"Azad olunan yüksəkliklərdən Ermənistana nəzarət etmək olur" — Etibar Məmmədov

11 İyu 2018
116 baxış

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu və ilk sədri Etibar Məmmədov 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndinin 26 ildən sonra Azərbaycan Ordusu tərəfindən azad edilməsinə münasibət bildirib.

E.Məmmədov “Ölkə.Az”a açıqlamasında deyib ki, bu hadisə hər kəs tərəfindən müsbət qarşılanmalıdır:

“Bu gün Azərbaycan Ordusu böyük gücə sahibdir. Biz bu gücdən işğalçı düşmənə qarşı mütəmadi olaraq istifadə etməliyik. Hələlik böyük hərbi əməliyyatlar keçirilməsə də, düşmən tərəfinin mövqelərinə nəzarətin əldə edilməsi olduqca vacibdir. Çox sevinirəm ki, Azərbaycan Milli Ordusu nəhayət ki, Naxçıvanın düşmən işğalında olan ərazilərini azad edib və orada öz nəzarətini bərpa edib. Həmin ərazilərdə yüksəkliklər yerləşir və həmin yüksəkliklərdən Ermənistan ərazilərinə belə nəzarət etmək mümkündür. İndi Azərbaycan ordusu həmin yerləri ələ keçirib. Bu tarixi hadisədir. Hesab edirəm ki, bu cür əməliyyatlar mütəmadi olaraq davam etdirilməlidir”.
Günnüt kəndinin işğaldan azad edilməsinə Milli Şura üzvləri tərəfindən sevindirici qarşılanmaması məsələsinə də toxunan AMİP lideri bu cür yanaşmaların yolverilməz olduğunu söyləyib:

“Bu cür yanaşmalar xoşagəlməz hallardır. Vətənin bir qarışı belə əhəmiyyətlidir. Digər tərəfdən isə hesab edirəm ki, Azərbaycan Müdafiə Nazirliyi də bu hadisə ilə bağlı insanlarımızı vaxtında məlumatlandırmalıdır. Vaxtında düzgün məlumatlandırma olmayanda, bu cür şayələr və fikirlər ortaya atılır”.

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq