Cümə , 26 Aprel 2024
Drone Cameras

“Şimali Koreya səfəri Suriyadan daha rahat idi”

Səbuhi Məmmədli qapalı və yasaqlar ölkəsinə səfərindən danışır

Lent.az saytının əməkdaşı, tanınmış reportyor Səbuhi Məmmədlinin Şimali Koreya səfəri jurnalistikada bir ilk idi. Qapalı, yasaqlar, ilginc qadağalarla dolu ölkəyə düşən bir azərbaycanlı reportyor. Bu ölkədən yazılarını yazdıqca bizim üçün mənzərə aydınlaşsa da, sualların bir çoxuna aydınlıq gətirmək üçün söhbətləşdik. S.Məmmədli musavat.com-a müsahibəsində bizi maraqlandıran məsələlərə aydınlıq gətirdi.

– Səbuhi Məmmədli Şimali Koreyadan yazır… Bu ölkədən yazmaq çox təhlükəli sayılır. Eyni zamanda ora düşməyin özü də.. Sizdə necə alındı?

– Bundan əvvələ qədər mən Pakistanda, Əfqansıtanda, Suriyada olmuşam. Təbii, bunlar da çox təhlükəli səfərlər idi. Xüsusən Suriya. Amma bir reallığı deyim: Şimali Koreya daha rahat idi.

Necə alındı? Açığını deyim ki, təsadüfən. Lap o məşhur uşaq filmində deyildiyi kimi, «Həmin gün ağaca çıxmışdım, bir də gördüm ki…» İnternetdə var-gəl edirdim. Səhv etmirəmsə Lenta.ru-daydı bu xəbər. Təxminən bu başlıqla: «İlk dəfə Rusiyadan Şimali Koreyaya turist səfərləri təşkil ediləcək”. Maraqlandım, araşdırdım, həmin turu təklif edən şirkəti tapdım. Müraciətt elədim, məlum oldu ki, Azərbaycan vətəndaşı olduğumdan bir qədər mübahisəlidir ora getməyim. Amma təxminən 2 gündən sonra şirkətdən elektron poçtuma məktub gəldi və bildirildi ki, heç bir problem yoxdur. Bundan sonra mənə turun proqramını göndərdilər. Və bir neçə sənəd. Həmin sənədləri doldurub elektron variantda şirkətə göndərməliydim. Şirkətin növbəti turu iyulun 28-ə planlaşdırılmışdı. Bizimlə birgə səyahət edəcək qrupda 11 nəfər olmalıydı. Və onların hamısı Rusiya vətəndaşları idi. Sonradan Vladivostokda öyrənəcəkdik ki, onların hərəsi bir peşə sahibidir. Aralarında jurnalist isə bircə mən idim. Amma iş ondadır ki, danışıq apardığımız turizm şirkətinə özüm barədə məlumatları göndərərkən tarix müəllimi olduğumu bildirmişdim. Daha doğrusu, tarixçi etnoqraf. Jurnalist olduğumu isə gizlətmişdim.

-Bəs redaksiya rəhbərliyi necə qarşıladı? Özünüzün qorxularınız, tərəddüdlərinizi necə dəf etdiniz?

-Düzünü desəm, bu ideya ilə bağlı hələ Bakıda da bəzi tərəddüdlər var idi. Səfərlə bağlı APA holdinqin rəhbərliyi də narahat idi. Düzdür, biz turizm şirkətinə turun ödənişini belə etmişdik. Bununla belə, səfər ərəfəsində tərəddüdlər yenə də qalmaqdaydı. Amma bütün bunlara baxmayaraq, qərar verilmişdi.

Əvvəlcə Moskvaya uçmalıydıq. Oradan Vladivostoka. Vladivostok dəniz vağzalından isə bərəylə Şimali Koreyanın Rason şəhərinə. Hələ Bakıdaykən şirkətdən bizə deyilmişdi ki, Rason azad iqtisadi zona olduğundan viza gərək deyil. Sadəcə, giriş və çıxış kartıyla zonaya daxil olacaqdıq. Səfər 6 gün çəkəcəkdi, turistlər Rasonda olacaq, Pipxa adasına gedəcək, Çuçjin çimərliyinə baş çəkəcək, dəniz pişiklərini seyr edəcək, Şimali Koreya liderlərinin şərəfinə yetişdirilən “kimirsen xva” və “kimçenir xva” güllərinin yetişdirildiyi plantasiyalarda olacaqdılar. Yeri gəlmişkən, həmin güllərə həsr edilmiş bu nişanı sizə hədiyyə edirəm.

– Çox sağ olun. Sizdən səfərinizi saat-saat anlatmağınızı xahiş edəcəm. Hər halda, sıradan bir ölkədən danışmırıq.

– Açığını deyim ki, ölkənin dərinliyinə yəni Pxeynana getmək mümkün olmadı. Sadəcə azad iqtisadi zonada olduq. Amma 6 gün yox, az. Bunun da səbəbləri vardı. Çünki artıq Vladivostokda olanda mənim jurnalist olduğum üzə çıxmışdı.

Mən əvvəlcə Moskvaya, oradan 9 saat Vladivostoka uçmalı oldum. Vladivostokdan bərəylə gedəcəkdik deyə, bizim qrup üzvlərinin görüşü saat 17.30-a Vladivostok dəniz vağzalında yerləşən fəvvarənin yanına təyin edilmişdi. Artıq saat 17-də vağzaldaydıq. Az keçmiş koordinator da gəldi. Bileti və tur-paketi təqdim etdi. Yarım saata isə qrup üzvlərinin hamısı yığışdı. Qısa tanışlıqdan sonra bildirildi ki, bərə qrafik üzrə saat 20-də yola düşməlidir. Qrup üzvləri bir-biriylə tanış olduqdan sonra koordinaor məni kənara çəkib bildirdi ki, bütün qrupa bir bələdçi ayrılıb, sizə isə ayrıca bələdçi. Niyəsini soruşanda dedi ki, belə məsləhət oldu.

– Reportajınızdan xatırlayıram ki, deyəsən bu məqamda jurnalist olmanız üzə çıxıb və sizinlə söhbət aparıblar.

– Təxminən. Vağzal binasından çıxıb, limanda gəzişdik. Elə bir siqaret yandırmışdıq ki, qəfil qayıtdı, özü də əsəbi şəkildə ki, niyə deməmisiz ki, jurnalistsiz? Mənə əməlli-başlı problem yaratmısız. İndi necə olsun? Çantasından bir neçə vərəq çıxardı. Baxın, dedi, bu sizin yazıların sürətidir. Mənim vesti.az-da, bir sıra Rusiya KİV-də, beynəlxalq mətbuatda çıxan yazılarımın bir hisəssiydi. Çox pis vəziyyətə qoymuşdum həmin şəxsi. Təxminən 11 min kilometr qət edib yol gəlmişdim. Geri qayıtmağı isə ağlıma sığışdırmırdım. O özü də bunu gözəl başa düşürdü deyə kömək etmək istəyirdi. Əvvəlcə mənim Çinə vizamın olub-olmadığımı soruşdu. Yox, dedim.

Harasa zəng etdi. Kimdənsə Çinə hansısa sərhəd- keçid məntəqəsini soruşdu, Qayıtdı ki, oradan Çinə də vizasız keçə bilməyəcəksiz. Sərhəddə viza verilmirmiş, sən demə. Mənə gözləməyi tapşırdı, özü bərə kapitanının yanına getdi. Təxminən 15 dəqiqədən sonra geri qayıtdı. Mənim adıma yazılmış giriş və çıxış kartını təqdim etdi. Və ardınca da məsləhətlərini. “Telefon və planşetdən maksimum az istifadə etməli, yerli əhaliylə minimum təmas, spirtli içkidən – baxmayaraq ki, qadağan deyil – imtina”. Tur-paketdə göstərilən 6 günlük səfərdən isə söhbət gedə bilməz; ən qısa zamanda geri! Bax beləcə.

– Özünü dünyaya qapadan bu ölkədə nələr gördünüz, nələr müşahidə etdiniz?

– Rason şəhəri, necə deyərlər, qapalı sayılmır, bura azad iqtisadi zonadır. Odur ki, qapalılıq görmədik. Amma bəzi müşahidələri bölüşüm. Əvvəla, deyim ki, indi orada 106-cı ildir. Çuçxe təqvimiylə. Söhbət ondan gedir ki, çuçxe təqvimi bu ölkənin əsasını qoymuş Kim İr Senin anadan olduğu gündən, 1912-ci il aprelin 15-dən başlayır.

İlk baxışda Rason xoşbəxt bir şəhəri xatırladır. Hər tərəf gül-çiçək, xoşbəxt uşaqlar, yaşıl parklar, çimərliklər. Amma bütün bunlar ilk baxışdan belədir; bu mənzərə turistlər üçün yaradılıb. Hər şey, hətta mağazalar belə turistlərə maddi nemətlər bolluğunun olduğu qənaətini xatırladır. Di gəl, azca kənara çıxsan, tamam başqa mənzərəylə rastlaşacaqsan.

-Məsələn, necə? Detallara varaq? 

-Məsələn, adi vətəndaşlara gündə 2-3 saat işıq verilir. Amma otellərdə bütün günü işıq var. Mərkəzdən kənarda qışda nə qaz var, nə də istilik sistemi. Ağac qırıb yandırmaq isə cinayət sayılır.

Tam informasiya blokadasında oduqlarını deməzdim, amma uydurmalar baş alıb gedir burada. Məsələn, bir koreyalı qardaş iddia edirdi ki, Şimali Koreyalı şahmatçı Çu və yaxud Mun – düzü, adını yadımda saxlaya bilmədim – artıq 10-cu ildir ki, şahmat üzrə dünya çempionudur. Əlbəttə, mən Maqnus Karlsenin adını çəkə bilərdim. Amma nəyimə lazım idi ki?

Qardaş daha sonra bildirdi ki, sonuncu Rio olimpiadasında onun həmyerliləri 39 qızıl, 41 gümüş və 70 bürünc medal qazanıb. Bu hələ harasıdır? Bu qardaşın dediyinə görə, son 20 ildə koreyalı taekvondoçular heç bir medalı heç kimə güzəştə getməyiblər. Razılaşmaqdan başqa əlacımız qalmadı. Razılaşmayıb nə edəcəkdik ki?

Bütün bunların bir səbəbi var. Ölkə, sözün həqiqi mənasında, qapalıdır. İnternet məhdud və daxilidir. İki, ya üç telekanal var ki, ancaq və ancaq rəsmi xəbərləri verirlər. Hər evdə isə dövlət tərəfindən nəzarət olunan radiolar mövcuddur. Və ən maraqlısı, bu radiolar bütün günü çalışmalıdır. Səsini azalda bilərsən, amma nəbadə söndürəsən!

-Qadağalar, yasaqlar, bir sözlə, bağlı nəfəsliklər…

-Əlbəttə. Yeri gəlmişkən, burada bütün televizorlar dövlət qeydiyyatından keçdikdən sonra möhürlənir. Məhz bundan sonra istifadəyə icazə verilir. Şimali Koreyada qadınlar və kişilər üçün saç düzümü qaydaları müəyyənləşib. Və bu qaydalara riayət etmək hamının borcudur. Birinin saş formasının adı “səhər mehi” idi. Dedim, elə mənim adımın mənası da budur. Təəcübləndi. 
Saç düzümündən əlavə, bu ölkədə göy rəngli cins şalvar geymək qadağandır. Hələ Vladivostokda olarkən koordinatorumuz bu barədə xüsusi xəbərdarlıq etmişdi: “Mavi rəngli olar, amma tam göy rəngli şalvarın varsa, aparma”. Sən demə, göy rəngli nəinki şalvarlar, ümumiyyətlə, geyimlər Qərbin rəmzi hesab edilir və qəti qadağandır.

Amma maraqlıdır ki, imperializmin və Qərbin digər atributu olan kazinolar bu ölkədə fəaliyyət göstərir. Daha doğrusu, bütün ölkədə yox, məhz Rasonda. “Emperor” adlanan bu kazinoların əsas müştəriləri isə çinlilərdir. Öz ölkələrində yasaq olduğundan bura gəlirlər.
Bu ölkədə rəsmi iş günü, məzuniyyət, istirahət günləri-filan anlayışı yoxdur. Ölkə əhalisi həftənin 7 günü işləyir. Tarlada, küçədə, istehsalatda.

 – Yemək, gəzinti, yaşayış, sözün böyük mənasında, həyat necə idi orda? Qiymətlər, şərtlər və ümumi şərait barədə müşahidələriniz necədir?

– İnsafən, təbiətinə söz ola bilməz. Bu ölkədə meşələrin vəhşi soyqırımı yoxdur. Hətta buna görə ağır cəza düşür. Uşaqlar isə çox səmimidirlər. Düzdür, turistlərə uşaqlara hədiyyə vermək qəti qadağan olunub. Amma saqqız-filan verənlər oldu. Uşaqlara adı, səhv etmirəmsə, “Coko” olan peçenyeləri. Bu peçenyelər əsasən Rusiyadan gətirilir. Gizlicə, təbii. Şimali Koreya lideri Kim Çen In bu peçenyelər əleyhinə sərəncam verib. Sən demə, uşaqlar bu peçenyeləri daha çox sevib, sonradan… öz liderlərinə sevgilərini azalda bilərmişlər..

Amma kimsə deyirsə, Şimali Koreyada kütləvi aclıqdır, meşələrdən ot yığıb yeyirlər, ölməmək üçün soxulcan və digər həşəratlar bişirirlər, bu, ağ yalandır. Çünki dövlət ən azı ərzaq talonları ilə vətəndaşını qidalandıra bilir. Dəniz məhsulları həddən artıq çoxdur. Yeri gəlmişkən, Koreya xalqını, necə deyirlər, yeyib-içən xalq adlandırmaq olar. İstər araq, istərsə də pivələrdən ürəyiniz nə qədər istəsə, nuş edə bilərsiniz. Bütün mağazalarda, kafe və restoranlarda spirtli içki satışı sərbəstdir.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir