Burda göstərilən tarixə olan xəbərlər: Çərşənbə Axşamı, 06 Fevral 2018

Payız və qış aylarında əhali arasında yayılan və yanlış olaraq “qrip” adlandırılan infeksiya əslində paraqripdir və qripdən intoksikasiya simptomlarının yüngüllüyü və ölüm faizinin aşağı olması ilə fərqlənir. Paraqrip yuxarı tənəffüs yollarının, xüsusən burun, udlaq və qırtlağın selikli qişasını zədələyən və zəif intoksikasiya əlamətləri ilə müşayiət olunan kəskin virus infeksiyasıdır.

Boyukmillet.com bildirir ki, Kliniki Tibbi Mərkəzin həkim-infeksionisti Aynur Məmmədova bu barədə AZƏRTAC-a deyib: “İnkubasiya, yəni xəstəliyin gizli dövrü virusun tipindən asılı olaraq 2-7 gün davam edir. Xəstənin baş ağrısı, halsızlıq, yüngül titrətmə və əzələ aĝrısından şikayət etməsi xəstəliyin başlandığını göstərir. Hərarət adətən subfebril olur, nadir hallarda çox qalxır, 2-3-cü sutkada ən yüksək şkalaya çatır. Xəstəliyin lap əvvəlindən burunda tutqunluq, boğaz ağrısı, səsin xırıltılı olması və quru öskürək müşahidə olunur. Zökəm və burundan çoxlu seroz möhtəviyyatın ayrılması xəstəni narahat edir.

Böyüklər infeksiyanı uşaqlara nisbətən yüngül keçirir. Paraqripə yoluxan uşaqlarda badamcıqlar böyüyür, boğazda qızartı, az hallarda hallüsinasiya və meningeal sindrom müşahidə olunur”.

Onun verdiyi məlumata görə, xəstəliyə daha çox məktəbəqədər yaşda olan və ibtidai siniflərdə oxuyan uşaqlar yoluxur, onlara əksər hallarda kəskin respirator xəstəlik diaqnozu qoyulur. Hava-damcı yolu ilə yayılan viruslar burun, boğaz və qırtlağın selikli qişasına düşür, epitel hüceyrələrinə daxil olaraq çoxalmağa başlayır. Nəticədə selikli qişa zədələnir, hiperemiya və ödem inkişaf edir. Törədici qana keçsə də, virusemiya qısa müddətdə davam edir.

Kiçik yaşlı uşaqlarda qırtlaq sürətlə ödemləşir və onun mənfəzində selik toplanır, nəticədə paraqrip yalançı inaqla ağırlaşır. İnaq adətən gecə saatlarında başlayır, uşağın narahatlığı artır, tənəffüsü çətinləşir və səsi batır. Yetkin yaşlarda isə paraqrip pnevmoniya, angina, otit və ya sinusitlə ağırlaşa bitir, infeksiya fonunda xroniki xəstəliklər də kəskinləşir.

Xəstəliyin müalicəsi haqqında danışan həkim-infeksionist daha sonra deyib: “Paraqripin spesifik müalicəsi yoxdur, xəstələrə virus əleyhinə və immunomodulyator təyin olunur. Hərarətin 38,5 dərəcədən yüksəyə qalxdığı hallarda qızdırmasalıcılardan, öskürəklə ağırlaşma hallarında bəlğəmgətiricilərdən istifadə edilir. Zökəm əlamətlərini aradan qaldırmaq üçün buruna dəniz duzu məhlulu tökülür.

Tərlədici vasitələrdən ən çox moruq, ondan hazırlanan mürəbbə, cökə çiçəkləri, bəlğəmgətiricilərdən biyan və gülxətmi kökləri, dəvədabanı, bağayarpağı, iltihab əleyhinə təsirli bitkilərdən isə adaçayı, çobanyastığı çiçəkləri, gülümbahar çiçəklərinin dəmləmələrindən istifadə edilməsi məsləhətdir. Orqanizmin müqavimətini artırmaq, vitaminə olan tələbatı ödəmək üçün ən yaxşı vasitələrdən itburnu meyvələrinin dəmləməsi və qara qarağat şirəsini qəbul etmək olar.

Ətrafdakıların yoluxmaması üçün ilk növbədə xəstəni təcrid etmək, istifadə etdiyi dəsmal, boşqab və stəkanı ayırmaq lazımdır.

Paraqripə tutulan xəstənin otağı hər gün nəm əski ilə silinməli, gündə bir neçə dəfə havası dəyişdirilməlidir. Paraqrip infeksiyasının alovlandığı vaxtlarda əhalinin çox sıx olduğu yerlərdən uzaq olmaq məsləhətdir”.

Nəşr olunub CƏMİYYƏT

“Hamını yubileyi keçirəcək vahid Təşkilat Komitəsi yaratmağa və onun işində yaxından iştiraka dəvət edirik”

Boyukmillet.com Turkustan.info-ya istinadən xəbər verir ki, Azərbaycanın mərhum prezidenti Elçibəyin 80 illik yubileyi ilə bağlı təşkilat komitəsi yaradılıb. Komitə müraciətlə çıxış edib. 

“Azərbaycanın bütün siyasi partiyalarına, qeyri-hökumət təşkilatlarına, ictimai qurumlarına, kütləvi informasiya vasitələrinə, aydınlarına və ictimai-siyasi fəallarına

MÜRACİƏT

2018-ci il Azərbaycan Respublikasında bır sıra mühüm hadisələrlə zəngin olacaq. Heç şübhəsiz, onlardan ən mühümü Məhəmməd Əmin Rəsulzadə və silahdaşlarının qurduğu ilk müstəqil-milli dövlətimiz olan Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyidir. Müsəlman Şərqində ilk demokratik dövlət quruluşu olan Cümhuriyyətimizin bu şanlı yubileyini hər bir Azərbaycan vətəndaşının ən əziz bayram kimi fərəhlə və qürurla qeyd edəcəyinə ürəkdən inanırıq. Dövlət başçısının bütövlükdə 2018-ci ili “Cümhuriyyət ili” elan etməsini alqışlayır və bu əlamətdar hadisəyə dövlət səviyyəsində ciddi diqqət yetirilməsindən məmnunluğumuzu ifadə edirik. 
2018-ci ildə xalqımız həm də Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının memarı, 1988-ci ildən başlamış Xalq Hərəkatının lideri, Azərbaycan Xalq Cəbhəsinin sədri, dövlətimizin ikinci prezidenti Əbülfəz Elçibəyin (1938-2000) anadan olmasının 80 illiyini qeyd edəcək. 24 iyun 1938-ci ildə Ordubad rayonunun Kələki kəndində dünyaya göz açmış görkəmli dövlət adamı Əbülfəz Elçibəyin xatirəsini soydaşlarımız daim əziz tutublar və onun 80 illik yubileyinin də layiqincə qeyd olunacağına ürəkdən inanırıq.
Təəssüflə bildirməliyik ki, son onilliklərdə siyasi baxımdan qütbləşmiş cəmiyyətimizdə bütün toplumun eyni tədbiri iqtidarlı-müxalifətli birgə gerçəkləşdirməsi milli arzularımızdan biri olaraq qalır. Əbülfəz bəy siyasi baxımdan ayrı-seçkilik etmədən bütün yurddaşların millətin bir zərrəsi kimi dəyərləndirərək məhəbbətlə yanaşır, bəzən hətta şəxsi nüfuzunun zədələnəcəyini göz önünə alaraq ən barışmaz tərəfləri bir araya gətirməyə çalışır və çox vaxt buna nail olurdu.
Əminik ki, Əbülfəz Elçibəyin yubileyini də bir çox qüvvələr qeyd etməyə çalışacaq. Biz , Təşəbbüs Qrupu olaraq iqtidar, ya da müxalifət düşərgələrinə məsub olmasına baxmadan Vətənimizin bütün siyasi-ictimai qurumlarına, ziyalılara, KİV-lərə və başqa Elçibəysevər qüvvələrə üz tutaraq, hamını yubileyi keçirəcək vahid Təşkilat Komitəsi yaratmağa və onun işində yaxından iştiraka dəvət edirik.
Təşkilat Komitəsi ilə bağlı fikir və təkliflərinizi +99470-355-08-07 nömrəli telefonla Təşəbbüs Qrupuna bildirməyinizi xahiş edirik.

Ədalət Tahirzadə – Professor, Əbülfəz Elçibəyin mətbuat katibi

Mircəlal Yüsifli – Elçibəy İrsini Araşdırma Fondunun Sədri

Abbas Musayev – Əbülfəz bəyin dostu, Fizika-Riyaziyyat Elmləri 
Namizədi

Novella Cəfəroğlu– Dilarə Əliyeva adına QHMC-nin sədri

Mehriban Vəzir – Yazıçı

Almaz Əliqızı – Professor

Oqtay Məmmədov – Prezidentin mühafizə xidməti rəisinin sabiq 1-ci müavini

İsfəndiyar İsgəndərov – Sabiq Milli Ləl-Cəvahirat fondunun direktoru 04 fevral 2018-ci il. “

Nəşr olunub CƏMİYYƏT

Boyukmillet.com Virtualaz.org-a istinadən bildirir ki, belə bir bəyanatla Azərbaycanda növbədənkənar prezident seçkilərini şərh edən Milli Məclisin deputatı Rasim Musabəyov çıxış edib.

“Səbəb həm də Ermənistanda 2018-ci il aprelin sonunda dövlət başçısının artıq prezident deyil, parlament çoxluğunun təyin etdiyi baş nazirin olması nəticəsində ali hakimiyyətin formatının dəyişməsi də ola bilər.

Yəni Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin Azərbaycanda oktyabrda prezident seçkilərinin gözlənməsi bəhanəsi ilə uzanmaması üçün onların vaxtını da aprelə dəyişmək qərarına gəliblər. Ola bilər ki, çətin, sıçrayış xarakterli güzəştlər gözlənilir və onları prezident seçkilərindən sonra həyata keçirmək daha yaxşıdır.

Əgər Qarabağ probleminin həlli ilə bağlı vacib qərarların qəbul edilməsi ilin sonuna təxirə salınsa, danışıqların tempi aşağı düşə və sülh tənzimlənməsi prosesi yenidən nəticəsiz qala bilər”, – deyə deputatın “Kafkaskiy uzel” saytında dərc edilən bəyanatında vurğulanıb.

Nəşr olunub SİYASƏT

ATƏT Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev növbədənkənar prezident seçikiləri ilə bağlı qərara münasibətini açıqlayıb.

Turkustan.info xəbər verir ki, Azay Quliyev növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Twitter səhifəsində bu sözləri yazıb:

Aprelin 11-ə təyin olunan növbədənkənar prezident seçkiləri hüquqi, beynəlxalq təcrübə və milli maraqların qorunması baxımından tam əsaslıdır. Əminəm ki, seçkilərin qanunvericiliyə, demokratik norma və prinsiplərə uyğun keçirilməsi üçün bütün şərait və imkan yaradılacaqdır.

Nəşr olunub SİYASƏT

“Türkiyə Avropa İttifaqına (Aİ) daxil olmaq naminə öz maraqlarını qurban verməyəcək”.

Boyukmillet.com Türkiyə KİV-nə istinadən xəbər verir ki,  bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Bildirib ki, Aİ Ankara ilə danışıqları guya Türkiyənin onun tələblərini yerinə yetirməməsi bəhanəsi ilə dayandırıb:

“Türkiyə Avropa İttifaqının bütün tələblərini yerinə yetirib və onun tamhüquqlu üzvü olmaq niyyətindədir”.

R.T.Ərdoğan əlavə edib ki, Aİ-nin digər şərtləri Ankaranı maraqlandırmır. (BakuPost)

Nəşr olunub DÜNYA

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ölkədə elan olunan növbədənkənar prezident seçkilərindən danışıb.

Boyukmillet.com-un məlumatına görə, Əli Həsənov bildirib ki, bu ilin martın 31-də azərbaycanlıların soyqırımını 100 illiyi, mayın 10-da ümummilli lider Heydər Əliyevin 95 illiyi, mayın 28-də isə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunacaq. O, bir neçə mühüm tədbirlərin seçkilərin vaxtının önə çəkilməsini zəruri etdiyini vurğulayıb.

“Bununla yanaşı, cənab Prezident növbədənkənar prezident seçkisinin keçirilməsi haqqında sərəncam imzalayıb. Seçiciləri seçkilərdə fəal olmağa çağırırıq”-deyə o bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alıb ki, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin.

Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb. (Modern.az) 

Nəşr olunub SİYASƏT
Çərşənbə Axşamı, 06 Fevral 2018 16:36

MOSSAD Abdullah Öcalanı qaçırtdı – ŞOK DETALLAR

1999-cu ildə Keniyada Yunanıstan səfirliyində gizlənən PKK terror təşkilatının lideri Abdulla Öcalanı Mossad tutub. 

Boyukmillet.com Publika.az-a istinadən xəbər verir ki, illər sonra bununla bağlı faktlar ortaya çıxıb.

Keniya kəşfiyyatının adını açıqlamayan üzvü bildirib ki, Yuanıstan səfirliyinə əməliyyat Mossad tərəfindən həyata keçirilib.

Onun sözlərinə görə, əməliyyatın kod adı “Oyanıq” (Watchful) idi.

Məlumatlara görə, həmin dövrdə Türkiyənin baş naziri olan Bülənt Ecevit İsrailin o dövrdə baş naziri olan Bencamin Netanyahuya zəng edərək, “Mossad bizə Öcalanı izləmək və tutmaq üçün kömək edə bilərmi?” deyə soruşub. Netanyahu müsbət cavab verib. Lakin Ecevitə “bu işin içində Mossad olduğu heç bir vaxt bilinməyəcək. Öcalan həbs olunan vaxt bunun sadəcə türklər tərəfindən keçirilən əməliyyat nəticəsində mümkün olduğunu açıqlayacaqsınız” deyə bildirib.

Hər iki lider razılaşır. Ardınca Netanyahu Mossadın rəhbəri Efraim Halevinə zəng edir və 6 nəfərlik qrup formalaşdırmağı tapşırır.

Mossad şefi əməliyyat qrupuna sadəcə Öcalanı izləmələrini, əmr verilmədiyi təqdirdə heç nə etməməyi tapşırır. İlk təqib Romada başlayır. Casus qrupunda iki texniki işçi və bir qadın da var idi. İlk plana görə, qadın casus Öcalanla yaxınlıq quracaq və beləliklə onu izləmək daha asan olacaqdı. Lakin Öcalanın İtaliyanı tərk etməsi bu planı təxirə salır.

Öcalan İtaliyanı tərk edəndən sonra getdiyi İspaniya, Mərakeş, Tunis, Suriya və Portuqaliyada Mossad casusları tərəfindən izlənilir. Hollandiya kəşfiyyatçısının bir üzvü Amsertdamdakı Mossad agentinə “Öcalan təyyarə ilə Keniyanın paytaxtı Nayrobiyə gedir” məlumatını verir. Mossadın casus qrupu dərhal Keniyaya yola düşür. Fevralın 5-də artıq onlar Keniyada idilər. Mossad və Keniya kəşfiyyatı çox yaxşı münasibətlərə malik idilər.

Mossad CİA-nın köməyi ilə Öcalanın Yunanıstan səfirliyində gizləndiyini aşkarladı. Dərhal səfirlik dinlənilməyə başlandı. Dinləmə səfirliyin qarşısındakı binadan aparılırdı.

Nəhayət, Mossad şefindən əmr gəlir: Öcalanı ilk fürsətdə tutun. Mossad casusları Öcalanın mühafizəsinə sızmağı bacarırlar. Belə ki, mühafizəçilərdən biri “Norfolk” otelində içki içərkən səlis kürd dilində danışan casus ona yaxınlaşır və dostluğunu qazanır. Mühafizəçidən öyrənir ki, Öcalanın sığınacaq almaq istədikləri ölkələr onu rədd edir və buna görə çox hirslidir.

Plan uğurlu alınır və Öcalan 1999-cu ilin 16 fevral tarixində üzərində yunan Kiprinin pasportu ilə həbs olunur. “Bordoberelilər” onu təyyarə ilə Türkiyəyə gətirirlər.

Mossadın həmin dövrdə şefi olan Efraim Halevi də təqaüdə çıxandan sonra yazdığı kitabda Öcalanın tutulması əməliyyatını onların keçirdiyini etiraf edib.

Nəşr olunub DÜNYA

“Xüsusilə də o faktor qabardılır ki, hakimiyyətə İrəvan klanı gəlir”

Samir Adıgözəlli: “Bununla yeni seçiləcək prezident yenidən diaspor ianələrini ölkəsinə cəlb etmək istəyir”

 

Ermənistan Respublikaçılar Partiyasının prezidentliyə namizəd irəli sürdüyü Armen Sarkisyanın xarici səfərləri davam edir. Etdiyi xarici səfərlər zamanı o, siyasi qüvvələr, təşkilatlar və cəmiyyətin müxtəlif təbəqələri ilə görüşlər keçirir. Yeni namizədin keçirdiyi görüşlərdə əsas ağırlıq erməni diaspor nümayəndələri ilə təmaslara verilir.

Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan yanvarın 19-da başçılıq etdiyi partiyanın bu posta namizədinin səfir Armen Sarkisyan olduğunu bildirib.

A.Sarkisyan 1953-cü ildə İrəvanda anadan olub. İrəvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini bitirib. O, 1996-cı ilin dekabrından 1997-ci ilin fevralınadək Ermənistanın baş naziri postunu tutub. Ölkəsinin Belçika, Niderland, Lüksemburq və Vatikanda səfiri, 1995-1996-cı illərdə isə Ermənistanın Avropa İttifaqındakı daimi nümayəndəsi vəzifəsində işləyib. 2013-cü ildən ölkəsinin Böyük Britaniyadakı səfiridir. Avropa, Rusiya, Çin, Monqolustan, Hindistan və Qazaxıstanda energetika sahəsində fəaliyyət göstərən 15 şirkətdən ibarət “Knightsbridge Group” holdinqinin sahibidir. 64 yaşlı Sarkisyanın Türkmənistan və Özbəkistanda da biznesi var. Onun Yaxın Şərqdə və Britaniyada yaxşı çevrəsinin olduğu barədə məlumat yayılıb.

2015-ci il dekabrın 6-da qəbul edilən yeni konstitusiyaya əsasən, Ermənistan 2018-ci ildən parlamentli respublika idarəetmə sisteminə keçəcək. Yeni prezident parlamentdə 7 il müddətinə seçiləcək. Bir şəxs ard-arda iki dəfə dövlət başçısı ola bilməz. Namizədlər parlamentdə fevralın 19-dan irəli sürüləcək. Martın 2-də parlamentdə prezident seçkisi keçiriləcək.

İndiki prezident Serj Sarkisyanın səlahiyyət müddəti aprelin 9-da başa çatır. 

Məlumdur ki, Ermənistanda avtoritar bir idarəetmə mövcuddur. Həmin ölkədə baş tutan seçkilərdə xalqın rəyi əsas sayılmır. Belə olan təqdirdə, yeni namizədin seçki öncəsi dünyadakı erməni diaspor nümayəndələrilə görüşməsi hansı məqsədlər üçün hesablana bilər?

Beynəlxalq Diaspor Mərkəzinin funksioneri Samir Adıgözəlli "Bakı Xəbər" qəzetinə açıqlamasında bildirdi ki, doğrudan da bu məsələdə qəribə paradoks yaranır: “Ermənistandakı seçkilərdə daxili faktor önəmli deyil. Yəni xalqın seçiminə fikir verilmir. Dünyada güclü erməni diasporunun olduğu da bir faktdır. Sarkisyanın prezidentliyə namizədliyi hakim partiya tərəfindən elan olunubsa, onda onun seçiləcəyinə də şübhə ola bilməz. Onun seçki öncəsi erməni diaspor təşkilatlarının liderlərilə görüşməsi çox maraqlıdır. Zənnimcə, burada bəzi məqamlar var. Erməni diasporu çətin vəziyyətə düşmüş rəsmi İrəvandakı hakimiyyətə uzun müddət maliyyə yardımı göstərib. Lakin sonrakı davranışlardan göründü ki, onlar mövcud hakimiyyətdən çox narahatdırlar. Hətta bir neçə nüfuzlu erməni diaspor liderinin müraciəti də oldu ki, nə vaxtadək bu hakimiyyət durur, ora maliyyə yardımı edilməsin və investisiya qoyulmasın. Ermənistanda hakimiyyət dəyişikliyi kosmetik məna daşıyacaq. Bilirlər ki, diasporun münasibəti olduğu kimi qalacaq. Ona görə də indiki namizəd diasporda fərqli bir rəy formalaşdırmağa çalışır. Xüsusilə də o faktor qabardılır ki, hakimiyyətə İrəvan klanı gəlir. Çünki diaspor nümayəndələrini başlıca narahat edən mövzulardan biri də Qarabağ klanının hakimiyyəti əldə saxlaması idi. Bununla yeni seçiləcək prezident yenidən diaspor ianələrini ölkəsinə cəlb etmək istəyir”. ("Bakı Xəbər")

Məhəmmədəli QƏRİBLİ

Nəşr olunub SİYASƏT

Reytinq