İlin əsas iqtisadi yekunu: BTQ, yeni neft kontraktı və manat...

27 Dek 2017
230 baxış

Azərbaycanın tanınmış iqtisadçıları yola saldığımız ili dəyərləndirdilər

Daha bir ili arxada qoymaq üzrəyik. Bütün dünyada ağır böhran ilinin ardından gələn 2017-ci il bir çox hadisələrlə yadda qaldı. Azərbaycanın tanınmış iqtisadçıları “Yeni Müsavat”a ilin yekunları ilə bağlı rəylərini açıqlayıblar.  Həmin mövqeləri sizə təqdim edirik.

İqtisadçı ekspert Pərviz Heydərov hesab edir ki, bu il bütövlükdə uğurlu iqtisadi hadisələrlə yadda qaldı: “İl ərzində ticarət və tədiyyə balansında müsbət saldo əldə olunub. Bu, valyuta bazarında sabitlik yaranmasının əsas şərti olub. Qeyri-neft sektorunda 2,5 faiz, qeyri-neft sənaye sahəsində 3 faizdən, aqrar sektorda isə 4 faizdən çox inkişaf əldə olunub. Neftin qiymətinin aşağı düşməsinin ÜDM-in həcminə mənfi təsir etməsinə baxmayaraq, qeyri-neft sektoru onun 70 faizini təşkil edib. Ölkənin ixrac potensialından səmərəli istifadə olunması istiqamətində görülən işlər uğurlu nəticələr verir. Belə ki qeyri-neft məhsulları üzrə ixracın həcmi getdikcə artır. Və bu, artan dinamika üzrə inkişaf göstərir. İlin ən müsbət iqtisadi hadisələrinə gəldikdə isə əsas etibarı ilə aşağıdakılardır. Birincisi, bir sıra beynəlxalq hesabatlarda, o cümlədən ”Doing Business 2018" hesabatında Azərbaycanın ötən illə müqayisədə daha 8 pillə irəliləyərək, 190 ölkə arasında 57-ci yerə yüksəlməsidir. Ölkəmizin mövqeyi 10 indikatordan 6-sı üzrə yaxşılaşıb ki, elektrik enerjisinə əlçatanlığa görə 3 pillə, daşınmaz əmlakın qeydiyyatı üzrə 1 pillə, kiçik sərmayəçilərin hüquqlarının qorunması üzrə 22 pillə, vergilərin ödənməsinə görə 5 pillə, müqavilələrin icrasına görə 6 pillə və müflisləşmənin həllinə görə 39 pillə irəliləmişik. İkincisi, bu il neft-qaz sektorunda “Azəri-Çıraq-Günəşli” yatağının gələcəkdə işlənilməsi ilə bağlı yeni kontrakt imzalandı. Və bu müddət 2050-ci ilə qədər uzadıldı. Bu kontrakt bizim üçün daha da yaxşı şərtlərlə təmin edilmişdir. Düzdür, “Əsrin kontraktı” da Azərbaycana çox böyük faydalar gətirdi. O vaxt üçün mümkün qədər ən gözəl şərtlər təmin edilmişdi. Ancaq indiki şərtlər ölkəmiz üçün daha əlverişlidir, daha da yaxşıdır. Bu şərtlərin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın iştirak payı 11 faizdən 25 faizə qaldırıldı və mənfəət neftinin 75 faizi Azərbaycan tərəfinə veriləcək. Dövlət Neft Şirkəti yeni kontraktın podratçısı kimi iştirak edəcək və ölkəmizə xarici neft şirkətləri tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək.

Image result for Pərviz Heydərov

Üçüncü mühüm iqtisadi hadisə isə Bakı-Tiflis-Qars (BTQ) dəmiryolu layihəsinin başa çatması oldu. BTQ dəmir yolu tarixi İpək Yolunun, yəni onun bərpasının tərkib hissəsidir. Və bundan Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələri birgə istifadə edəcəklər... BTQ-nın reallaşdırılması mümkün sayılmırdı, texniki imkanlar və maliyyə vəsaiti mənbələri yox dərəcəsində görünürdü. Əlbəttə, layihəyə kənar dövlətlər də maraq göstərsə idi və onu ciddiyə alsaydılar, reallaşdırma işləri 10 il uzanmazdı. Və sözügedən layihə bir neçə il idi ki, istifadədə idi. BTQ layihəsinə 10 ildə 650 milyon ABŞ dollarına yaxın vəsait xərclənib. Sözügedən yol vasitəsilə ilkin mərhələdə 5 milyon ton, sonrakı mərhələdə isə 17 milyon ton, daha sonra isə bir az da böyük həcmdə yüklərin daşınacağı nəzərdə tutulur. Bu gün uzaq Çindən Avropaya və onun ən ucqar nöqtəsi olan Londona dəmir yolu vardır və tam gücüylə fəaliyyət göstərməkdədir. Ancaq Azərbaycanın tranzit imkanları böyük rəqabət qabiliyyətlilik vəd edir. Həm qısa məsafə baxımdan, həm də mümkün aşağı tariflərin tətbiq olunacağı baxımından"...

Image result for Əli Məsimli

Milli Məclisin üzvü,  İqtisadi və Sosial innovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli: “İqtisadi islahatların əhatə dairəsi, templəri və ardıcıllığı Azərbaycan iqtisadiyyatının üzləşdiyi yeni çağırışlara, hazırkı postneft dövrünün tələb və məntiqinə tam uyğun gəlməsə də, hər halda, 2017-ci ildə islahatlar istiqamətində özündən əvvəlki illərdən daha çox iş görülüb. Xüsusən də dövlət idarəetmə strukturunun təkmilləşdirilməsi, struktur islahatları və yeni istehsal sahələrinin yaradılması istiqamətində zəruri addımların atılması, qeyri-neft sənayesinin stimullaşdırılmasında sənaye və texnologiyalar parkları və sənaye məhəllələrinin xüsusi rol oynamağa başlaması, iqtisadiyyata hər halda müsbət təsir göstərdi. Neft hasilatındakı geriləmələrin təsirindən, ÜDM üzrə proqnozlaşdırılan 1 faizlik artıma nail olunmasa da, iqtisadiyyatın qeyri-neft sektorunda 3 faizə yaxın artım müşahidə olundu.

2017-ci ildə manat özünün real bazar məzənnəsini tapa bilməsə də,  onun dollara və digər dönərli valyutalara nisbətdə tarazlaşdırılmış məzənnəsi tam formalaşmasa da, hər halda, 2017-ci il ərzində neftin qiymətinin orta hesabla 25 faiz artması, dövlət satınalmalarında idxalın məhdudlaşdırılması, habelə ixracın stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində qeyri-neft ixracının artması, xarici ticarət balansının yaxşılaşması, son iki ildə ilk dəfə olaraq tədiyə balansının cari əməliyyatlar hesabında 1milyard dollardan artıq profisitin yaranması və sair bu ilin fevralından sonra manatın məzənnəsinin nisbi sabit qalmasında mühüm rol oynadı. Bütün bunlar iqtisadiyyatdakı müsbət yüklü meyllərin ilin sonunadək qorunub saxlanılmasına yaxşı təsir etdi.

Azərbaycan Bakı-Tiflis-Qars yeni dəmir yolu bağlantısı layihəsinin reallaşmasında önəmli rol oynamaqla gələcəyə hesablanmış daha bir mühüm addım atdı. Çindən İngiltərəyədək olan məkanda Asiya ilə Avropanın birləşməsində özünəməxsus rol oynayacaq Bakı-Tiflis-Qars dəmir yolu bağlantısı iqtisadi fayda gətirməklə yanaşı, həm də Azərbaycanı tranzit daşımaların mərkəzinə çevirməklə ölkəmizin önəmini artıracaq".

Image result for Qubad İbadoğlu

İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu: “Bu ilin müsbət hadisələri sırasında manatın məzənnəsinin sabitləşməsini qeyd etmək olar. Bu istiqamətdə baş verən dəyişikliklər, manata olan etimadın artırılmasına yönəlmiş səylər müsbət qiymətləndirilə bilər. Düzdür, nəticələri hələ tam qənaətbəxş adlandırmaq olmaz. Amma istənilən halda nəzərə almaq lazımdır ki, əvvəlki illərdə yaşanmış ajiotajın əvəzinə bu ili sabit məzənnə ilə başa vura bildik.

İkinci müsbət hadisə Bakı-Tiflis-Qars dəmiryol xəttinin işə salınmasıdır. Uzun illərdən sonra layihə başa çatdı. Bu, həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan müsbət hadisə kimi dəyərləndirilə bilər.

Üçüncü müsbət hadisə kimi kiçik və orta sahibkarlıq üçün yoxlamaların daha 4 illiyə dayandırılmasını qeyd etmək olar. Hesab edirəm ki, sahibkarlığın inkişafı üçün bütün səylər müsbət dəyərləndirilməlidir".

Image result for Samir Əliyev

İqtisadçı-ekspert Samir Əliyev ilin iqtisadi hadisələri kimi bunları qeyd etdi: “Sərnişin və yük daşınmalarının alternativ yolunun yaradılması baxımından,  qeyri-neft sektorunun inkişafına töhfə verəcək Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsini ilin əsas müsbət iqtisadi hadisəsi kimi qiymətləndirirəm.

Bundan başqa, valyuta bazarında ajiotajın götürülməsi, milli valyutanın məzənnəsinin sabitliyini (müvəqqəti də olsa) müsbətyönlü iqtisadi hadisə kimi dəyərləndiriəm.

Dünya bazarlarında neftin bahalaşması və kapital axını məhdudlaşdıran bəzi tədbirlər fonunda ölkədə maliyyə sabitliyinin qarantı olan tədiyyə balansında 2 illik fasilədən sonra müsbət saldonun yaranmasını müsbət qiymətləndirirəm".

İqtisadçı-alim, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyev hesab edir ki, ilin müsbət hadisəsi kimi neftin dünya bazar qiymətinin sabitləşməsini göstərmək olar. Bu sabitləşmə nəticəsində hökumət tədiyə balansını sabitləşdirə bildi. Manatın məzənnəsində sabitliyin əldə olunması, yaxın dövr üçün iqtisadi artıma zəmin yaranması müşahidə olundu.

Image result for Azər Mehtiyev

Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsi ilin müsbət hadisələrindən biri hesab oluna bilər. Layihə illərdir Azərbaycandan böyük həcmdə vəsaitlərin xərclənməsi ilə nəticələnirdi. Bu xərclənmələr başa çatdı. Yolun Azərbaycan üçün nə qədər faydalı olacağı bundan sonra aparılacaq logistika siyasətindən asılı olacaq.

İlin daha bir hadisəsi “Azəri-Çıraq-Günəşli” yatağı üzrə yeni hasilatın pay bölgüsü sazişinin imzalanmasıdır. Əslində bunu tam müsbət bir hadisə kimi qiymətləndirmək çətindir. Birinci layihənin başa çatmasına 7 il qalmış onun yenilənməsindən Azərbaycan dövlətinin nələr əldə edəcəyi hələ də cəmiyyət üçün qaranlıq qalır. Eyni zamanda bunun yalnız bir layihə üçün olduğu, yaxud digər sazişlər üzrə də analoji addımların atılacağı bəlli deyil. Bütün bu prosedurların tənzimləyən bir hüquqi bazanın olmaması qeyri-müəyyənliyi artırır.

İl ərzində hökumət biznes mühitinin yaxşılaşdırılması istiqamətində müəyyən addımlar atdı. Söhbət biznes mühitinin yaxşılaşdırılması məqsədilə tədbirlər planının qəbul edilməsindən, Kredit Zəmanət Fondunun yaradılmasından, kənd təsərrüfatı istehsalı sahəsində subsidiyalaşmanın artırılmasından, texnoloji, sənaye və aqroparkların yaradılmasından gedir. Bunlar qeyri-neft sektorunun inkişafı baxımından doğru seçilmiş alətlər olsalar da, onların hansı nəticələr verəcəyini söyləmək çətindir. Ona görə ki, adətən qəbul edilən qərarlarla real həyatda bizneslə bağlı gedən proseslər ziddiyyət təşkil edir. Hər bir halda, 2016-cı ildəki qeyri-müəyyənlik bir qədər aradan qalxdı". 

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq