Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) körpüsünün yenidən inşası üçün tender prosesi başa çatıb.

Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu körpünün bərpa işləri ilə bağlı açıqlamasında bildirib.

Körpünün orta əsrlərin mühüm ticarət mərkəzlərindən biri olan Anidə yerləşdiyini bildirən Uraloğlu deyib: “X əsrdə İpək Yolu üzərində inşa edilmiş və bu günə yalnız dayaq qalıqları gəlib çatmış körpünü yenidən bərpa edəcəyik”.

Tarixi körpünün İpək Yolu üzərində gömrük-keçid məntəqəsi kimi inşa edildiyini və əsrlər boyu Şərqlə Qərb arasında ticarətin mühüm keçid nöqtələrindən biri olduğunu bildirən Uraloğlu tikilinin tarixi və mədəni irs baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Uraloğlunun sözlərinə görə, körpünün ilkin quruluşunun uzunluğu 80 metr, eni isə 8 metr olub. O, körpünün Arpaçay çayının məcrasının 36 metrədək daraldığı ən dar hissəsində yerləşdiyini bildirib.

Uraloğlu deyib: “Körpünün 31 metr aşırımlı dairəvi tağı 16 oktyabr 1807-ci ildə dağılıb. Bu günə yalnız dayaq qalıqları gəlib çatan körpümüz fəaliyyətdə olduğu dövrdə İpək Yolu marşrutunun mühüm keçid nöqtələrindən biri olub”.

Tarixi Ani körpüsünün də yerləşdiyi Ani qədim şəhərinin 21 mədəni irs obyekti ilə birlikdə 2016-cı ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edildiyini xatırladan Uraloğlu tarixi tikilinin gələcək nəsillərə ötürülməsinin hədəfləndiyini qeyd edib.

Bərpa işlərinin iki ölkə arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində aparılacağını bildirən Uraloğlu deyib: “Türkiyə və Ermənistan arasında imzalanmış protokol çərçivəsində bərpa işlərini birgə komissiyanın koordinasiyası ilə həyata keçirəcəyik”.

Nazir körpünün yenidən inşası ilə bağlı işlərin əhatə dairəsini və üsullarını müəyyən edən protokolun 4 may 2026-cı ildə İrəvanda imzalandığını bildirib.

Uraloğlu qeyd edib: “Prezidentin müavini Cevdet Yılmazın da iştirak etdiyi görüşdə imzalanan protokola uyğun olaraq, nazirliyimizin və Türkiyə Avtomobil Yolları Baş İdarəsinin də təmsil olunduğu birgə komissiya bərpa prosesini həyata keçirəcək”.

Bərpa prosesi barədə məlumat verən Uraloğlu tarixi körpünün bərpası üzrə layihə tenderinin Türkiyə Avtomobil Yolları Baş İdarəsi tərəfindən 16 sentyabr 2026-cı ildə keçirildiyini bildirib.

Nazir deyib: “Tarixi Ani körpüsünün bərpası üzrə tenderi sentyabrın 16-da keçirdik. Sentyabrın 28-də müqavilə imzalayaraq Türkiyə ilə Ermənistan sərhədində yerləşən tarixi Ani körpüsünün yenidən inşası üçün tender prosesini tamamladıq”.

Uraloğlu tarixi körpünün yenidən inşası ilə İpək Yolunun mühüm mədəni irs nümunələrindən birinin qorunaraq gələcək nəsillərə çatdırılmasının hədəfləndiyini bildirib. (Modern.az)

Check Also

Hörmüz boğazında gəminin raketlə vurulduğu deyilir

Hörmüz boğazından keçən gəmi qanadlı raketlə vurulub.Boyukmillet.com xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat …