Bazar , 19 May 2024
Drone Cameras

Avropa İttifaqının enerji təhlükəsizliyi Azərbaycana həvalə edilir…

Enerji sahəsində Azərbaycanın Avropa üçün mühüm əhəmiyyət kəsb edən ölkə olması bu gün Qərb dünyasında açıq etiraf olunur. Xüsusi olaraq vurğulanır ki, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində bu gün Azərbaycan həlledici bir mövqeyə yüksəlib. Avropa İttifaqının Brüsseldə akkreditə edilmiş Bolqarıstandan olan səfiri Gergana Karadjovanın bu mənada fikirləri çox maraq doğurur.

Onun sözlərinə görə, Azərbaycanın yerləşdiyi region iki məqam baxımından Avropa İttifaqı üçün çox vacibdir: “Birincisi Qara dəniz və Xəzər dənizi bölgəsində sabitlik, təhlükəsizlik və demokratiya məsələləri ilə bağlıdır. İkinci məqam isə enerji və nəqliyyat dəhlizlərini nəzərdə tutur. Həqiqətən, “Cənub Qaz Dəhlizi” çox mühüm marşrutdur. Biz enerji mənbələrinin və təchizat yollarının şaxələndirilməsi üzərində birgə çalışırıq. Bu baxımdan, Azərbaycanın oynadığı aparıcı rolu alqışlayırıq. Həmin layihənin başa çatdırılması mənim ölkəm və Avropa İttifaqının enerji təhlükəsizliyi üçün olduqca əhəmiyyətlidir. 2020-ci ildən başlayaraq bu marşrutla enerji daşıyıcılarının nəqlinin reallaşması vacibdir”.

Burada bir məqamı da xüsusi olaraq vurğulmaq lazım gəlir ki, real vəziyyətdə  Azərbaycan Avropa üçün yeganə yeni enerji mənbəyidir. Bu məqam Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə keçirdiyi görüşdə Prezident İlham Əliyev tərəfindən bir daha xüsusi olaraq vurğulanıb: “Biz müxtəlif istiqamətlərdə neft, qaz və elektrik enerjisi ixrac edirik. Bizim 7 kəmərimiz var. Onların 3-ü ilə neft nəql olunur – ikisi Qara dənizə, biri isə Aralıq dənizinə çıxır. Qaz kəmərlərinin sayı dördə bərabərdir ki, onlar vasitəsilə biz bütün istiqamətlərə – Gürcüstan, Türkiyə, İran və Rusiyaya qaz nəql edə bilirik. Sonuncu ən böyük qaz kəməri Bakıdan İtaliyaya qədər uzanan kəmərdir ki, onun da tikintisi davam edir. Bizim üçün ən böyük bazar Avropadır və Avropanın daha çox qaza ehtiyacı olacaq. Biz bilirik ki, Avropada təbii qaza tələbat artacaq və Azərbaycan Avropa üçün yeganə yeni enerji mənbəyidir. Avropanı hazırda qazla təmin edən bütün digər mənbələr istifadə olunmaqdadır. Azərbaycan yeni mənbədir, yaxında yerləşir, ehtiyatlar böyükdür və növbəti onilliklərə kifayət edəcək potensiala malikdir. Biz Avropa Komissiyası ilə sıx əməkdaşlıq edirik”. Azərbaycanın Avropa üçün bu gün yeganə yeni enerji mənbəyi olması bu qitədə də etiraf edilir.

Digər tərəfdən Mərkəzi Asiya, İran, Türkmənistan qazı da Azərbaycan üzərindən keçməklə Avropaya çatdırıla bilər. Bu mənada Azərbaycanın tranzit mövqeyi də Avropanı hazırda yaxından maraqlandıran əsas məqamlardandır. Çünki “Cənub Qaz Dəhlizi”  tam istifadəyə verildikdən sonra onun vasitəsilə təkcə Azərbaycanın yox, digər ölkələrin də qazını daşımaq mümkün olacaq. Belə vəziyyət öz növbəsində Avropanın enerji təhlükəsizliyi üçün vacib əhəmiyyətə malikdir. İndilikdə isə Azərbaycandan təbii qazın Avropa bazarlarına nəql edilməsi layihəsi xüsusi diqqət mərkəzində yer alır. Uğurla reallaşdırılmaqda olan “Cənub Qaz Dəhlizi” layihəsində Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya fəal əməkdaşlıq etməkdədir. Amma istifadəyə verildikdən sonra daha çox sayda Avropa ölkəsi təbii qaza olan ehtyiaclarının müəyyən hissəsini Azərbaycanın hesabına təmin edəcək. Bir daha xatırladaq ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi”ndən ilk olaraq Avropa dövlətləri sırasında Yunanıstan və Albaniya mavi yanacaq alacaq. Boru kəməri daha sonra  “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Nəticə etibarilə bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılmasını təmin edəcək. Elə bu da “Cənub Qaz Dəhlizi” layihəsinə Avropada xüsusi marağın olmasını şərtləndirir. Azərbaycanın özü üçün də bu layihə böyük perspektivlər vəd edir. Məsələn, “Cənub Qaz Dəhlizi” layihəsinin icrası müddətində ümumilikdə 30 minədək yeni iş yeri yaradılacaq. Həmin iş yerlərinin 10 mini məhz Azərbaycanda açılacaq. Layihənin icrası Azərbaycanın karbohidrogen satışından və nəqlindən milyardlarla dollar gəlir əldə etməsinə imkan verəcək. Ən əsası isə, bu, Azərbaycanı beynəlxalq səviyyədə böyük qaz ixracatçısına çevirəcək.

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir