Burda göstərilən tarixə olan xəbərlər: Çərşənbə Axşamı, 02 Oktyabr 2018

“Azərpoçt” MMC-nin “Poçtap” sisitemində 1000 itirilmiş sənəd qeydiyyatdan keçib.

Bu barədə Trend-ə “Azərpoçt”dan bildirilib. Həmin sənədlərdən 329-u sahibinə təhvil verilib.

Tapılan sənədlərin 671-i müvafiq strukturlara verilib, 5-i isə hələki "Azərpoçt"un şöbə və filiallarındadır.

"Poçtap" xidməti Naxçıvan Muxtar Respublikası da daxil olmaqla bütün ölkə ərazisində "Azerexpresspost" poçt-ekspres xidməti vasitəsi ilə itirilmiş sənədlərin vaxtında çatdırılmasını təmin edir.

Tapılan sənədlər barədə məlumatları xidmətin 169 nömrəli telefonuna zəng etməklə və ya “pochtap.az” saytı vasitəsilə əldə etmək olar.

İtirilmiş sənədlər "Poçtap" sistemində 30 gün müddətində qala bilər. Daha sonra onlar müvafiq strukturlara təhvil verilməlidir.

Məlumat üçün bildirək ki, "Poçtap" xidməti çərçivəsində sənədi tapılan şəxslər 1.80 AZN xidmət haqqı ödəyərək, sənədi poçt şöbələrindən və "Şəbəkə" xidmət mərkəzlərindən təhvil ala bilərlər. Sənədin hər hansı ünvana çatdırılması lazım gəldikdə isə, çatdırılma rüsumu "Azərekspresspoçt"un xidmət tariflərinə uyğun hesablanır.

(Trend.az)

Nəşr olunub CƏMİYYƏT

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Düşənbədə baş tutmuş söhbət Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək.

Bu barədə Trend-ə Rusiya Federasiyası Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər.

Qeyd olunub ki, Rusiya Dağlıq Qarabağ məsələsinin həllinə yönəlmiş bütün razılaşmaları alqışlayır: “Ümid edirik ki, Düşənbədə baş tutmuş söhbət bu məqsədə çatmağa kömək edəcək”.

RF XİN-dən bildiriblər ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Rusiya öz növbəsində Azərbaycan və Ermənistana zəruri vasitəçilik yardımı göstərməyə hazırdır.

Xatırladaq ki, sentyabrın 28-də Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət olub.

Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər.

Həmçinin tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.

(Trend.az)

Nəşr olunub SİYASƏT

Azərbaycanın bugünkü yüksək inkişaf səviyyəsinin təməlində Heydər Əliyev siyasəti dayanır.

Boyukmillet.com-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov Bakı Dövlət Universitetində tanınmış ictimai-siyasi xadim Murtuz Ələsgərovun anadan olmasının 90 illiyinə həsr olunmuş elmi konfransda çıxışı zamanı deyib.

Ə.Həsənov qeyd edib ki, Azərbaycan xalqının qarşısında misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyev XXl əsrin ən görkəmli siyasi liderlərindən biridir: "Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir. 1990-cı ilin əvvəllərində ulu öndərin ətrafında birləşmiş şəxslər müstəqil Azərbaycan Respublikasının formalaşması və inkişafına böyük töhfələr veriblər və onların adı Heydər Əliyevin adının yanında yazılıb".

Bu insanlardan birinin M.Ələsgərov olduğunu deyən Prezident köməkçisi bildirib ki, Heydər Əliyev Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə Yeni Azərbaycan Partiyası Siyasi Şurasında təmsil olunan 51 nəfərlə, Azərbaycan xalqı, ziyalılarla başlayıb:

"Mən Murtuz Ələsgərovu tanıyanda o, artıq Azərbaycan tarixinə öz adını yazdırmışdı. Ancaq Murtuz müəllim bununla kifayətlənmədi. Onun Azərbaycanın müstəqillik yolunun başlanğıcında göstərdiyi xidmətlər, xüsusilə Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı fəaliyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışları hər kəsə məlumdur".

(Trend.az)

Nəşr olunub SİYASƏT
Çərşənbə Axşamı, 02 Oktyabr 2018 21:13

Azərbaycanda qədim qala aşkarlandı

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İmişli arxeoloji ekspedisiyasının rəhbəri, t.ü.f.d Mikayil Mustafayevin rəhbərliyi ilə İmişli rayonu Qızılkənd inzibati ərazi vahidində yerləşən Qızıltəpə ərazisində ilkin arxeoloji qazıntılar aparılıb. İnstitutdan Trend-ə verilən məlumata görə, tədqiqatlar zamanı qala tipli istehkam tikilisinin qalıqları və orta əsrlərə aid bir çox maddi-mədəniyyət nümunələri aşkar edilib.

Bundan əlavə, qazıntılar nəticəsində Qızıltəpənin müdafiə xarakterli və ciddi qorunan bir qala olduğu aydınlaşıb. İki hissədən ibarət olan Qızıltəpə 5 hektardan çox ərazini əhatə edir. 25 metrə yaxın hündürlüyü olan tarixi abidədən ətrafı çox yaxşı müşahidə etmək olur. Müşahidələr zamanı perpendikulyar yerləşmiş qalanın təqribi konturları müəyyənləşib, hündürlüyün ətrafında qala divarlarının qalıqlarına rast gəlinib.

Qalanın üst qatında aparılan tədqiqatlar zamanı orta əsrlərə aid tarixi əşyalar üzə çıxıb. Burada arxeoloqlar tərəfindən ilk dəfə rast gəlinən yaşı min ildən çox təndir, həmçinin digər maddi mədəniyyət nümunələri aşkar edilib. Üzərində rəngli naxışlar olan, əl ilə döymələr vurulan bir çox məişət əşyası da üzə çıxıb.

Qazıntının ilk mərhələsi Qızıltəpənin orta əsrlərə aid olduğunu göstərsə də, mütəxəssislər hesab edirlər ki, qazıntıların sistematik davam etdirilməsi daha qədim tarixə malik mədəni qatları aşkar edə bilər.

Hazırda abidənin ilkin kartoqrafik qeydi və kvadrokopter çəkilişi aparılmaqdadır.

(Trend.az)

Nəşr olunub MƏDƏNİYYƏT

Azərbaycanda ən çox saxtalaşdırılan pul nişanları açıqlanıb.

Boyukmillet.com xəbər verir ki, ölkədə daha çox 5 manatlıq əskinaslar saxtalaşdırılır - 32 faiz.

Sonrakı yerləri 1 (29 faiz) və 20 manatlıq (15 faiz) əskinaslar tutur.

100 manatlıq kağız pulların payına saxtalaşdırılan pul nişanlarının 10 faizi, 10 manatlıq - 7 faiz, 50 manatlıq əskinasların payına isə 6 faizi düşür.

Bu yaxınlarda buraxılmış 200 manatlıq əskinasların saxtalaşdırılması hallarına rast gəlinməyib.

(Milli.Az)

Nəşr olunub CƏMİYYƏT

Reytinq