı insanlar bizim üçün – istiqlalçılar üçün tam əks dəyərlərin daşıyıcılarıdır. Yəni biz artıq Vəkilovu qəhrəman yox, öz xalqına xəyanət etmiş bir adam kimi qiymətləndirməliyik. Çünki, o, Azərbaycanın xəritəsini hazırlayıb, ruslara verib”.

 

ADP sədri bu müsahibədə M.P.Vaqiflə bağlı dediklərini təqdim edirik: “Qarabağ xanı müstəqillik əldə etməsi üçün Rusiyaya məktub göndərib. O məktub da arxivdə var. Məktubda yazıb ki, əgər Qarabağa müstəqil şahlıq verərsinizsə, siz Gəncəni tutarkən həmin yürüşdə bizim də ordumuz iştirak edər. Yəni təsəvvür edin ki, Qarabağ xanı rusların tərəfindən Sisyanov ordusunda vuruşub, Gəncənin alınmasında ruslarla əməkdaşlıq edəcəyi ilə bağlı vəd verir. Mənə hücum edənlər də etiraf edir ki, Molla Pənah Vaqif yalnız bir yaradıcı adam, şair olmayıb, həm də vəzir olub. İndiki dillə desək, Xarici İşlər Nazirliyinin nümayəndəsi olub və bir müddət də xarici işlər nazirini əvəz edib. Eyni zamanda, Rusiya-Qarabağ əlaqələri, Qarabağın Azərbaycandan qoparılması, Qarabağa müstəqil şahlıq verilməsi məsələsi ilə bağlı danışıqlarda iştirak edib və bu danışıqlardakı xidmətlərinə görə Rusiya çariçası tərəfindən qızıl əsa ilə mükafatlandırılıb”.

 

Jurnalistin səsləndirdiyi müdhiş iddialarla bağlı əlində konkret faktı olub-olmamasına dair sualına S.Cəlaloğlu belə cavab verib: “Əlbəttə. Bununla bağlı Tarix İnstitutunda da, Rusiya arxivlərində də faktlar var. Qarabağ xanının bütün yazışmaları mövcuddur. Sovet dövründə də Vaqifi bizə belə tanıdıblar ki, Qarabağın Rusiyaya birləşdirilməsində göstərdiyi xidmətlərinə görə rus çariçası tərəfindən qızıl əsa ilə mükafatlandırılıb. Vaqifə bu mükafatın verilməsini başqa cür heç kəs, heç nə ilə izah edə bilməz. Nə üçün? Birincisi, Rusiyanın ənənələrinə baxsaq, görərik ki, Rusiyanın həmin dövrdə yaşamış Puşkin, Lermantov kimi böyük şəxsiyyətlərinə belə, heç bir mükafat verilməyib. Vaqifin bir əsəri də rus dilinə tərcümə olunmayıb. Yəni əgər Yekaterina Vaqifin heç bir şeirini bilməyibsə, ümumiyyətlə ruslar Vaqifin şair olduğundan xəbərdar olmayıbsa və Vaqifin şeiri, yardıcılığı rus ədəbiyyatına bu və ya başqa şəkildə təsir etməyibsə, Yekaterina ona niyə qızıl əsa verməlidir?! Mən Vaqifə də, Səməd Vurğuna da, digərlərinə də siyasətçi kimi baxmışam. Onlar bizim Azərbaycanın işğal edilməsi siyasətində iştirak etmiş adamlardır. Yəni Azərbaycan xalqını yanıltmaq, öz tarixinə yanlış münasibət formalaşdırmaqla, müəyyən bir siyasəti həyata keçiriblər. bəzi adamlar Vaqifin fəaliyyətinə, bu separatçı hərəkətinə onun 1-2 yaxşı şeirinin müqabilində bəraət verirlər ki, əgər Vaqif gözəl şeir yazıbsa, onda biz heç bir söz deməməliyik. Və yaxud da Səməd Vurğun. Gözəl şeirlər yazsa da, Azərbaycan tarixini təhrif edibsə, bu gün də bizi narahat edən Qarabağ probleminin vaxtında xalqın düzgün başa düşməsinə imkan verməyibsə, biz həqiqəti deməməliyik? Vaqif əsəri göstərir ki, Qarabağın Azərbaycandan qoparılması və s. böyük bir “qəhrəmanlıqdır”, biz buna öz münasibətimizi bildirməliyik. Bu gün ermənilər necə ki, Qarabağın Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsini istəyirlər, eynilə Vaqif və Qarabağ xanı da öz dövründə Qarabağı Azərbaycandan qoparıb Rusiyanın himayəsi altında bir şahlıq yaratmaq istəyiblər. Yəni bu bir siyasi separatizm olub”.

 

Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, Vaqif və Vurğun yaradıcılığının araşdırıcısı, Vəkilovlar nəslinin tədqiqatçısı İsmayıl Umudlu “Yeni Müsavat”a açıqlamasında ADP sədrinə sərt cavab verdi: “Sərdar bəyin dediklərinin hər birini oxumuşam. Ona cavab verməmək daha yaxşı olardı. Bəlkə də bir şəxs gündəmdə qalmaq üçün əsası olmayan, rabitəsiz, reallıqla uyğunlaşmayan belə fikirlər söyləyir. Sərdar bəyin bir fikri ilə razıyam ki, Vaqif şairdən çox siyasətçi idi. O Qarabağ xanlığının siyasətini müəyyənləşdirən bir şəxs idi. Çox maraqlı siyasətçi olduğunu deyə bilərik. Faktiki xanlıqların böyük hissəsi Qarabağ xanlığının nəzarəti altında idi. Bunlar Vaqifin hesabına idi. O zaman Vaqif Qafqazda məşhur siyasətçilərdən biri sayılırdı. Görünür Sərdar bəyin bunlardan xəbəri olmadığı üçün belə danışır. 1783-cü ildə “Georgiyevsk traktatı” bağlananda Vaqif xanlığın nümayəndəsi kimi Tiflisə getdi. Orada ruslar Qarabağ xanlığının Gürcüstan kimi Rusiyanın himayəsinə keçməsini təklif etdilər. O zaman Vaqif bununla razılaşmadı. Bunları Yusif Vəzir Çəmənzəminli tarixi “Qan içində” romanında çox gözəl təsvir edib. Vaqif orada xanlığın Rusiyanın tərkibinə keçməyəcəyini bəyan edib. Ruslar o zaman münasibətləri saxlamaq üçün danışıqlara gələn şəxslərə bu və ya digər şəkildə qiymətli hədiyyələr bağışladılar. Burada söhbət Vaqifə verilən qızıl əsadan deyil, çox qiymətli hədiyyədən gedir. Bunlar diplomatik protokolda çox normal bir haldır. Vaqif əslində Qarabağın işğal təhlükəsi altında olduğunu görürdü. Məhz bu səbəbdən Osmanlı İmperiyası ilə əlaqələr də qurulmuşdu. Vaqif tərəfindən Qars və Ərzuruma göndərilən gizli heyətlər danışıqlar aparırdı. Hətta Qarabağa osmanlıların yardımı məsələsi belə gündəmdə idi. O zaman xanlıqlar arasında fikir ayrılıqları olduğundan bu sövdələşmə baş tutmamışdı. Sərdar bəy Gəncə döyüşündən danışır. Bu döyüş 1804-cü ildə Vaqifin öldürülməsindən 7 il sonra baş verib. Vaqif qəbirdən dirilib rusların tərəfində bu döyüşlərdə iştirak etdi? Həmin döyüşlər barədə kifayət qədər ruslar yazıblar. Gedib onları sadəcə oxumaq lazımdır. Cəfəngiyat fikirlər səsləndirmək doğru deyil. Vaqifin edamından sonra faktiki xanlıq köçdü. Sonradan Qarabağ xanı İbrahimxəlil xan məcburi şəkildə ruslarla danışıqlara getdi və xanlıq rusların nəzarətinə keçdi. Sonralar da xan öz ailəsi ilə birlikdə öldürüldü. Yaxşı olar ki, Sərdar bəy gedib öz siyasəti ilə məşğul olsun, əgər bacarırsa. Onun belə işlərə qarışmağa azından mənəvi əsası yoxdur, çünki mütəxəssis deyil. Hər sahənin mütəxəssisi öz iş ilə məşğul olmalıdır. Tarixi faktları qarışdıran şəxslər daim çətinliklərlə üzləşirlər. Sərdar bəy Ağa Məhəmməd Şah Qacar barədə də danışıb. Qacarı bu gün ideallaşdırmaq faktiki İran tezislərini müdafiə etmək deməkdir. Qacar deyirdi ki, buradakı xanlıqlar müstəqil deyil, İranın əyalətləridir. O heç Azərbaycan dilini bilmirdi. Mərkəzləşmə prosesi getdiyi bir vaxtda Qacar Azərbaycana hücum etdi və sonunda layiqli cəzasını aldı. Burada çoxlu qırğınlar törətdi”.

 

İ.Umudlu S.Vurğun haqqında partiya sədrinin dediklərinə də münasibət bildirdi: “Vəkilovlar nəslinin tədqiqatçısı olaraq, bu nəslin 400 illik tarixini araşdırmışam. Sərdar bəyin ittiham etdiyi general-mayor İbrahim Ağa Vəkilov böyük şəxsiyyətdir. Topoqrafiya İnstitutunu bitirmişdi. Bu şəxs 1918-ci ildə dövlətimizin xəritəsini çəkib. Bizim üçün qiymətli şəxsdir. Bu şəxs Azərbaycanın işğalından 50 il sonra, yəni 1853-cü ildə dünyaya gəlib. Öz sahəsində böyük mütəxəssis olub. O şəxsi hesabına Topoqrafiya məktəbini qurub və azərbaycanlılardan ibarət ilk topoqraflar nəslini yetişdirib. Ona belə cəfəng ittihamlar söyləmək savadsız, təhsildən uzaq düşmüş, keçmişi bilməyən şəxslər tərəfindən ola bilər. İnsana bu dərəcədə cəfəng fikirlər söyləməkdən utanmaq lazımdır. Səməd Vurğun barədə dediklərinə gəlincə, heç kəs deyə bilməz ki, Nizami niyə fars dilində yazıb, ənənəyə uyğun şəkildə bunu edib. Bəlkə bizdən sonrakı nəsil də bizləri bəyənməyəcək. Səməd Vurğun da dövrünün övladı idi və necə rejimdə yaşadığını yaxşı bilirik. O sifarişlə əsərlər yazmayıb. Rəsulzadə şəxsən onun yaradıcılığını bəyənirdi. Səməd Vurğunun siyasətdən uzaq çox gözəl şeirləri var. Doğrudur, poemaları da var ki, orada dövrün hadisələr əks olunub. O dəli deyildi ki, başını kötüyün altına qoyurdu. Əhməd Cavadın, Müşfiqin də soveti tərənnüm edən yazıları var. Çox sevdiyimiz Hüseyn Cavidin “Azər” poeması var. Şairlər siyasətçi deyillər. Bütün xalqların şairlərində dövrlərinin siyasəti bu və ya digər şəkildə yaradıcılıqlarında əks olunub. Səməd Vurğunun “Azərbaycan” şeirini 7-dən 77-yə hər kəs əzbər bilirsə, demək o böyük şairdir. Onun haqqında danışmaq üçün filoloq olmaq lazımdır. Uğursuz siyasətçilərin bədii yaradıcılıq barədə fikirlər söyləmələri primitivliyin göstəricisidir. Onlar öz işləri ilə məşğul olsunlar. Sərdar bəyin Səməd Vurğun haqqında danışmağa azından təhsil səviyyəsi imkan vermir. Onun dedikləri ciddi qəbul oluna bilməz. Biz şəxsən Elmlər Akademiyasında onun dediklərini ciddi qəbul etmirik. Səməd Vurğunun Bağırovun vəzifəsindən çıxarılması məsələsində 30-cu partiya konfransında məşhur çıxışı var. O, Bağırov dövrünün stalinizmini lənətləyir. Zəhmət çəkib onu oxusunlar. Səməd Vurğun sovet rejimini bəyənməyib. Amma həyatını qorumalı idi və qoruyub da. Sovetin onun kimi nüfuzlu bir şairə ehtiyac var idi. Çünki xalq arasında kifayət qədər tanınırdı. Onun xüsusiyyətləri digərlərində yox idi. Məhz bu səbəbdən ona xüsusi münasibət var idi. Onlar özlərini xilas etməli idilər və ediblər də”.

 

Səməd Vurğunun qohumu, hüquqşünas Səməd Vəkilov isə qısa danışdı: “Sərdar Cəlaloğlu siyasi cəhətdən ölü olduğuna, heç bir perspektivi olmadığına görə özünə aid olmayan, başı çıxmayan məsələlərlə məşğul olur, münasibətini bildirir. Onun səviyyəsiz açıqlamalarına münasibət bildirməyi uyğun görmürəm”.

Check Also

Qardaşı: “Ələsgər Məmmədlinin səhhəti daha da pisləşib”

Nəsimi Məmmədli deyir ki, vəkil pis rəftarla bağlı Avropa Məhkəməsinə müraciət edib 1 saylı Bakı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir