Cümə , 23 İyul 2021
Home » Dünya » “Telekom Bakı” beynəlxalq voleybol turnirində ikinci yeri tutub

“Telekom Bakı” beynəlxalq voleybol turnirində ikinci yeri tutub

Türkiyənin ən nüfuzlu turnirlərindən hesab olunan 5-ci “Bogaziçi” Beynəlxalq Voleybol Turnirində ölkəmizi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin himayəsi ilə “Telekom Bakı” komandası təmsil edib.

 

Nazirliyin İctimaiyyətlə Əlaqələr Sektorundan Trend-ə verilən məlumata görə, İstanbulun “Bahçeköy” İdman Salonunda keçirilmiş 5-ci “Bogaziçi” Beynəlxalq Voleybol Turnirində “Beşiktaş JK”, “Çanakkala”, “Əczaçıbaşı SK”, “Halkbank”, “Sarıyer Bələdiyyəsi” İdman klubları öz güclərini sınayıblar.

“A” qrupunda “Telekom Bakı” ilk oyununda meydan sahibləri “Sarıyer Bələdiyyəsi” İdman Klubu ilə qarşılaşıb. Gərgin keçən oyunda komandamız 3:1 hesabı ilə qalib gəlib. Növbəti oyunda da “Beşiktaş JK” ilə oyunu yaxşı keçirən “Telekom Bakı” 3:0 hesabı ilə qalib gələrək qrup birincisi olub.

“B” qrupunda isə qalib dünya ulduzlarından təşkil olunmuş “Əczaçıbaşı SK” olub. “Əczaçıbaşı SK” “Çanakkala” və “Halkbank” komandaları üzərində 3:0 hesabı ilə qələbə qazanıb.

“Telekom Bakı” komandasının yarımfinalda rəqibi “B” qrupunun ikincisi olan “Çanakkala” olub. Baş məşqçi Zoran Qayiçin yetirmələri bu oyunda da yüksək peşəkarlıq göstərərək 3:0 hesabı ilə oyunu qalib başa vurublar. Digər yarımfinal oyununda “Əczaçıbaşı SK” “Beşiktaş JK” üzərində 3:2 qələbə qazanıb.

“Çanakkala” turnirin 3-cü yer uğrunda keçirilən oyununda “Beşiktaş JK” üzərində 3:0 hesabı ilə inamlı qələbə qazanaraq turnirin 3-cüsü olub.

5-ci “Bogaziçi” Beynəlxalq Voleybol Turnirinin final oyununda “Əczaçıbaşı SK” və “Telekom Bakı” üz-üzə gəlib. Heyəti əsasən gənc oyunçulardan qurulan “Telekom Bakı” dünya yığması hesab edilən “Eczacıbaşı SK” komandasına uduzub. Oyunu 3:0 hesabı ilə xeyrinə bitirən “Əczaçıbaşı SK” turnirin qalibi olub.

Beləliklə, “Telekom Bakı” komandası 5-ci “Bogaziçi” Beynəlxalq Voleybol Turnirində fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Komandamız bu turnirdə Yelizaveta Səmədova, Ülkər Kərimova, Olena Həsənova, Yana Əzimova, Marqarita Əzizova, Anastasiya Baidiuk, Anastasiya Bezsonova, Aleksandra Petroviç, Mariya Filipova, Jovana Vesoviç, Ksenija İvanoviç, Sladjana Mirkoviç, Gabriela Koevanın təmsil olunduğu heyətlə çıxış edib.

Check Also

Ukraynada yeni daxili işlər naziri postuna namizəd müəyyənləşib – EKSKLÜZİV

Ukraynanın bu gün istefa verən erməni əsilli daxili işlər naziri Arsen Avakovun yerinə Ali Radada …