Burda göstərilən tarixə olan xəbərlər: Cümə Axşamı, 11 Aprel 2019

ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızı ilə Almaniyada yaşayan həmkarı Çingiz Sultansoy arasında whatsapp danışıqlarının səs yazısı yayılıb. Boyukmillet.com xəbər verir ki, S.Osmanqızı faktı təsdiqləyib və iki jurnalist arasında işgüzar söhbət olduğunu, qeyri-adi nəsə baş vermədiyini açıqlayıb.

Jurnalist onu maraqlandıran vacib məsələnin iki xarici ölkədə yaşayan şəxslərin danışıqlarının necə yayılması olduğunu vurğulayıb.

O, mobil telefonunun necə izləndiyini sual edib. Onun sözlərinə görə, bu məsələdə ABŞ və Almaniyanın mobil operatorlarının iştirakı olub: “Bu söhbət bir ay qabaq olub və həmkarımla verilişi necə yaratmaq, harada yayımlamağı müzakirə eləmişik. Bəs necə olur ki, iki Qərb ölkəsində iki jurnalistin söhbəti Azərbaycan iqtidarının mediasına sızır? Söhbət bizim təhlükəsizliyimizdən gedir”.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Boyukmillet.com-a bildirdi ki, əgər onların danışıqları dinlənilibsə, buna ilk növbədə whatsapp  cavab verməlidir: “Bu proqrama cavabdehlər izahat verməlidirlər ki, səs yazısı necə ötürülüb. Bu, Skripalın Britaniyada zəhərlənməsinə bənzəyir. Söhbət ondan getmir ki, kimsə öldürülməyib, məxfi danışıqlara qulaq asılıb, insanın hüququ pozulub. Bu da whatsapp  öz nüfuzuna xələl gətirir. whatsapp  izah eləməlidir ki, bu, necə Azərbaycana gəlib çıxıb. Ona görə biz səhih söz deyə bilmərik. Bəlkə ikisindən biri ötürüb? Burada söhbət şəxslərin təhlükəsizliyindən çox sistemin təhlükəsizliyindən gedir.

Hər iki ölkənin ərazisində sistem təhlükəsizliyinə cavabdeh olanlar var. Bunu araşdırmaq Azərbaycan tərəfinin yox, Sevinc Osmanqızı ilə Çingiz Sultansoyun işidir. Bunlar terroçu, təhlükəli adamlar deyil. Lap mümkündür ki, whatsappda iqtidar əleyhinə danışıblar. Bu da əsas vermir ki, səsləri ələ keçsin”.

Nəşr olunub CƏMİYYƏT

“Prezident İlham Əliyevin bu ilin əvvəlindən həyata keçirdiyi sosial paket inqilabi bir addım idi”

img

Dövlət başçısı İlham Əliyevin yenidən Azərbaycan Prezidenti seçilməsinin bir ili tamam olur. Ötən bir il görülən işlər, əldə olunan nailiyyətlər ölkə başçısının apardığı uğurlu siyasətdən irəli gəlir. Ölkəmiz ötən illərdə misilsiz inkişaf yolu keçib, tarixi uğurlara imza atıb.

Azərbaycanın hər bir vətəndaşının və dövlətin maraqları son bir ildə də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində olub. Ötən müddət ərzində ölkədə hərtərəfli dinamik inkişaf, sabitlik və əminamanlıq təmin edilib. Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib. Dövlət başçısının seçkilər ərəfəsində yeni iqtisadi modelə keçidlə, iqtisadi və sosial sahədə islahatların aparılacağı ilə bağlı vədləri ardıcıl olaraq yerinə yetirilir. Hər zaman fəaliyyətində xalqın dəstəyinə arxalanan ölkə başçısı daim xalq ilə təmasda olur. Vətəndaşları narahat edən problemləri birbaşa onların dilindən dinləyir və bu məsələlərin həlli ilə bağlı müvafiq göstərişlər verir. Ötən bir il ərzində də Prezidentin hər zaman xalqın yanında olduğunun, onların problemlərinin həllinə xüsusi həssaslıqla yanaşdığının bir daha şahidi olduq. Məlum olduğu kimi, bu il fevralın 5-i və 6-da baş verən zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında bir sıra fərdi evlərə, sosial və infrastruktur obyektlərinə ciddi ziyan dəydi. Hadisədən dərhal sonra dövlət başçısı zəlzələ baş verən ərazidə oldu, vəziyyətlə yerində tanış olaraq vətəndaşlarla görüşdü. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində göstərişlər verdi, müvafiq sərəncam imzalandı və vəsait ayrıldı. Qısa müddət ərzində fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlərə start verildi.

Cari ilin əvvəlindən başlayaraq Prezident İlham Əliyev tərəfindən müxtəlif istiqamətlərdə olduğu kimi, sosial sahədə də ciddi addımlar atıldı. Sosial inqilab xarakterli bu qərarlar, demək olar ki, əhalinin bütün təbəqələrini əhatə etdi. Şəhid ailələrinə, məcburi köçkünlərə, tələbələrə, əlilliyi olan şəxslərə verilən müavinətlər, minimum aylıq əməkhaqqı, pensiyalar artırıldı. Dövlət idarəçiliyində innovativ metodlara daha çox üstünlük verildi. Son illər Azərbaycanın dövlət idarəetmə sistemində modernləşmənin, şəffaflığın təmin edilməsi və idarəetmədə yeni fəaliyyət üslubunun formalaşdırılması istiqamətində böyük işlər görülüb. Son bir ildə bu sahədə davamlı inkişaf üçün mühüm tədbirlər görülüb. Azərbaycanda aparılan islahatlar, həyata keçirilən mühüm tədbirlər ölkə vətəndaşları ilə yanaşı, beynəlxalq ictimaiyyət tərəfindən də böyük maraqla izlənir və müxtəlif beyin mərkəzləri tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub.

Bütün bunların fonunda, son bir ildə Prezident İlham Əliyevin fəaliyyətində əvvəlki illərdən fərqli, hansı yeni fəaliyyət taktikaları və davranışlar özünü göstərir?Aydın Hüseynov: “Problemli kreditlərlə bağlı məlum qərar və idarəçiliyin daha da təkmilləşdirilməsi xüsusi qeyd edilməlidir”

Sözügedən məsələni Boyukmillet.com-a şərh edən millət vəkili Aydın Hüseynov bunu bir neçə aspektdən dəyərləndirdi: “Əvvəla ötən ilin 11 aprelində Azərbaycan xalqı özünün növbəti tarixi səhifəsini yazdı. Bu da cənab İlham Əliyevin yenidən Prezident seçilməsidir. Ötən bir il ərzində Azərbaycan dövləti iqtisadi, sosial, idarəetmə və digər sahələrdə çox böyük nailiyyətlərə imza atdı. Bütün bunların ərsəyə gəlməsində ölkə başçısının müstəsna xidmətləri var. Prezidentin həyata keçirdiyi uğurlu islahatlar nəticəsində iqtisadi, sosial, idarəçilik sahəsində sistemli işlər görülüb. Eyni zamanda, bütün sahələrdə nailiyyətlər əldə olunub. Uğurlu islahatlar nəticəsində ölkə iqtisadiyyatı 1,4 faiz artıb. Bu çox mühüm iqtisadi artımdır. Artıq birinci rübün yekunlarına görə, ölkənin ümumdaxili məhsulu 3 faiz artıb. Xüsusən qeyri-neft sektorunda mühüm nailiyyətlər əldə olunub. Təkcə bu ilin yanvarında qeyri-neft sektorunda qeydə alınan artım 2018-ci ilin yanvarı ilə müqayisədə 12 faiz çoxdur. Qeyri-neft iqtisadiyyatında sənaye sektoru 9,8 faiz artıb. Əhalinin pul gəlirləri yüksəlib. Prezident İlham Əliyevin bu ilin əvvəlindən həyata keçirdiyi sosial paket inqilabi bir addım idi. Minimum əməkhaqqı, pensiya və sosial müavinətlər əhəmiyyətli dərəcədə artırıldı. Bu artımlar böyük sayda ölkə əhalisini əhatə etdi. Prezident İlham Əliyevin siyasətində başlıca məqsəd Azərbaycan vətəndaşıdır. Onun maraqları, sağlamlığı və sosial rifahının yüksəldilməsidir. Ölkə iqtisadiyyatı artdıqca, vətəndaşlara daha çox qayğı göstərilir. Məcburi köçkünlər və şəhid ailələri dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayanır”.

A.Hüseynovun fikrincə, problemli kreditlərlə bağlı məlum qərar və idarəçiliyin daha da təkmilləşdirilməsi, ortaya çıxan sosial problemlərin daha çevik həlli ilə bağlı fəaliyyət xüsusi qeyd edilməlidir: “Məlum olduğu kimi, dövlət başçısının qərarı ilə vətəndaşların problemli kredit məsələsi həll edildi. Sosial məsələlərin həlli ilə bağlı çevik idarəçilik metodları tətbiq edilir. İdarəçilikdə inklüziv metodlara keçilir. Ümumilikdə, idarəçilik daha da təkmilləşdirilir. Ölkədə stabillik və təhlükəsizlik daha da güclənib. Azərbaycanda həm iqtisadi, həm də siyasi sabitlik daha da möhkəmlənib. Ümumiyyətlə, ötən bir ildə əldə olunan nailiyyətlər çoxdur və bütün bunlar ölkə başçısının uğurlu siyasəti ilə bağlıdır”.

Nəşr olunub SİYASƏT

“Bu vəsaitin oğurlanması hər bir Azərbaycan vətəndaşının cibinə girmək anlamına gəlir”

img

İlqar Hüseynli: “Talanan vəsaitin yerinə qoyulması yalnız cinayət əməlindəki məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alına bilər”

 

Aprelin 9-da Milli Məclisin növbəti plenar iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qurumun illik hesabatını təqdim edib. Qeyd edək ki, təqdim edilən hesabatla bağlı deputatların sərt çıxışları qeydə alınıb.

Palata sədri hesabatında deyib ki, Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində büdcə qanunvericiliyi, mühasibat uçotu, dövlət satınalmaları üzrə daha çox pozuntuların olduğu müəyyənləşib. V.Gülməmmədov bildirdi ki, nöqsanlara yol vermiş şəxslərə qarşı cəza tədbirləri görülüb. Onun sözlərinə görə, hesabat ilində audit tədbirləri nəticəsində 714 nöqsan qeydə alınıb və dövlətə dəyən ziyan büdcəyə qaytarılıb: “Son 5 ildə 69,5 milyon manat büdcəyə, 2.2 milyon manat təşkilatlara, 2,6 milyon manat isə Sosial Müdafiə Fonduna qaytarılıb. Ümumilikdə isə 72,1 milyon manat ziyan bərpa edilib”.

Hesablama Palatası 9 iş üzrə hüquq-mühafizə orqanlarına müraciət edib. V.Gülməmmədov bildirdi ki, 2018-ci ildə Hesablama Palatasının nəzarət fəaliyyətini illər üzrə qruplaşdırsaq, auditlə əhatə olunmuş vəsaitin 21,1 faizi hesabat ilini, 50,7 faizi 2017-ci ili, qalan 28,2 faizi isə əvvəlki illəri əhatə edir: “Keçən ilin nəticələri də göstərdi ki, nöqsanlar əvvəlki illərdəki kimi xarakterikdir. Ən çox yol verilən nöqsanlar əsasən büdcə qanunvericiliyinin pozulması, eləcə də mühasibat uçotunun aparılması, büdcə vəsaitlərinin istifadəsi zamanı satınalmalara cəlb edilməsi və dövlət büdcəsinin investisiya xarakterli vəsaitlərinin xərclənməsində olub.

Nöqsanların baş verməsi, əsasən vəsaitlərin icrası üzrə məsul şəxslərin normativ-hüquqi aktların tələbləri ilə tam tanış olmaması və ya düzgün tətbiq edilməməsi ilə bağlıdır. İkinci bir tərəfdən, təcrübəyə əsaslanıb qeyd edim ki, daxili, həmçinin, maliyyə nəzarətlərinin bütün mərhələlərinin güclü olması nöqsan və pozuntuların sayını minimuma endirir”.

Qeyd etdiyimiz kimi, hesabatın müzakirəsi çox sərt tonda davam etdirilib. Bir çox millət vəkili büdcə vəsaitlərinin israf edilməsi ilə bağlı daha sərt tədbirlərin görülməsinə çağırış edib.

Deputat Fəzail Ağamalı talanmış büdcə vəsaitlərinə diqqət çəkib: “Necə edək ki, büdcədən maliyyələşən qurumların büdcə vəsaitinin dağıdılmasına imkan verilməsin? Hələ də bu məntiqi başa düşə bilmirəm ki, ayrı-ayrı qurumların mənimsədiyi pullar hər il Palatanın illik hesabatında göstərilir, lakin bu ənənəyə son qoyulmur. Necə etmək lazımdır ki, buna imkan verilməsin? Bunun üçün Palata öz işini daha yüksək səviyyədə qurmaqla bərabər, qurumun müstəqilliyi təmin edilməlidir. Elə etmək lazımdır ki, Hesablama Palatasının işinə müdaxilə sıfra endirilsin”. F.Ağamalı bildirib ki, sənəddə bir sıra qurumların rəhbərliyinin dövlət vəsaitini mənimsədiyi konkret faktlarla əksini tapıb: “Hesabatda qeyd olunur ki, Bakı şəhərində mənzil-istismar sahəsi, eləcə də Bakıda fəaliyyət göstərən yaşıllaşdırma idarələri tərəfindən mənimsənilən vəsait büdcəyə geri qaytarılıb. Lakin bu qurumların heç birinin rəhbərliyinə ”gözün üstə qaşın var" deyən olmayıb". Deputat deyib ki, vəzifədən gedən qurum rəhbərləri barədə vaxtında araşdırma aparılmalıdır: “Niyə bizdə büdcə vəsaitlərini mənimsəyən qurum rəhbərləri vəzifədən çıxarıldıqdan sonra onların biznesləri, var-dövləti haqqında məlumatlara mətbuatda geniş yer ayrılır. Hesab edirəm ki, bütün bunlar zamanında araşdırılmalı, hüquq-mühafizə orqanlarına təqdim olunmalıdır. Büdcəni mənimsəyən, pul oğurlayanlar qanun qarşısında ciddi şəkildə cavab verməlidirlər”.

Digər millət vəkili Fazil Mustafa isə hesabatda mənimsəmə faktlarının “nöqsan” olaraq göstərilməsinə etiraz edib: “Bu ifadələr uşaq bağçasında, orta məktəblərdə işlədilir. Dövlət büdcəsindən vəsait mənimsənilirsə, bu, artıq nöqsan deyil, cinayətdir. Belə yumşaq adlardan imtina etməyi bacarmalıyıq. 76 tender fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmədiyi, ancaq hansı tenderin nəticəsinin ləğv olunması barədə məlumat yoxdur”.

Göründüyü kimi, millət vəkilləri büdcə vəsaitinin israf olunması ilə bağlı məsələlərin üzərindən səthi keçilməsinə etiraz edirlər. Onlar bunu cinayət əməli sayır və müvafiq hüquqi qiymətin verilməsini tələb edirlər. Millət vəkillərinin bu tələbinə ekspertlər necə baxırlar?

Ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, burada əsas söhbət dövlət büdcəsinin talanması və ona səhlənkar yanaşmadan gedir: “Buna bir qədər geniş anlamda yanaşmaq lazımdır. Dövlət büdcəsi bir sıra daxilolmalar hesabına formalaşır. Bunlardan əsas payı vətəndaşlarımız tərəfindən ödənilən müəyyən ödənişlər təşkil edir. Biz Neft Fondunun nizamnaməsinə baxsaq görərik ki, orada da yazılır ki, toplanan vəsait xalqın rifahını yaxşılaşdırmaq üçündür. Yəni dövlət büdcəsinin həm də xalqın malı olduğunu unutmaq lazım deyil. Bu vəsaitin oğurlanması hər bir Azərbaycan vətəndaşının cibinə girmək anlamına gəlir. Buna görə də aşkarlanmış büdcə oğurluğu faktı ilə bağlı sərt tədbirlər görülməlidir. İstər məhkəmə, istərsə də prokurorluq orqanları dərhal cinayət işinin başlanmasına sərəncam verməlidirlər. Müzakirələrin gedişində bəzi deputatların irəli sürdükləri tələbləri çox məqbul sayıram. Çünki biz görürük ki, adi bir banka krediti ödəyə bilməyən vətəndaşı məhkəməyə verirlər, hətta buna görə həbs edilənlər də olub. Onda isə niyə xalqın əmlakına belə laqeyd yanaşma olmalıdır? Cinayət baş verəndə nə edirlər? Törədəni məsuliyyətə cəlb edirlər. Hüququn bu ana xətti bu məsələdə axsamamalıdır. Talanan vəsaitin yerinə qoyulması yalnız cinayət əməlindəki məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alına bilər. Heç bir halda, həmin adamın yenə vəzifəsinə davam etməsinə əsas sayıla bilməz”.

Məhəmmədəli QƏRİBLİ

Nəşr olunub İQTİSADİYYAT

İçtimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (ISBAM) sədri Samir Adıgözəlli Pakistan Islam Respublikasının Azərbaycandakı fövqəlaqdə və səlahiyyətli səfiri Dr. Səid Xan Mohmand ilə görüşüb. Bu barədə məlumatı Azinforum.az-a Samir Adıgözəllinin özü verib. Görüşdə Azərbaycan Pakistan münasibətləri geniş müzakirə edilib, İSBAM-ın fəaliyyəti haqqında Samir Adıgözəlli səfirə məlumat verib. Daha sonra, Pakistan səfiri Azərbaycan Pakistan əlaqələri ilə bağlı: hərbi, iqtisadi, siyasi, turizm və bütün sahələr üzrə strateji əməkdaşlıq ilə bağlı geniş məlumat verib.

 

Nəşr olunub SİYASƏT
Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudova həsr olunan “Qurur dastanı” kitabı Trend İnformasiya Agentliyində təqdim olundu. Azər Hacıbəylinin qələmə aldığı bu kitab şərəfli döyüş yolu keçən Səfiyar Behbudovun qəhrəmanlıq tarixindən bəhs edir.
 
Təqdimat mərasimində Milli Qəhrəmanımızın bacısı, “Qürur” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri Naibə Behbudova, şair, puplisist Mübariz Süleymanlı, jurnalist Akif Cabbarlı, QHT sədrləri Məhluqə Qaramanlı, Şamil Sabiroğlu, Əkrəm Bəydəmirli, Ədalət Məhərrəmov, Mehriban Abdullayeva və digər şəxslər iştirak etdilər. Çıxış edən iştirakçılar kitab haqqında, vətənpərvərliklə bağlı fikirlər səsləndirdilər.
 
Milli Qəhrəmanımızın bacısı Nabibə Behbudova kitabın ərsəyə gəlməsində əməyi olan bütün şəxslərə, həmçinin iştirakçılara təşəkkürünü çatdırdı.
Nəşr olunub CƏMİYYƏT

Reytinq