İran prezidenti Məsud Pezeşkian Müstəqil Dövlətlər Birliyi (MDB) ilə əməkdaşlığın genişləndirilməsi məqsədilə yeni beynəlxalq formatın yaradılmasını təklif edib.
Boyukmillet.com xəbər verir ki, İran lideri bu təşəbbüslə ilk dəfə iştirak etdiyi MDB dövlət başçılarının sammitində çıxış edib.
Pezeşkian bildirib ki, Tehran özünü regionun qarşılıqlı əlaqəli coğrafiyasının təbii hissəsi hesab edir. Onun sözlərinə görə, İranla MDB məkanı arasındakı münasibətlər yalnız coğrafi yaxınlıqla məhdudlaşmır, həm də ortaq tarixi, mədəni və xalqlararası əlaqələrə əsaslanır.
“İran MDB ölkələri ilə dialoq və əməkdaşlıq üçün çevik və səmərəli mexanizmin – “MDB ölkələri + İran” və ya “MDB+1” formatının yaradılmasını təklif edir”, – deyə İran prezidenti vurğulayıb.
Pezeşkianın sözlərinə görə, yeni format tranzit, energetika, ticarət, faydalı qazıntıların hasilatı, investisiyalar və texnologiyalar sahəsində birgə layihələrin inkişafına imkan verə bilər.
Bundan başqa, təşəbbüs su ehtiyatlarının idarə edilməsi, ətraf mühitin mühafizəsi, turizm, elmi və mədəni əlaqələr üzrə əməkdaşlığın genişləndirilməsini də nəzərdə tutur.
İran prezidentinin təklifi MDB ilə Tehran arasında ayrıca əməkdaşlıq mexanizminin formalaşdırılmasına yönəlib. Təşəbbüsün həyata keçirilməsi və mümkün institusional mexanizmləri barədə isə hələlik ətraflı məlumat açıqlanmayıb.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
