Moskva çat verən Birlik məkanında media əməkdaşlığından bəhs etsə də, onun arxasında daha geniş və çoxqatlı siyasi–ideoloji məqsədləri dayanır
MDB-nin Baş katibi Sergey Lebedev təşkilatın İnformasiya Şurasının sədri, TASS-ın baş direktoru Andrey Kondraşovla görüşdə postsovet məkanında aparıcı KİV-lər arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivlərini müzakirə edib. Musavat.com bu barədə təşkilatın rəsmi saytına istinadən xəbər verir.
“MDB İnformasiya Şurası özünü Birlik məkanında əməkdaşlığın ən səmərəli sahəvi orqanlarından biri kimi təsdiqləyib” deyə Kondraşov bildirib. Kondraşov həmçinin qarşıdan gələn İnformasiya Şurası iclasları barədə məlumat verib.

Kondraşov dövlət informasiya agentlikləri və TASS-ın 2025-ci ildə Böyük Vətən müharibəsində (1941–1945) Qələbənin 80 illiyinə həsr olunmuş birgə layihələri barədə məlumat verib, kollektiv Qərb və yaxın xaric ölkələrindən olan bəzi siyasətçilərin tarixi yenidən yazmaq cəhdlərinə qarşı fəal mübarizənin zəruriliyini vurğulayıb. O, “Qərbin və yaxın xaricdəki bəzi ölkələrdə onun tərəfdarlarının” tarixini təhrif etmək cəhdlərindən gileylənib, Almaniya üzərində qələbəni Sovet İttifaqının bütün xalqlarının ümumi qələbəsi”adlandırıb.
Qeyd edək ki, MDB İnformasiya Şurası 1995-ci ilin noyabrında yaradılıb. Onun tərkibinə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya və Tacikistanın dövlət xəbər xidmətlərinin rəhbərləri daxildir.

Aydın görünürb ki, Rusiya MDB məkanında media əməkdaşlığından, jurnalistlərin peşəkarlığının artırılmasından və birgə layihələrdən bəhs etsə də, onun arxasında Moskvanın daha geniş və çoxqatlı siyasi–ideoloji məqsədləri dayanır. Əsas hədəf postsovet məkanında vahid informasiya gündəmini qorumaq və nəzarətdə saxlamaqdır.
İkincisi, “kollektiv Qərbin tarixi təhrif etməsi” tezisi Rusiyanın klassik informasiya strategiyasının tərkib hissəsidir. Bu yanaşma MDB ölkələrində Qərbə qarşı etimadsızlıq fonu yaratmaq, Rusiya ilə eyni mövqedə dayanmağı psixoloji cəhətdən daha məqbul göstərmək məqsədi daşıyır. Media bu baxımdan hərbi və diplomatik alətlərdən az əhəmiyyətli deyil.
Üçüncüsü, İnformasiya Şurasının “ən effektiv sahəvi orqan” kimi təqdim edilməsi Moskvanın MDB-ni hələ də funksional platforma kimi saxlamaq niyyətindən xəbər verir. Halbuki bir çox üzv ölkələr real siyasətdə MDB-dən uzaqlaşır. Media əməkdaşlığı bu boşluğu doldurmaq, siyasi təsirin azaldığı yerdə informasiya və narrativ təsiri gücləndirmək üçün istifadə olunur.
Nəticə etibarilə, Rusiya üçün bu cür görüşlərin və bəyanatların əsas məqsədi təkcə media əməkdaşlığı deyil. Məqsəd postsovet məkanında ideoloji təsir zonasını qorumaq, tarixi yaddaşı mərkəzləşdirmək, Qərbə alternativ informasiya mühiti formalaşdırmaq və MDB-ni ən azı informasiya səviyyəsində dağılmaqdan saxlamaqdır. Bu isə artıq jurnalistikadan daha çox, geosiyasi alət kimi mediadan istifadə deməkdir.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
