Avropadan İrəvana növbəti tərs sillə - düşmənin Bakı əleyhinə planı faş oldu

28 Dek 2017
4803 baxış

İşğalçı ölkənin Dağlıq Qarabağdakı separatçı rejimi dünyaya tanıtmaq yönündə daha bir cəhdi boşa çıxdı; işğal rejimi davam eləsə də, Azərbaycan bu il də savaş haqqını özündə saxladı; bu haqqı Qərb də danmadı...

İrəvanın Dağlıq Qarabağın ilhaqını rəsmiləşdirmək ümidi bu il də puç oldu. Bir neçə ay öncə xarici işlər naziri Edvard Nalbəndyan ad çəkmədən iddia eləmişdi ki, “ilin sonunadək heç olmasa, bir dövlət Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq. Təbii ki, bu da baş vermədi və heç gözlənilmirdi də. Beynəlxalq hüquqa həqarət sayılacaq belə bir addıma özünə hörmət edən heç bir dövlət getməz.

İkinci yandan, əgər işğalçı Ermənistanın özü buna cürət etməyibsə, onun 1 nömrəli havadarı Rusiya belə bir şeyə hazırlaşmırsa, bu mövzunu çox uzatmağa dəymir. Hərçənd hətta Rusiyanın separatçı rejimləri tanıması hələ dünyanın tanıması demək deyil - Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması məsələsində Moskvanın 1-2 cırtdan ölkə ilə tək qalmasını yada salmaq yetər.

*****

Dünya Rusiyadan ibarət deyil. Əsas Qərbin - Avropa Birliyi və ABŞ-ın, həmçinin 57 dövləti özündə birləşdirən İslam Əməkdaşlıq Təşkilatının (İƏT), NATO-nun, lap elə Qərbin tərkib hissəsi kimi İsrailin mövqeyidir. Onların da Qarabağ məsələsində yanaşması bəlli. Öz növbəsində Qərb, o cümlədən Avropa Dağlıq Qarabağın statusu ilə bağlı yekun söz haqqının Bakıya məxsus olduğunu bu il də təsdiq, sərhədlərin zorla, üstəlik, etnik təmizləmə aparılmaqla dəyişdirilməsini isə rədd elədi.

Başqa sözlə, erməni tərəfinin dəridən-qabıqdan çıxmasına, sülh danışıqlarının tormozlanmasına rəğmən, konfliktin yalnız Azərbaycanın razılığı ilə öz yekun həllini tapa biləcəyi yanaşması 2017-ci ildə öz aktuallığını saxladı. Azərbaycanın mövqeyi isə onun prezidentinin dilindən bu il dönə-dönə səsləndi. İlham Əliyev bəyan elədi ki, “torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verilməyəcək, bunu gözləyənlər boşuna gözləyir. Ən böyük güzəşt Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət verilməsi ola bilər”. Nöqtə.

*****

Bu xüsusda İrəvanın, erməni lobbisinin Qərbə, Avropaya bağladığı böyük ümidlər, göstərdiyi çoxbaşlı siyasi-diplomatik səylər və məkrli gedişlər səmərə vermədi, o sırada xristian amilindən belə gen-bol istifadə olunması işə yaramadı. Məsələn, ilin əvvəlində Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Sərsəng su anbarı ilə bağlı qəbul elədiyi qətnamədə bir daha Azərbaycanın ərazi bütövlüyü prinsipinə sadiqliyini və işğal faktını təsdiqlədi.

Image result for 24 noyabr Brüssel sammitində

İlin sonunda isə Avropa Birliyi özünün 24 noyabr Brüssel sammitində qəbul elədiyi yekun bəyannaməsində, az sonra - dekabrın 13-də Avropa Parlamentinin qəbul elədiyi sənəddə Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyü və suverenliyinə hörmət növbəti dəfə əksini tapdı - baxmayaraq ki, İrəvan cidd-cəhdlə bu kimi sənədlərə 3 prinsipdən biri kimi “öz müqəddəratını təyinetmə” haqqını da salmağa çalışırdı.

Bu, elə Qərbin Qarabağ məsələsində mövqeyidir və onu nə işğalçı Ermənistan, nə də əsas müttəfiqi Rusiya görməzlikdən gələ bilməz. Doğrudur, Azərbaycan torpaqlarının işğalı daha bir il uzandı və bu, bizi narahat etməyə bilməz. Bununla belə, savaş haqqını özümüzdə saxlamağımız da, hər halda, az şey deyil. Çünki işğalçı tərəf bu haqqın da əlimizdən getməsi və işğal rejimini davam etdirmək üçün əlindən gələni elədi: təmas xəttində atəşkəsə nəzarət adı ilə yeni mexanizmlərin tətbiqi üçün böyük səylər göstərdi; həmsədrlərin əli ilə faktiki cəbhə xəttini rəsmi cəbhə xəttinə çevirməyə çalışdı. Amma Bakının razılığı olmadığından, yenə istəyinə nail olmadı. Bu da 2017-də düşmənin növbəti siyasi-diplomatik uğursuzluğu sayıla bilər.

*****

İlsonu isə Ermənistanın Qarabağı tanıtmaq yolunda arzuları daha bir zərbə, tərs sillə yedi. Söhbət bu günlərdə İrəvanda keçirilmiş nüfuzlu qurumlardan olan Avropa Mühafizəkarları və Reformistləri Alyansının iki günlük sammitindən gedir. “Yeni Müsavat” xəbər verir ki, Ermənistan hökuməti bu toplantıda da separatçı rejimi tanıtmaq yönündə faydalanmağa səy edib, amma planı boşa çıxıb.

Image result for 24 noyabr Brüssel sammitində

Məlumatlara görə, rəsmi İrəvan sammitdən sonra Avropa mühafizəkarlarının işğal altındakı Dağlıq Qarabağa qanunsuz səfərini təşkil eləməklə həm də Bakı ilə onlarla qarşıdurma yaratmaq istəyib. Hətta belə bir qanunsuz səfər qabaqcadan tədbirin proqramına daxil də edilib. Lakin erməni tərəfinin arzusu ürəyində qalıb: Alyansın icraçı katibi Riçard Milomi tərəfindən yayılan məktubda birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünə sayğı öz əksini tapıb. Bundan sonra Qarabağa qanunsuz səfər proqramdan çıxarılıb.  

Bundan əlavə, Alyansa daxil olan siyasi partiyalarla azərbaycanlı diplomatların apardığı söhbətlərdən sonra onların nümayəndələri qarşısında Dağlıq Qarabağa səfərdən imtina məsələsi qoyulub. İştirakçılar habelə Azərbaycanın işğal altındakı ərazilərinə istənilən qanunsuz səfərin hüquqi nəticələri haqda məlumatlandırılıb. Nəticə etibarilə, erməni mətbuatının yazdığına görə, Dağlıq Qarabağa cəmi bir neçə avropalı siyasətçi gedib. Amma onlar da Azərbaycanın “qara siyahısı”na düşməmək üçün adlarının açıqlanmasını və reklam edilmələrini istəməyiblər. Beləcə, erməni tərəfinin Azərbaycana qarşı növbəti təxribatçı hərəkəti daşa dəyib.

Musavat.com-un vesti.az-a istinadən verdiyi başqa bir məlumata görə, bu xüsusda Avropa Mühafizəkarları və Reformistləri Alyansının baş katibi Daniel Xannanın da mövqeyi ibrətamizdir. Erməni nəşri “Joxovurd”a açıqlamasında o, Avropa Birliyi ilə Ermənistan arasında ötən ay imzalanmış sazişin guya Ermənistanın Avropa ilə Rusiya arasında “körpü” rolu oynamasına yardımçı ola biləcəyi ilə bağlı iddiaya (əslində İrəvanın “iki stulda oturmaq” istəyinə) toxunaraq deyib: “Ermənistanın Gömrük İttifaqında olması bunu istisna edir. AB ilə saziş Ermənistana heç nə verə bilməz - ta ki, öz daxilində dəyişikliklər etməyənədək. Ermənistan öz qərarlarında tam azad ölkə deyil və Rusiyadan asılıdır”.

Bununla da tərkibinə 12 ölkədən 15 siyasi partiyanın və 75 deputatın daxil olduğu (Avropa Parlamentində üçüncü böyük fraksiya) Avropa siyasi təşkilatı guya Moskvadan asılı olmamağa çalışan Ermənistanın xarici siyasətinə də münasibətini ortaya qoyub.

Nəhayət, Qarabağla bağlı erməni təbliğat maşınına növbəti zərbə Avropa Mühafizəkarları və Reformistləri Alyansının prezidenti Yan Zaxradinin 18 dekabr Bakı səfəri ilə vuruldu. Cənab Zaxradi Bakıda bəyan elədi ki, heç kim mühafizəkarlar partiyaları adından Dağlıq Qarabağa getməyib... (musavat.com)

 

Boyukmillet.com

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq