Burda göstərilən tarixə olan xəbərlər: Çərşənbə, 13 Mart 2019
Çərşənbə, 13 Mart 2019 15:57

Gülərüz insan haqqında yazı

Bəzən elə insanlara rast gəlirik ki, onları sadəcə görmək belə kefimizi duruldur. Hey istəyirik ki, bu insanlarla birlikdə olaq, hardasa təsadüfən rastlaşaq, bir-iki kəlmə kəsək, şansımız gətirsə, lap birlikdə işləyək. Ki, hər gün görə bilək belə insanları.

Hələ bu cür insanlar görüb-götürmüş, təcrübəli olanda onlara daha çox ehtiyac duyuruq.

Özümü çox təcrübəli və çox da yaşlı biri saymasam da həyatda belə adamlarla qarşılaşdığım az olmayıb. Görmüşəm, kampaniyalarında olmağa şad olmuşam o insanların. Belələrindən biri də Vidadi Xəlilovdur.

Biz onunla xanımım Almaz Həsrətin vasitəsilə tanış olmuşduq. Onlar birlikdə işləyirlər. Almaz xanım bu işıqlı insan haqqında həmişə xoş sözlər deyir, işdən gələndə mütləq onun da salamını mənə çatdırır. Əlbəttə, belə bir insanın kimliyi şəxsimi istər-istəməz maraqlandırmalı, məni onunla görüşə cəlb etməli idi.

Biz ilk dəfə Vidadi müəllimlə onun 75 illik yubileyində görüşə bildik. Sağ olsun, bizi birlikdə dəvət etmişdi. Həvəslə qatıldıq yubiley tədbirinə. Keçmiş təhsil naziri Misir Mərdanov da daxil günümüzün ən sayılıb-seçilən elm və sənət adamlarının qatıldığı tədbirdə bizə də yer ayrılması könlümüzcə idi.

2017-ci ilin dekabrına təsadüf etmiş o yubiley tədbirindən sonra Vidadi müəllimi bir də iş yerində ziyarət edib sadəcə söhbət eləmək keçmişdi könlümdən. Həm də o cür insanın iş yerini görmək maraqlı idi. Ona görə də vədələşdik, bugünlərdə bu işıqlı insanı Təhsil İnstitutundakı iş otağında ziyarət etdim.

Gülərək, həvəslə qarşıladı məni. Bir az da utandım ki, şəxsən özü heç bir təkidimə baxmayaraq mənə çay süzdü. İş günü yeni başlasa da çox gümrah, enerjili görünməsi elə mənim də yuxudan ayılmağıma vasitəçi oldu.


Gülərüz insanla xoş bir gündən xatirə şəkli

Biz xeyli söhbət etdik. Musiqidən danışdıq, dildən danışdıq. Qarşımda oturan şəxs sözün bütün anlamlarında ağsaqqal, ziyalı, pedaqoq idi.

Milləti düşünür Vidadi müəllim. Ən adi insanları düşünür, ölkənin taleyini düşünür. Gəlmiş keçmiş elm və sənət adamlarına sayğılıdır. Onların xatirəsini hələ də ayaqda tutur.

Kimləri xatırlamadıq biz qısa söhbət əsnasında? Akademik Mehdi Mehdizadə, bəstəkar Süleyman Ələsgərovdan tutmuş günümüzün sənət ulduzları Səkinə İsmayılova, Mənsum İbrahimov, Arif Babayevə qədər böyük insanlar haqqında danışdıq.

Muğamdan danışdıq, milli musiqidən söz açdıq bu işıqlı şəxsiyyətlə. Ana dilimizə edilən hücumları dilə gətirdik.

Mən, nisbətən gənc və müqayisədə xeyli təcrübəsiz biri olaraq Vidadi müəllimlə söhbəti özüm üçün fürsət bildim. Maarifləndim xeyli. Və sevindim. Sevindim ki, bu şəxsiyyəti – işıqlı insanı şəxsən tanıyıram, onunla üzbəüz oturub söhbət edirəm.

Təvazökar insandır Vidadi müəllim. Bir az da yaxşı mənada köhnə kişidir. İş otağına göz gəzdirəndə bunu görməmək, sezməmək mümkün deyil. Buranı hətta kiçik bir muzey də adlandıra bilərik.

Divarlarda müxtəlif şəxsiyyətlərin şəkilləri asılıb. Bir tərəfdə qrammofon valları qalaqlanıb. Hamısı işləkdir. Patefon da öz yerində. Digər tərəfdə kasetli iri bir maqnitofon var.

Kitablar, qəzetlər, müxtəlif təsvirlər də nəzərdən qaçmır. Balaca bir otaqdır, amma nəhəng bir yer təsiri bağışlayır. Yəqin ki, Vidadi müəllimin aurası, bir də keçmişə sayğılı olub yeniliklərə açıqlığıdır bu darısqal otağın belə nəhəng təsiri bağışlamasına səbəb.

Xeyli söhbət etdik. Vaxtımız uçub getdi. Xəbərimiz belə olmadı. Ayrıldıq, mən işimə yollandım. Bakının tıxaclarından keçib birtəhər özümü iş yerimə çatdırdım.

Həmin günüm çox şən keçdi. Özümü çox çevik, həvəsli, yaradıcı hiss etdim. Əslində, hər gün beləyəm. Amma o gün daha qıvraqdım, daha çevikdim. Sadəcə Vidadi müəllimlə görüşüb kəlmə kəsmək şəxsimi bir qədər də motivə etmişdi.

Hə, oxucu sual edə bilər ki, kimdir axı bu Vidadi müəllim? Heç şübhəsiz, belə sual verəcək şəxslərin sayı az olar. Hər nə qədər olmasa bu təvazökar və gülərüz insan yetərincə tanınan birisidir. Amma yenə də kimdəsə o sualın yarana biləcəyini nəzərə alıb Vidadi müəllim haqqında qısa bilgiləri təqdim etməyi gərəkli sandım.

Vidadi Cəmil oğlu Xəlilov 25 dekabr 1942-ci ildə Cəbrayıl rayonunun Çərəkən kəndində anadan olub. Pedaqogika üzrə elmlər doktoru, professordur. Azərbaycan Respublikasının Əməkdar müəllimi, Rusiya Pedaqoji və Sosil Elmlər Akademiyasının həqiqi üzvüdür.

1977-ci ildə Azərbaycan SSR-in “Qabaqcıl maarif xadimi” adına layiq görülüb. 1982-ci ildə isə “SSRİ maarif əlaçısı” kimi yüksək dəyərə layiq bilinib. Elə həmin il “Respublika Lenin komsomolu mükafatı laureatı” adını qazanıb. 1997-ci ildə “Akademik Mehdi Mehdizadə mükafatı laureatı”, 2006-cı ildə isə “Azərbaycan Respublikasının Əməkdar müəllimi” kimi fəxri adlara layiq görülüb.

Vidadi müəllim bu zəngin həyatında musiqi, təsviri incəsənət, estetika, estetik tərbiyə üzrə 40 adda monoqrafiya, proqram və dərslik, 200-dən çox məqaləyə müəlliflik etmişdir.

Sözardı: Vidadi müəllim həm də bir ailə başçısı, ata olaraq gözəl əsərlər müəllifidir. Bu gün Azərbaycanda və ondan kənarda tanınan, milli geyim məsələlərimizdə həssaslığıyla seçilən modelyer Gülnarə Xəlilova da bu gözəl insanın övlad əsərlərindən biri, ailəmizin yaxın dostudur.

Vidadi Xəlilovun 75 illik yubileyindən. Dekabr, 2017.

Nəşr olunub CƏMİYYƏT

2017-ci ildə ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin daşıyıcılar üzərində nəzərdə tutulan reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Sahibkar açıq məkanda reklam yerləşdirmək üçün onu qeydiyyatdan keçirməlidir. Bunun üçün Azərbaycan Dövlət Reklam Agentliyinə (ADRA) müraciət etməlidir. Sənədlər həm birbaşa, həm də online şəkildə təqdim edilə bilər. Bundan sonra Agentlik sahibkara texniki çıxarış və icazə sənədi verməlidir. Yalnız ADRA-dan icazə alındıqdan sonra reklam daşıyıcısı qeydiyyatdan keçirilmiş hesab olunur.

Qurum yaradılarkən, əksəriyyət bu sahədəki neqativlərin aradan qaldırılacağına, reklam sahəsinin şəffaflaşacağına, eyni zamanda daha da inkişaf edəcəyinə ümid bəsləsə də, müşahidələr bunun əksinin baş verdiyini göstərir.

O dərəcədə ki, 2015-ci il devalvasiyalarından sonra banklar müştərilərlə necə rəftar edirdilərsə, indi həmin funksiyanı ADRA sahibkarlara qarşı fərqli şəkildə yerinə yetirir.

Sahibkar qanuni sahib olduğu obyektinə ad verə bilmir. ADRA sahibkarla müqavilə bağlamaq əvəzinə, əvvəlki fəaliyyətini təftiş edir. Bir az da konkretləşdirsək, bu sahə bir bazarlıq aləmi olub. Konkretlik yoxdur, agentlik əməkdaşları istədikləri qiyməti təklif edirlər. Təkliflərlə razılaşmayan sahibkarlar isə məhkəməyə verilir. İndi saysız-hesabsız sahibkar var ki, agentliklə məhkəmə çəkişmələrindən əziyyət çəkir.

Hazırda sahibkarlarla ADRA arasında yüzlərlə məhkəmə çəkişməsi var. Ən qəribəsi budur ki, məhkəmə prosesləri sahibkarların iştirakı olmadan keçirilir və çıxarılan qərar onların əleyhinə olur. Nəticədə sahibkar “qanunsuz” fəaliyyətə görə külli miqdarda cərimələnir. Bundan sonra isə ADRA-nın sözün əsl mənasında yeni alveri başlayır. Kimə, necə, hansı məbləğdə gəldi qiymət “oxuyur”.

Problemlər həll olunmaq əvəzinə o dərəcədə qabarmağa başlayıb ki, hətta bu ilin fevralında parlamentin plenar iclasında deputat Qüdrət Həsənquliyev “Gənclər siyasəti haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı Azərbaycan Dövlət Reklam Agentliyinin ləğvini təklif edib.

Ölkə Prezidenti İlham Əliyev sahibkarlığın inkişafı ilə bağlı bütün mümkün şəraitin yaradılması üçün əhəmiyyətli addımlar atır. Əsassız yoxlamalar, lüzumsuz məmur müdaxiləsi kimi sahibkarlığın inkişafına mane olan faktorlar demək olar ki, aradan qaldırılıb. Ancaq müşahidələr onu göstərir ki, Azərbaycan Dövlət Reklam Agentliyi öz fəaliyyəti ilə bu kimi işlərə kölgə salır.

Bu kimi neqativlər nə zaman aradan qaldırılacaq? Bütün sahibkarları maraqlandıran bu suala biz də cavab tapmaq istəyirik. Ümid edək ki, Azərbaycan Dövlət Reklam Agentliyi sözdə deyil, əməldə bu kimi halların qarşısının alınması üçün, dövlət başçısının sahibkarlığın inkişafı ilə bağlı atdığı addımlara mane olmamaq naminə əməli fəaliyyətə keçəcək.

Ümid edək...

Nəşr olunub CƏMİYYƏT

Ronaldodan Simeoneyə ağır cavab - <span style=color:#c0392b>VİDEO</span>

Boyukmillet.com-un məlumatına görə, o,  Çempionlar Liqasının 1/8 finalında Madrid klubu  ilə matçda (3:0) vurduğu üçüncü qoldan sonra argentinalı mütəxəssisin ilk matçda etdiyi  hərəkəti təkrarlayıb.

Qeyd edək ki, D.Simeone Turin təmsilçisi ilə ilk görüşdə rəqib komandanın qapısına vurulan ilk qol sevincini qeyri-etik şəkildə qeyd etmişdi. Bu hərəkətinə görə o,UEFA tərəfindən 20 min avro məbləğində cərimələnib.

Nəşr olunub İDMAN

Ölkə başçısı İlham Əliyevin oğlu Heydər Əliyev hərbi xidmət keçdiyi halda Gəncədə yerləşən 2 saylı istintaq təcridxanasının rəisi Ruslan Rəsulovun oğlu Məhərrəm Rəsulovun adı, atasının rəis olduğu türmənin yaxınlığındakı hərbi hissədə, özü isə Gəncədəki əyləncə mərkəzlərindədir.Rəisin oğlu Gəncədə Xan bağına bitişik hərbi hissədə guya xidmət keçir. Söz yox ki, təcridxana ilə hərbi hissə qonşudu və əsgər hər an atasının qayğısını görür, himayəsi altında olur. O, istədiyi saatda evinə gəlib gedə bilir. Maraqlı fikir ortaya çıxır. Ölkənin birinci şəxsinin oğlu qanuni xidmət edir, ancaq türmə rəisinin oğlu parkın başındakı hərbi hissədə kef edir, bütün günü evdə, şəhərdə istədiyi kimi əylənir.Hörmətli oxucular, yuxarıda bəhs etdiyimiz 2 saylı İstintaq Təcridxanasının rəisi ilə bağlı yaxın günlərdə daha geniş araşdırma yazımızı Boyukmillet.com-un çoxsaylı oxucularının diqqətinə çatdırmağa çalışacağıq. Bizi izləməyi unutmayın!

Nəşr olunub CƏMİYYƏT

Ermənistan rəhbərliyinin danışıqları dayandırmaq istiqamətində növbəti təxribatçı addımı; politoloq: “Azərbaycan Qarabağ məsələsinin hansı yolla həll edilməsi qərarını verə bilər...”

Ötən həftə Avropa İttifaqından və ATƏT-in Minsk Qrupu həmsədrlərindən danışıqların formatının dəyişdirilməsi ilə bağlı iddialarına rədd cavabını alan Ermənistan rəhbərliyi çıxış yolunu növbəti təxribata əl atmaqda gördü. Baş nazir Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə son səfəri və burada şou sərgilməsinə başqa ad vermək mümkün deyil.

Ölkə daxilindəki rəqibləri revanşa hazırlaşan, üstəlik, xalqın gündən-günə artan etirazları ilə üz-üzə qalan Paşinyan Qarabağla bağlı radikallığa üstünlük verməklə kreslosunda möhkəmlənməyi hədəfləyib. Beynəlxalq aləm ondan Qarabağ məsələsi ilə bağlı, nəhayət, konkret addımlar atmasını gözlədiyi halda, erməni baş nazir vəziyyəti gərginləşdirməyə yönəlik kursa üstünlük verməyə başlayıb.

Xəbər verildiyi kimi, erməni baş nazir işğalçı ölkə və separatçı rejim rəhbərlərinin iştirakı ilə ilk dəfə Azərbaycanın işğal altındakı torpaqlarında keçiriləcək Təhlükəsizlik Şurasının iclasında iştirak etmək üçün Xankəndinə gəlib. Həmçinin o, işğal zonasında hərbi xidmətdə olan oğlu ilə şəkillərini də sosial şəbəkələrdə paylaşmaqla açıq şəkildə təxribat yolunu seçdiyini nümayiş etdirib. 

Maraqlısı budur ki, Ermənistan prezidenti Armen Sərkisyan martın 12-də Azərbaycanın işğal altında olan Xankəndi şəhərində keçirilən Ermənistan Təhlükəsizlik Şurasının iclasına qatılmaqdan imtina edib. Ermənistan KİV-i xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin Prezident Aparatının ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib. Məlumata görə, A.Sərkisyana tədbirdə iştirakla bağlı dəvət martın 11-də gecə saatlarında çatdırılıb: “Ancaq texniki səbəblərə görə prezident Təhlükəsizlik Şurasının iclasında iştirak etməyəcək”. “Report” xatırladır ki, martın 11-də Ermənistanın baş naziri Nikol Paşinyan, xarici işlər naziri Zöhrab Mnatsakanyan və Milli Təhlükəsizlik Xidmətinin başçısı Artur Vanetsyan da Qarabağa gəliblər.

Təhlilçilər A.Sərkisyanın tədbirə gec dəvət edilməsini baş nazirlə prezident arasında inamsızlıqla əlaqələndirirlər. Ancaq müşahidələr göstərir ki, Qarabağ danışıqlarından kənara sıxışdırılan A.Sərkisyan N.Paşinyandan fərqli mövqe sərgiləməyə üstünlük verir. Ola bilər ki, erməni prezident Paşinyanın taleyinin qaranlıq olduğunu bildiyindən onunla məsuliyyəti bölüşməkdən imtina xəttini yürüdür.

Yuxarıda qeyd etdiyimiz kimi, Minsk Qrupu bu günlərdə bəyanatla çıxış edib. Həmsədrlər İrəvanı fitnəkar ritorikadan çəkinməyə və danışıqların Dağlıq Qarabağın ətrafındakı rayonların Azərbaycana qaytarılması prinsipi əsasında aparılmasına çağırıblar. Ekspertlər hesab edir ki, bu, rəsmi İrəvanın mövqeyini darmadağın edən bəyanatdır və Ermənistanın substantiv danışıqlardan qaçmaq imkanlarını məhdudlaşdırır. Eyni zamanda Brüsseldə Paşinyanın nəzərinə çatdırılıb ki, danışıqlar ilkin şərt qoyulmadan və format dəyişikliyi olmadan davam etdirilməlidir.

Ermənistanın baş naziri Nikol Paşinyan isə həmsədrlərin son bəyanatından sonra yeni plan üzərində fikirləşir. Publika.az xəbər verir ki, bu haqda Ermənistanın “Past” nəşri mənbələrinə istinadən yazıb. “Ölkə hakimiyyətində Qarabağ məsələsi üzrə bir neçə variant var. Ancaq xüsusilə həmsədrlərin son bəyanatından sonra bizim məlumatlarımıza əsasən, Paşinyan yeni plan üzərində düşünməyə başlayıb. O, çox xoş olmayan proseslərin perspektivi halında növbəti ”günah keçisi"ni axtarmağa başlayacaq və məsuliyyəti xarici siyasətə görə cavabdeh şəxs kimi Zoqrab Mnatsakanyanı üzərinə qoyacaq. Bu halda, o sadəcə, bir tərəfdən vaxt udmaq, digər tərəfdən günahın bütün yükünü Zoqrab Mnatsakanyanın üzərinə atmaq üçün onu əvəzləyəcək", - nəşr qeyd edib.

İstənilən halda, Avropa İttifaqından və həmsədr ölkələrdən gələn sərt mövqelər Paşinyana ardıcıl endirilən zərbələr kimi xarakterizə oluna bilər. Azərbaycan prezidenti ilə görüşməyə hazır olduğunu iddia edən N.Paşinyanın sərgilədiyi mövqe danışıqları deyil, hərbi variantı önə çıxarır. Faktiki olaraq Ermənistanın baş naziri Azərbaycana müharibə təklifini etdi və bu gedişlə davam edərsə, istədiyini alacaq. Çünki Azərbaycan dəfələrlə bəyan edib ki, işğala son qoyulmasa və İrəvan status-kvonu izatmaqda israrlı olsa, o halda ərazilərin istənilən yolla azad edilməsi variantının alternativi qalmayacaq, çünki rəsmi Bakının səbri sonsuz deyil. N.Paşinyanın həyat yoldaşı və komandası ilə Azərbaycan ərazilərinə gələrək burada Ermənistanın Təhlükəsizlik Şurasının iclasını keçirməsi beynəlxalq hüququn növbəti dəfə kobud şəkildə pozulmasıdır. Hansı ki, ötən il seçkiöncəsi ağır dövrünü yaşayan N.Paşinyan Azərbaycan prezidenti ilə görüşdə atəşkəsin qorunub-saxlanması ilə bağlı razılıq əldə edəndən sonra danışıqların davam etdirilməsi mövqeyindən çıxış edirdi. Lakin onun son davranışları danışıqlar prosesinin ruhuna zidd olmaqla yanaşı, özünün əvvəlki bəyanatları ilə də ziddiyyət təşkil edir. Məsələ burasındadır ki, N.Paşinyan hakimiyyətə yeni gələn zaman Ermənistanın Dağlıq Qarabağın daxili işlərinə qarışmasını mümkünsüz sayaraq, danışıqlarda “Qarabağ xalqı”nın tərəf kimi iştirakı zərurətindən dəm vururdu. Əgər Paşinyanın iddia etdiyi kimi, Ermənistan Dağlıq Qarabağ separatçılarının “daxili işlərinə” qarışa bilmirsə, onda işğalçı ölkəyə aid qurumun toplantısının bu bölgədə keçirilməsinin özü də məntiqsizdir, həm də prosesi savaşa sürükləyən təxribatçı addımdır. Bu minvalla Azərbaycan N.Paşinyanı Qarabağa gətirən istənilən nəqliyyat vasitəsini məhv etmək hüququndan istifadə edə bilər, artıq erməni tərəf buna özü zəmin hazırlayır. Xalqların sülhə hazırlanması barədə Paris anlaşmasının ardınca Ermənistanın sərgilədiyi davranışın sülhə qətiyyən aidiyyəti yoxdur.

Bu mənada Azərbaycan tərəfinin genişmiqyaslı hərbi təlimləri davam etdirməsində qeyri-adi heç nə yoxdur. Günün birində təmas xəttində yarana biləcək gərginliyə görə şübhəsiz ki, Ermənistan məsuliyyət daşıyacaq. Aprel dərsinin ildönümünə isə çox qalmayıb...

Картинки по запросу Politoloq Arzu Nağıyev

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında Ermənistanın təxribatlarından bəhs etdi: “Münaqişə tarixində birinci dəfədir ki, Ermənistan Təhlükəsizlik Şurasının toplantısı Xankəndində keçirilir. Bunun özü absurd bir məsələdir. Yəni Paşinyanın qeyri-adekvat bəyanatlarından sonra belə bir addım atması da daxili siyasətə hesablanan bir variantdır. Guya ki, Xankəndində keçirilən toplantıda qondarma qurum tərəfindən Paşinyana danışıqlarda təmsilçiliklə bağlı mandat veriləcəkdi. Danışıqlar formatının dəyişdirilməsinə Azərbaycan tərəfi mənfi reaksiya verdikdən sonra Avropa İttifaqı da öz bəyanatını verdi və formatın dəyişməz qalaçağını bildirdi. Paşinyanın səfəri təbii ki, bir planlaşdırılmayan səfər deyil, nə qədər buna rəsmiyyət donu geyindirməyə çalışsalar da, ciddi krizis yaşanır. Bir müddət öncə təhlükəsizlik xidmətinin nümayəndə heyətinin səfəri və s. bununla birbaşa əlaqəlidir”.

Politoloqa görə, Paşinyan mütləq şəkildə ATƏT-in bəyanatını diqqət mərkəzində saxlayacaq və separatçıları sakitləşdirməyə çalışacaq: “Çünki o, parlamentdə verdiyi sözün üstündə dura bilmədi. Hətta separatçılar belə bir şayiə yayırlar ki, guya format dedikdə ATƏT öz formatını nəzərdə tutur. Belə rəy yaratmağa alışır ki, Azərbaycan tərəfi Fransanın Türkiyə ilə əvəzlənməsini istəyir. Təbii ki, bunlar boş sözlərdən başqa bir şey deyil. Yəni Paşinyanın səfərində əsas məqsədi özünə bəraət qazandırmaqdır”.

A.Nağıyevıin sözlərinə görə, gələcək danışıqlarda Ermənistan yenə də öz fikrində qalacaq və çalışacaq ki, qondarma qurum danışıqlarda iştirak etsin: “Bununla belə, Paşinyan dərk edir ki, mütləq şəkildə danışıqlarda iştirak edəcək. Çünki əks halda baş verə biləcək istənilən insidentə görə birbaşa cavabdehlik onun üzərində qalacaq və o da sələflərinin yolunu təkrar edəcək. Danışıqlara gəldikdə, ermənilər çalışacaqlar ki, konkret nəticələr əldə edilməsin və bunlar bir daha formatla bağlı problem qaldırsınlar. Təbii ki, Azərbaycan tərəfi də buna yol verən deyil. İnandırıcı deyil ki, Paşinyan güzəştli bir variantı separatçılara təklif edə bilsin, buna onun nə mənəvi, nə də başqa cür haqqı çatmaz, müharibə və ya hərbi yola gəlmək də inandırıcı görünmür. Çünki bu, Paşinyan tərəfindən həll olunmur və bu qərarı o verə bilməz”.

Politoloq qeyd etdi ki, son vaxtlar Ermənistan rəhbərliyi qeyri-adekvat bəyanatlar verməklə əsas məqsəd kimi danışıqlar formatının dəyişdirilməsini ön plana çəkir: “Burada da bir sıra məqsədlər güdən Paşinyan və onun komandası bununla həm daxili, həm də xarici siyasəti dəyişdirməyə çalışır. Daxildə iqtisadi və siyasi vəziyyət pik nöqtəsinə çatıb. Belə ki, aprel ayında artıq hakimiyyətə gəldiyinin bir ili tamama olan paşinyançılar hesabat verməyə hazır deyillər, çünki Köçəryanın həbsi, Xaçaturova qarşı ittihamlar, Sərkisyanın cinayətə cəlb edilmə cəhdləri daxili gərginliyi azaltmır. Buna görə də ”Qarabağ kartı" yenə işə salınıb. Orada da əsas siyasət ancaq qondarma qurumun danışıqlara cəlb edilməsini qabartmaq ola bilər. Təbii ki, bu məsələ havadarlarla da razılaşdırılıb".

Politoloq hesab edir ki, istər İranda, istərsə də Brüsseldə Paşinyan diasporun rəğbətini qazanmaq üçün populist çıxışlar edib: “O, Azərbaycanın münaqişənin həllində hərbi yola əl atacağını gündəmə gətirir. Lakin Ermənistan xüsusi xidmət orqanlarının rəhbərliyini niyə işğal olunan ərazilərə göndərdiyini dilinə də gətirmir, müdafiə nazirinin hücum taktikası seçmə bəyanatından danışmır”.

Ekspert ATƏT-in Minsk Qrupunun mövqeyinin və ATƏT sədrinin regiona səfəri zamanı səsləndirdiyi fikirlərin deklorativ bəyanatlardan o yana keçmədiyini bildirdi: “Əgər danışıqlar iki dövlətin XİN rəhbərliyi səviyyəsində aparılırsa və bu ATƏT-i qane edirsə, onların susması absurd görünür. Əks halda, bu özbaşınalıqlar sanki onlarla razılaşdırılan kimi görünür. İlk növbədə ATƏT-ın Minsk Qrupu öz sözünü deməlidir, bundan sonra Azərbaycan tərəfi Qarabağ məsələsinin hansı yolla həll edilməsi qərarını verə bilər. Çünki ərazilərimizlə bağlı qərar qəbul etmək suveren dövlət kimi bizim müstəsna səlahiyyətimizdə olan məsələdir”.

Nəşr olunub SİYASƏT

Beynəlxalq Türk Akademiyasına üzv ölkələrin mütəxəssisləri “Türk dünyası coğrafiyası” dərsliyinin proqramı layihəsini müzakirə etmək məqsədilə Qazaxıstanın paytaxtı Astanada bir araya gəliblər.

Boyukmillet.com xəbər verir ki, üç gün davam edən toplantıda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin elm və təhsil nazirliklərinin nümayəndələri və coğrafiya üzrə ekspertlər iştirak ediblər.

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali bildirib ki, yeni tədris proqramı əsasında hazırlanacaq dərslik gənclərdə Ötükəndən Balkanlara qədər uzanan geniş coğrafiyaya, müqəddəs məkanlara dair təsəvvür formalaşdıracaq. Bu layihənin bütün türk dünyası üçün böyük bir qazanc, sərvət olacağını bildirən akademiya rəhbərinin sözlərinə görə, dörd ölkənin mütəxəssislərinin razılaşdırdığı tədris proqramı həm də keyfiyyətli dərsliyin təminatıdır.

İclasda ekspertlər üzv ölkələrin orta məktəblərində seçməli fənn kimi öyrədiləcək “Türk dünyası coğrafiyası”nın proqram layihəsi ilə bağlı fikirlərini bölüşüb, dərsliyin türkdilli dövlətlərdə öyrədilməsinin əhəmiyyətini vurğulayıblar. Beynəlxalq Türk Akademiyasının türk dünyası üçün ortaq dərsliklərin hazırlanması istiqamətindəki fəaliyyəti təqdir edilib.

Qeyd edək ki, “Türk dünyası coğrafiyası” fənninin tədris proqramı və dərs vəsaiti ötən il sentyabrın 3-də Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI zirvə toplantısının birgə bəyanatı və 2015-ci il sentyabrın 5-də Astanada TDƏŞ təhsil nazirlərinin IV toplantısında qəbul olunan qərarlar əsasında hazırlanır.

Bununla yanaşı, Beynəlxalq Türk Akademiyası “Ortaq türk tarixi” və “Ortaq türk ədəbiyyatı” tədris vəsaitlərini də hazırlayıb.

Nəşr olunub MƏDƏNİYYƏT

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Elçin Babayevin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Boyukmillet.com sərəncamın mətnini təqdim edir:

Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilsin.

Prezidentin digər sərəncamı ilə Elçin Babayev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsindən azad edilib.

(Axar.az)

Nəşr olunub RƏSMİ XRONİKA
Prezident İlham Əliyev “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
 
Sərəncamda qeyd edilir ki, “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 511, № 7 (II kitab), maddə 1574, № 11, maddə 2287) aşağıdakı dəyişikliklər edilsin:
 
1.1. 1-ci hissədə “165” rəqəmləri “200” rəqəmləri ilə əvəz edilsin;
 
1.2. həmin Sərəncamla təsdiq edilmiş 2 nömrəli Əlavənin 2.4.1.1–2.4.1.4-cü yarımbəndlərində “185”, “175”, “170” və “165” rəqəmləri müvafiq olaraq “215”, “210”, “205” və “200” rəqəmləri ilə əvəz edilsin.
 
Sərəncam 2019-cu il martın 1-dən tətbiq edilir.
Nəşr olunub RƏSMİ XRONİKA

 

“…Bütün bunların, o cümlədən, Horadizdə sərhədçilərimizə atılan güllənin Tehranın Vaşinqtona mesajı olduğunu istisna etmək olmaz. Yəni, bu, Qarabağda ABŞ-ın təşəbbüsü ilə beynəlxalq sülhməramlılar yerləşdirilməsi planına İranın demarşı ola bilər”.Geopolitika elmində belə bir bənzətmə var: dövlət bir bədəndirsə, sərhədlər onun əl-qolu, ətraflarıdır. Dövlətin təhlükəsizliyi sərhəddən başlayır, vətən də sərhəddən başlayır, sərhəddə bitir.
2018-ci ilin sentyabrında DSX rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycanda səfərdə olan İsrailin müdafiə naziri Libermanla görüşdü və regiondakı vəziyyəti müzakirə etdi. Görüş barədə deyilirdi ki, “müzakirələr zamanı bölgədə cərəyan edən hadisələr, sərhəd təhlükəsizliyinə olan çağırışlar və təhdidlər ətrafında fikir mübadiləsi aparılıb, birgə əməkdaşlığın perspektivləri və istiqamətləri nəzərdən keçirilib, ikitərəfli əlaqələrin uğurla inkişaf etdirilməsi istiqamətində fəaliyyətlərin davam etdirilməsinin vacibliyi bildirilib”.


Oktyabr ayında Amerika prezidentinin müşaviri Bolton regiona səfər etdi və vurğuladı ki, Vaşinqton bölgə dövlətlərinə silah satmağa hazırdır. İran təşvişə düşdü: Vaşinqton düz İranın qulağının dibində, Cənubi Qafqazda öz geosiyasi, hərbi strategiyasını həyata keçirməyi qərara almışdı və bu, İrana qarşı sanksiyalar fonunda cərəyan edə bilərdi. 
Bundan 2 ay sonra, 2018-ci il dekabrın 11-də İranın sərhəd qoşunlarının komandanı, general-mayor Qasım Rzayi Azərbaycana gəldi və Elçin Quliyevlə görüşdü, 2019-cu il yanvarın 9-da iki sərhəd komandanı yenə də Azərbaycanda, Biləsuvarda görüşdülər. Bundan iki il əvvəl də E.Quliyev İranda olmuşdu və İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Hüseyn Bagiri ilə görüşlər keçirmişdi. Azərbaycan sərhəd komutanının İran ordusunun baş qərargah rəisi ilə görüşməsi bir daha onu göstərdi ki, İran Azərbaycanla sərhəd məsələsini özünün milli təhlükəsizliyinin mühüm bir hissəsi kimi qiymətləndirir.


O zaman hələ Xəzərin statusu müəyyən edilmədiyindən, görüşdə dövlət sərhədində və Xəzər dənizində şərait, habelə, iki ölkə arasında sərhəd təhlükəsizliyinin növbəti dövrdə inkişaf tendensiyaları barədə fikir mübadiləsi aparılmışdı. ABŞ Azərbaycana 907-ci düzəliş əsasında silah satışına qadağa qoysa da, lakin sərhəd təhlükəsizliyi üçün lazım olan texnikanı verir. Azərbaycan-İran sərhədi regionda ABŞ, İsrail və İranın diqqətində olan əsas sərhəd xəttidir desək, yanılmarıq. Xəzərin statusunun həllini tapmasında da ABŞ-ın, gələcəkdə NATO-nun dənizdə sərhəd mühafizəsi məqsədilə Azərbaycanla yaxınlaşma, xüsusilə hərbi-texnika ayırması ehtimalından İranın narahat olması idi. 
Əbəs deyil ki, Tehran uzun illər sürən inadından nəhayət ki, bu il, Boltonun səfərinə cəmi ikicə ay qalmış əl çəkdi. Son dövrdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində Müdafiə Nazirliyinin qoşunlarının sərhəd xidmətinin qoşunları ilə əvəz olunması barədə həmsədrlərin təklifləri səslənirdi. Bir çox dövlətlərdə sərhəd qoşunları milli təhlükəsizliyin ayrılmaz hissəsi olan sərhəd təhlükəsizliyini qoruyan əsas silahlı qüvvə, qoşun növüdür. Sovet dövründə bu qoşunlar DTK-nın tərkibində idi. Lakin hazırda bu funksiyanı Dövlət Sərhəd Xidmətinin müvafiq qoşun növü həyata keçirir.
Sərhədlərimizin İran tərəfdən pozulması mütəmadi hal alıb. Bu təxribatçı əməlləri həyata keçirən əsasən narkotik qaçaqmalçılığı ilə məşğul olan adi cinayətkarlar, qaçaqmalçılar, mütəşəkkil cinayətkar qruplardır. Lakin istisna edilmir ki, bu məsələlərdə siyasi motivlər də olmamış deyil. Əgər İslam Respublikasının prezidenti Ruhani Azərbaycana qarşı cəfəng iddialarla çıxış edirsə, həmin ölkənin sərhədi məqsədli şəkildə pozub, Azərbaycana və onun müttəfiqlərinə, strateji tərəfdaşlarına güc nümayişi yolu ilə demarş etməsinə kim və necə mane ola bilər?!


İran Orta Şərqdə böyük strateji məqsədlərə hədəflənmiş geosiyasi planlar həyata keçirir, bir neçə ölkəni vahid yarımhəlqədə birləşdirib “şiə hilalı” yaratmaqla ABŞ, İsrail, Səudiyyənin “Daha böyük Orta Şərq” planlarına mane olmağa çalışır, Hizbullah, Həmas, Həşdi-Şabi, İran İslam Keşikçiləri Korpusunun Qüds briqadası vasitəsilə Orta Şəqrdəki geosiyasi ambisiyalarını həm də hərbi-kəşfiyyat vasitələrilə həyata keçirir. İranın Suriyadakı hərbi iştirakı əsasən Livanla sərhəddə təmərküzləşib və məqsəd Livan, Fələstindəki Hizbullahla, Yəməndəki Husilərlə rabitəni itirməməkdir. Yaxın Şərqdə İran Qasım Süleymani, İsmayıl Haniyə, Müqtəda əs-Sədr, Əbu Əzrail, Şeyx Nəsrullah kimi komandirlərlə öyünür. Dövlət büdcəsində ötən il öz Orta Şərq strategiyasının hərbi-siyasi məqsədlərlə həllinə İran 11 milyard dollar ayırmış və bu, ölkədə böyük narazılıqlara səbəb olmuşdu.


İran kimi bir dövlət öz şimal sərhədlərini nəinki diqqətdən kənar qoymur, üstəlik, vaxtaşırı müxtəlif yollarla gücünü nümayiş etdirir. Xüsusilə, Ermənistanda rəngli inqilab İranı xeyli narahat etdi. Paşinyanın NATO səfərləri öncəsi İranın Yerevandakı səfirinin Ermənistan rəsmiləri, xüsusilə Müdafiə Nazirliyində görüşlər keçirməsi diqqətəlayiq haldır. Təbii ki, İran Qarabağda beynəlxalq sülhməramlıların yerləşməsi ehtimalını öz təhlükəsizliyinə təhdid hesab edir. Sual olunur: niyə insidentlər İran-Ermənistan sərhədində yox, İran-Azərbaycan sərhədində baş verir?! Qaçaqmalçılar, mütəşəkkil cinayətkar dəstələr üçün nə fərqi var İranın Ermənistanla, yaxud Azərbaycanla sərhədindən Rusiyaya, Avropaya mal daşımağın?! İran-Azərbaycan sərhədinin cəbhə xəttindəki hissəsində, tam 132 km. boyunca işğal olunmuş ərazidə nəzarəti işğalçı Ermənistanın qoşunları həyata keçirir. Dağlıq Qarabağ vasitəsilə, nəzarətdənkənar bölgədən narkotika keçirmək daha asan deyilmi?!


Münaqişənin həllinə dair təşəbbüslərin səsləndirildiyi indiki məqamda məhz qoşunların təmas xəttinə yaxın ərazidə sərhəd qoşunlarımıza atəş açılması şübhəlidir. Əgər atəş açanlar adi cinayətkarlardırsa, odlu silahı özləri ilə sərhədə qədər necə daşıyıblar, sərhədi pozmaq istəyərkən İran sərhədçiləri niyə onlara mane olmayıb?! Niyə Horadiz, Göytəpə, Culfa, Biləsuvar sərhəd məntəqələrində cənub istiqamətindən vaxtaşırı sərhədçilərimizə atəş açılır, halbuki, Azərbaycan tərəfindən İran sərhədçilərinə qarşı belə bir hücum heç zaman qeydə alınmayıb. İranın Yaxın Şərqi lərzəyə gətirən təhlükəsizlik qüvvələri niyə Azərbaycana hücumların qarşısını almır?


Halbuki, 2013-cü ilin noyabr ayında İran Naxçıvan sərhədindəki atışmanı bəhanə edərək, Culfa keçid-sərhəd məntəqəsini bağlamışdı. 2017-ci ilin dekabrında isə İran və Ermənistan Naxçıvana yaxın Mehridə, İran-Ermənistan sərhədində Azad İqtisadi Zonanın yaradılması, bu ərazinin Avrasiya İqtisadi Birliyinin 7 əsas azad ticarət zonasından birinə çevrilməsinə dair birgə qərar verdilər. Hətta İran və Ermənistan bu bölgəyə Avropa, Çin, Rusiya şirkətlərini səhmdar qismində dəvət etmək fikrində idilər. Gördüyümüz kimi, İran Ermənistanla sərhəddə işğalçını blokadadan çıxarmaq üçün illərlə davam etdirdiyi siyasətinə ara vermir, lakin Azərbaycanla sərhəd məntəqəsini gah bağlayır, gah da onun mühafizəsinə yumşaq halda desək, laqeyd yanaşır.


Məlumatlara görə, Paşinyanın Tehran səfərindən sonra ermənilər Dağlıq Qarabağın İranla hüdudda işğal altında saxladıqları 132 km sərhəd xəttini tələsik möhkəmləndirməyə başlayıblar. Bu, o vaxta təsadüf edir ki, Qərbdə Ermənistanın nəzarətdə saxladığı Azərbaycan-İran sərhədinin Qarabağdan keçən hissəsindən narkotika, qeyri-qanuni silah ticarəti və sənaye miqyasında təbii resursların qaçaqmalçılığının geniş vüsət aldığı barədə geniş kampaniya aparılır. Burada bir xatırlatma edək ki, bir neçə il öncə Wikileaks sənədlərində Ermənistanın sanksiyalar altında olan İranla gizli silah ticarəti, habelə Tehranın “çirkli pulları”nın məhz Ermənistan bankları vasitəsilə yuması barədə məlumatlar var idi. Yəni, Ermənistan-İran və işğal olunmuş Azərbaycan-İran sərhədinin Dağlıq Qarabağ hissəsindən ermənilərlə İranın qeyri-qanuni məqsədlər üçün istifadəsi sirr deyil və ABŞ kəşfiyyatı bu barədə kifayət qədər məlumatlıdır.
ABŞ çıxış yolu kimi nəzarətsiz ərazini Azərbaycana qaytarmaq səylərini gücləndirərək, Paşinyana Qarabağ məsələsinin həllində təzyiq göstərir. Digər variant isə Qarabağda BMT-nin beynəlxalq sülhməramlıların yerləşdirilməsi təklifidir ki, onun əsas məqsədi Vaşinqtonun sanksiya tətbiq etdiyi İranın ermənilərin işğal etdiyi və İranın qeyri-qanuni fəaliyyəti üçün istifadə etdiyi 132 km.lik İran-Azərbaycan sərhədinin Qarabağ hissəsinin beynəlxalq qüvvələr tərəfindən nəzarətə alınmasıdır. Həmin ərazi nəzarətə alınmazsa, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyanın effekti zəifləyəcək və Vaşinqtonun 6 trilyon xərclədiyi “Böyük Orta Şərq” layihəsi iflasa uğrayacaq. İran öz qeyri-leqal işlərini yenə də nəzarətsiz Qarabağın ermənilərin işğal etdiyi sərhəd xəttindən həyata keçirəcək.
Bütün bunların, o cümlədən, Horadizdə sərhədçilərimizə atılan güllənin Tehranın Vaşinqtona mesajı olduğunu istisna etmək olmaz. Yəni, bu, Qarabağda ABŞ-ın təşəbbüsü ilə beynəlxalq sülhməramlılar yerləşdirilməsi planına İranın demarşı ola bilər.

Nəşr olunub CƏMİYYƏT

Reytinq